Dastana dönən ömür

post-img

Vətən müharibəsi zamanı düşmənə qan uddurub adını zəfər tariximizə yazan Azərbaycanın igid, mərd övladı Fariz Fərhad oğlu Zülfüqarzadə Lənkəran elində dünyaya göz açmışdı. Qeyrətli Vətən oğlu 30 il düşmən əsarətində olan ulu yurd yerlərinin azadlığı naminə can qoyanda ömrünün 28-ci ilini yaşayırdı. Tankçı kimi növbəti hücum zamanı xain erməni hərbçilərinin belini qırandan sonra şəhidlik zirvəsinə ucaldı. 

Həyat yolu indi Vətən, torpaq sev­gisinə dönərək gənclərə nümunə olan Fariz Zülfüqarov 2012-ci ildə həqiqi hərbi xidmətə gedir. Müqəddəs borcunu şərəflə yerinə yetirir, əsgər dostlarının, zabitlərin sevimlisinə çevrilir. Cəbhə xəttində dəfələrlə erməni dığaları ilə qarşılaşır və hər dəfə də onların cava­bını layiqincə verir.

Fariz əsgəri xidmətini bitirib evə qayıdandan sonra ilyarım Lənkəranda mülki sahədə işləyib və xətir-hörmət qazanıb. Amma onun kimi mərd oğullar Vətənin ağır günlərində dalda-bucaqda gün keçirə bilməzdi. Məhz buna görə Fariz hərbçi olmağa qərar verib. Milli Ordu sıralarında ürəyinin səsinə qulaq asaraq müqavilə əsasında müddətdən artıq xidmət etməyə başlayıb. 

Fariz öz tankı ilə ilk dəfə 2016-cı ilin məlum Aprel döyüşlərində qarı düş­mənlə üz-üzə gəlir. Lələtəpənın, eləcə də digər strateji mövqelərin azad ol­masında böyük rəşadət göstərir. Buna görə Müdafiə Nazirliyinin fəxri fərman­larına layiq görülür.

Vətən müharibəsində də Silahlı Qüvvələrin sərrast tankçısı daim öndə gedərək şiddətli mövqe döyüşlərinin cəngavəri olur. Daim döyüş meydanın­da cəsarətlə cövlan edir, sərrast atəşlər açır, düşmənin çoxlu sayda canlı qüv­vəsini, hərbi texnikasını sıradan çıxarır. 

İgid döyüşçü Qubadlının azad olun­masında erməni dığaların üstünə on­lardan qənimət götürülən tankla gedib, işğalçıları pərən-pərən salıb və onlar öldürülən, eləcə də yaralı yoldaşlarını döyüş meydanında qoyaraq qaçıblar. Beləcə, Fariz hər döyüşdə düşmənə ağır itkilər verib. Özü isə 2 dəfə yaralan­sa da, geri durmayıb. Oktyabrın 19-da yenə də onun tankı qarşı tərəfdən atı­lan top mərmisinə tuş gəlib. Fariz ekipaj üzvlərini xilas etsə də, özü tankın içə­risində qalaraq qan itirmə nəticəsində həlak olub. 

Ölməz qəhrəmanın Vətən naminə xidmətləri dövlətimiz tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, həmçinin Fü­zuli, Zəngilan və Qubadlının azad olun­masına görə medallarına layiq görülüb. 

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sosial həyat