“YAŞAT” Fondu qazinin kredit borclarını ödəyib

post-img

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən qəzetimizə verilən məlumata görə, “YAŞAT” Fondu Azərbaycan Ordusunun ehtiyatda olan zabiti, qazi Mədəd Süleymanovun borc öhdəliklərini qarşılayıb.

M.Süleymanovun Vətən müharibəsində döyüş yolu Fü­zuli rayonundan başlayıb. Həmin rayon uğrunda 25 gün döyüşdükdən sonra yuxarı komandanlığın əmri ilə növbə­ti istiqamət Xocavənd rayonunun Tuğ kəndi olub: “Həmin kənddə üç gün artilleriya divizionu olaraq fəaliyyət göstərdik. Bundan sonra isə arzularımız və xəyallarımızın şəhəri olan Şuşa istiqamətinə yol aldıq. Topxana meşəsində ağır döyüş­lər, amansız mübarizə gedirdi. Xocalı rayonunun Çanaqçı kəndində atəş mövqeyi quraraq döyüşlərə başladıq. Şuşa şəhərinin düşməndən xilas edilməsi uğrunda döyüşlərdə artilleriya divizionu kimi verilən tapşırıqları qüsursuz yerinə yetirməyə çalışdıq. Nəhayət ki, noyabrın 8-də Şuşa işğaldan azad edildi. Döyüşlər başa çatdıqdan sonra Zəfər yolunda qalan sıradan çıxmış texnikaların təmizlənməsi barədə tap­şırıq gəldi. Həmin ərazidə xidməti vəzifəmi yerinə yetirərkən 2021-ci il yanvarın 8-də ağır avtoqəza keçirdim. Zəfər yolu­nun çəkilməsində iştirak edən işçi qrupların köməyi ilə məni Hadrutda yerləşən hospitala təxliyə etdilər. Bir gündən son­ra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirildim. Onur­ğam, fəqərə sümüklərim, biləyim, çiynim qırılmışdı. Onurğam üzərində əməliyyat doqquz saat davam etdi. Müalicələrdən sonra hərbi həkim komissiyasının qərarına əsasən müda­fiə nazirinin müvafiq əmri ilə ordu sıralarından ehtiyata bu­raxıldım. Əlilliyim təyin olunduqdan sonra “YAŞAT” Fonduna kredit borcuma görə müraciət etdim və Fond mənə borcumu bağlamağa kömək etdi”. 

Qeyd edək ki, Fondun hesabatları və xərclənən vəsaitlər­lə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsin­dən əldə etmək olar.

“Xalq qəzeti”

Sosial həyat