Könüllü döyüşçünün hekayəsi…

post-img

Birinci Qarabağ müharibəsi qazisi Balaş kişi şəhid atası Kərim dayı haqqında mənə danışmışdı. Demişdi ki, onun oğlu Həci Hüseynov Vətən müharibəsində qəhrəmancasına həlak olub. Balaş əmi ilə Xocəsənə, şəhid atasına baş çəkməyə gedirik.

Kərim dayı ilə şəhid ailəsi kimi aldıq­ları evin qarşısında dolaşırıq. O, övladı haqqında ürək ağrısı ilə danışır: “Gene­ral-mayor Polad Həşimov şəhid olduq­dan sonra oğlum evdə heç kimə demə­dən hərbi komissarlığa gedib könüllü orduya yazıldı. Polad Həşimovun şəhid olmasını heç cür qəbul edə bilmirdi”.

Polad Həşimov şəhid olduqdan bir ildən sonra II Qarabağ müharibəsi başlanır. Vaxtilə Naxçıvan Muxtar Res­publikasının hərbi hissələrinin birində həqiqi hərbi xidmət keçmiş Həci Hü­seynov kəşfiyyatçı ixtisasının sirlərinə yiyələnir. Sentyabrın 23-də ordu sırala­rına könüllü qatılan Həcinin döyüş yolu kəşfiyyatçı kimi Füzulidən başlayır. Oktyabrın 23-də şəhidlik zirvəsinə uca­lır. Ölümündən sonra Füzuli, Hadrut, Xocavəndin azad edilməsinə görə və “Vətən uğrunda” medalları ilə təltif edi­lir. Komandirləri Həcini cəsur, Vətənini sevən əsgər kimi xarakterizə edirlər. 

Həci 1996-cı il iyunun 12-də Sumqa­yıt şəhərində doğulub. 1-ci sinfi də ora­da oxuyub. Ailə daha sonra Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçüb. 24 yaşında Vətən yolunda canını qur­ban vermiş şəhidimiz hələ evlənməmiş­di. Kərim kişinin sonbeşiyi – ikinci oğlu idi. Atası Həcinin son gedişini belə xatır­layır: “Günlərin birində həyəcanlı halda evə gəlib hərbi biletini axtarmağa baş­ladı. Dedi ki, Vətəni qorumağa gedirəm, nigaran qalmayın. Elə iş paltarındaca çıxıb getdi”.

Kərim dayı Həci ilə müharibə vaxtı telefon danışıqlarından da söz açır: “Hər dəfə bir nömrə ilə zəng edirdi. Axşam saatlarında ara-sıra danışırdıq. Həmişə hər şeyin yaxşı olduğunu deyirdi. So­nuncu dəfə oktyabrın 14-ü danışmışıq. Müharibə bitdikdən sonra öyrənmişəm ki, iki dəfə yaralı olub, hospitalda yatıb”. 

Həcinin silahdaşları ilə söhbət­ləşərkən bildirdilər ki, Qəbələdə, daha sonra isə Bakıda hərbi hospitalda müa­licə alıb. Ona deyiblər ki, vəziyyəti yaxşı deyil, amma müharibə üçün nə qədər çalışsalar da, fikrindən yayındıra bilmə­yiblər, qayıdıb cəbhəyə – Füzuliyə.

Kərim dayı oğlunun şəhid olması xəbərini necə almağından da söz açdı: “Oktyabrın 23-ü gecə saat 1-ə işləmiş rayondan dayım oğlu zəng etdi. Dəstəyi qaldırmamış hiss etdim alacağım xə­bəri. Dayım oğlu dedi ki, Həci yarala­nıb. Tez Füzuliyə getdik. Oğlum şəhid olmuşdu. İcazə verməsələr də, cansız cəsədinə baxdım. Sanki, üzü gülürdü balamın”. 

Şəhid atasının gözləri yol çəkir. Bir qədər susandan sonra deyir: “Mənə bircə təsəlli verən odur ki, nəvəmə Tu­ral adını şəhid balam qoyub. Həcini heç kim əvəz edə bilmir. Bir balaca çətinliyim olan kimi hiss edər, çatışmazlığı aradan qaldırardı. O, şəhid olduqdan sonra neçə adam gəlib deyib ki, mənə xeyli kömək­lik edib. Hələ yaşlı bir qadın deyirdi ki, evimin süpürgəsinə qədər alıb gətirirdi. Yaxşılıq etməkdən zövq alırdı...”

Kərim dayı ilə gəzintidən sonra ev­lərinə qalxırıq. Bizi şəhidimizin anası Rəna Hüseynova qarşılayır. Salamla­şırıq. Evin hər tərəfi Həci Hüseynovun və digər şəhidlərimizin şəkilləri ilə bəzə­dilib. Polad Həşimov hərbi salam verir. Diqqətimi daha çox çəkən isə divardan asılmış saat oldu. Üzərinə belə yazıl­mışdı: “Həcisiz keçən dəqiqələr”.

Rəna ana məyusluq içindədir. Lakin xüsusi bir qürur hiss olunur. Gözləri do­lur, şəhid oğlunun şəklini göstərir: “Bu şəkli əsgərlikdə çəkdirib. Elə gülərüz idi ki. Amma tez solan gül oldu balam... Təki Vətən sağ olsun”. 

Şəhid anası söhbətinə davam edir: “Bir dəfə atasının ayağı ağrıyırdı. De­mişdi ki, ata, mən özüm işə girib səni iş­ləməyə qoymayacağam”. Cəbhə dostla­rına deyib ki, əgər mənə bir şey olarsa, anama çatdırın ki, özünə yaxşı baxsın, anam yaxşı olsa, mən də məzarda rahat ola bilərəm. 

Mənzildən çıxanda şəhid qardaşımı­zın valideynləri ilə qucaqlaşırıq. Rəna ana deyir: “Hiss edirdim, gözlərini saat­dan çəkmirdin. Bil ki, Həcisiz dəqiqələr də keçmir, orada yazılana çox da fikir vermə”.

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Sosial həyat