Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır

post-img

Elm və Təhsil Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti arasında əməkdaşlıq çərçivəsində təhsilalan və təhsilverənlər arasında vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair 2026-cı il üzrə Tədbirlər Planı təsdiqlənib.

Nazirlikdən XQ-yə verilən məlumata görə, Tədbirlər Planına əsasən, ümumi təhsil pilləsində təlim-tədris və idarəetmə prosesinə vergi mədəniyyəti və maliyyə savadlılığının sistemli inteqrasiyası, təhsilalanlar arasında müsabiqələrin və maarifləndirici ekskursiyaların təşkili, peşə və ali təhsil müəssisələrində tələbələrin vergi savadlılığının və işə qəbul imkanlarının artırılması, həmçinin elektron maarifləndirici resursların hazırlanması və paylaşılması nəzərdə tutulur. Bu çərçivədə orta və ali təhsil müəssisələrində vergi ilə bağlı biliklərin daha interaktiv və müasir tədris metodları ilə təqdim edilməsi gözlənilir.

Eyni zamanda, maliyyə və vergi sahələri üzrə elmi araşdırmalar üçün məlumat mübadiləsinin təşkili, gənc tədqiqatçıların dəstəklənməsi, ali təhsil müəssisələrində bu sahəni tədris edən müəllimlərin peşəkar inkişafına yönəlmiş təlimlərin keçirilməsi istiqamətində işlər aparılacaq. Bununla yanaşı, gender bərabərliyi və inklüzivliyin təşviqi məqsədilə müvafiq tədbirlərdə tələbə xanımların təmsilçiliyinin artırılması, eləcə də vergilərin ödənilməsinin vacibliyini və düzgün vergi davranışını təşviq edən materialların hazırlanaraq ictimailəşdirilməsi planlaşdırılır.

Qeyd olunan tədbirlər gənc nəslin erkən yaşlardan vergi mədəniyyətinə yiyələnməsi, vətəndaş məsuliyyəti və maliyyə intizamı prinsiplərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Təhsil