Reklam Agentliyi maarifləndirmə kampaniyasına start verib

post-img

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) dövlət dilinin qorunması və təşviqi istiqamətində maarifləndirmə kampaniyasına başlayıb. 

XQ xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilib ki, kampaniya çərçivəsində açıq məkanda yerləşən reklam qurğularında "Dilimizi qoruyaq, sevək və yaşadaq!" şüarı ilə sosial reklamların yayımına başlanılıb.

Layihənin əsas məqsədi ictimai diqqəti ana dilinin düzgün istifadəsinə yönəltmək, xüsusilə reklam və kommersiya məzmunlarında dövlət dilinin norma və qaydalarına əməl olunmasını təşviq etməkdir. Yeni nəsil reklam qurğularında yayımlanan vizuallar vasitəsilə həm sahibkarlara, həm də geniş ictimaiyyətə Azərbaycan dilinin zənginliyinin qorunması və gündəlik istifadədə düzgün tətbiqinə dair çağırış edilib.

Məlumata görə, bu təşəbbüs təkcə açıq məkandakı reklamlarla məhdudlaşmır. Agentlik tərəfindən sosial media platformalarında da eyni mövzuda kampaniya aparılır, həmçinin sahibkarlıq subyektlərinə yönəlik maarifləndirmə tədbirləri həyata keçirilir.

Belə ki, açıq məkanda reklamı olan sahibkarlara SMS vasitəsilə informativ məlumatlar göndərilir, dövlət dilinin reklam mətnlərində düzgün istifadəsi ilə bağlı tövsiyələr verilir.

"Gələcəkdə həm ənənəvi, həm də rəqəmsal platformalarda yeni təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Məqsəd isə cəmiyyətdə dilə həssas yanaşmanı gücləndirmək və dövlət dilinin bütün sahələrdə üstün mövqeyini təmin etməkdir", - məlumatda qeyd olunub.

N.Adilqızı
XQ

Sosial həyat