Debatlarda Qərbə münasibətdə fərqli mövqelər sərgilənir

post-img

Türkiyə vətəndaşları ölkələrinin tarixində yeni bir eranın başlanğıcını qoya biləcək seçim qarşısındadırlar. Bu il mayın 14-də keçiriləcək ümumi seçkilərin nəticələri qardaş ölkənin daxili və xarici siyasətində böyük dəyişikliklərə yol aça bilər. Dünya bunun fərqindədir və seçkiqabağı kampaniya zamanı gedən gərgin müzakirələri diqqətlə izləyir. 

Məlum olduğu kimi, Türkiyədə bu il prezident seçkilərində dörd siyasətçinin namizədliyi qeydə alınıb. Bunlar hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qu­rucusu və lideri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, ana müxalifətin rəhbəri sayılan, Cümhuriyyət Xalq Par­tiyasının (CHP) başçıısı Kamal Kılıçdaroğlu, yeni təsis olunmuş Məmləkət Par­tiyasının (MP) başqanı Məhərrəm İncə və Millətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Sinan Oğandır. 

Rəy sorğularına görə, budəfəki pre­zident seçkilərində əsas mübarizə 69 yaşlı R.T.Ərdoğan ilə 75 yaşlı K.Kılıçda­roğlu arasında gedəcək. Bununla yanaşı, səsvermənin nəticələrində sürprizlərin olacağı heç də istisna olunmur. Məsələn, mühafizəkar siyasətçi Məhərrəm İncənin cəmiyyətin millətçi kəsiminin səslərinin böyük bir qismini qazana biləcəyi və səs sayına görə CHP liderini üstələyəcəyi mümkün sayılır. 

Qeyd etmək lazımdır ki, seçicilərlə görüşlər və ilkin debatlar zamanı bir daha məlum olub ki, prezidentliyə namizədlərin bir çox aktual problemlərin həllinə yanaş­maları fərqlidir. Biz qəzetin ötən sayında namizədlərin suriyalı qaçqınlara münasi­bətdə fərqli platformalardan çıxış etdiklə­ri barədə söz açmışdıq. Budəfəki yazıda Türkiyənin xarici siyasətində mühüm yer alan Qərbə və Qərb dəyərlərinə münasi­bət barədə fikrimizi bildirmək istəyirik. 

Bu məsələdə AKP lideri R.T.Ərdo­ğanla rəqibi K.Kılıçdaroğlunun mövqeləri xeyli fərqlənir. İyirmi ildən çox Türkiyə­nin xarici siyasət kursunu böyük uğurla yönəldən hazırkı dövlət başçısı hesab edir ki, ölkəsinin Avropa İttifaqı (Aİ) ilə əlaqələri bundan sonra da davam etdiril­məlidir. Lakin Aİ rəhbərliyi də rəsmi An­kara ilə əlaqələrdə adekvat mövqe sər­giləməlidir. 

R.T.Ərdoğanın fikrincə, Aİ bu gün Türkiyə üçün nə qədər vacibdirsə, bir o qədər də Türkiyə Aİ üçün mühüm tərəf­daş kimi qəbul olunmalıdır. Ankara əbədi olaraq Aİ qapısının qarşısında dayanıb onun Ankaraya qarşı nə vaxt ədalətli qə­rar qəbul edərək üzvlüyünə qəbul etmə­sini gözləyə bilməz. R.T.Ərdoğan haqlı olaraq Aİ-ni “bir xristian klubu” adlandırır və müsəlman Türkiyəsi ilə imitasiya etdi­yini açıq surətdə dilə gətirir. 

Bu qətiyyətli və prinsipial mövqe Brüsseldə sözdə demokratik dəyərləri gözə soxan, əməldə isə müsəlman Tür­kiyəsinə qarşı ayrı-seçkilik edən siyasət­çiləri qane etmir. Onlar həqiqəti söyləyə bilmirlər. Həqiqət isə budur ki, “Köhnə və qoca Avropa” 85 milyonluq gənc, çevik, dinamik insan resursları olan Türkiyəni Aİ sıralarına qəbul etmək istəmir. Çünki bu zaman Türkiyə üçün iqtisadi imkanlar daha da genişlənər, qitənin aparıcı döv­lətləri olan Fransa və Almaniyadan da zəngin ölkəyə çevrilə bilər. 

Digər tərəfdən ABŞ başda olmaqla kollektiv Qərb Türkiyənin NATO-da ikin­ci böyük hərbi gücə malik olmasını və alyansın cənub cinahını qorumasını göz önünə gətirib Prezident R.T.Ərdoğanın dilindən səslənən “tikanlı sözlərə” döz­məli olur. Bunun üçün də Qərb canını çağdaş zəmanəmizin ən xarizmatik və qətiyyətli siyasətçilərindən olan, görkəmli dövlət adamı R.T.Ərdoğandan qurtarmaq istəyir. 

CHP lideri K.Kılıçdaroğlu Prezident R.T.Ərdoğandan fərqli olaraq iqtidara gəldiyi təqdirdə ölkəsinin Aİ ilə əlaqələrini daha yüksək müstəviyə yüksəldəcəyi­ni bəyan edir və bu xidmətin qarşısında Brüsselin dəstəyinə arxalanır. Türkiyədə bir çox təhlilçilər bu yanaşmanın Türkiyə­nin milli maraqlarına cavab vermədiyini düşünürlər. 

K.Kılıçdaroğlu unudur ki, 2020-ci il­lərin əvvəllərində R.T.Ərdoğan da Aİ ilə yaxınlaşmaq üçün cəhdlər etmişdi. Lakin dövlət başçısı tezliklə tərəflər arasında maraqların üst-üstə düşmədiyini hiss edərək Brüsselin üzvlüklə bağlı cəfəng tələblərinə baş qoşmağın mənasız oldu­ğunu anlamışdı. 

Böyük ehtimalla, K.Kılıçdaroğlu da prezidentliyi qazansa, Aİ-nin Türkiyə ilə səmimi olmadığını başa düşəcək, təəs­süf ki, bu, vaxt itkisindən başqa bir şey olmayacaq. Ankara Bilkənd Universiteti­nin professoru Əmirulla Məmmədov bil­dirir ki, bunu birdəfəlik bilmək lazımdır ki, nə Fransa, nə də Almaniya Türkiyənin yüksək inkişaf etmiş, zəngin bir dövlətə çevrilməsini istəyir. Buna görə də Tür­kiyənin inkişafına qarşı hər cür əngəllər yaratmağa davam edirlər. 

Prezidentliyə digər iki namizəd Məm­ləkət və Millətçi Hərəkat partiyalarının li­derləri Məhərrəm İncə və Sinan Oğan isə yaxşı başa düşürlər ki, Aİ hələ uzun illər boyu Türkiyənin Qərbə iqtisadi inteqra­siyasının qarşısını almağa çalışacaq və buna görə də Ankara, ilk növbədə Cənu­bi Qafqazda Azərbaycan üzərindən Orta Asiyanın türk dövlətləri ilə tarixi birliyini daha da gücləndirməlidir. Onların fik­rincə, bu gün artıq Türkiyə dünyanın ən böyük güc mərkəzlərindən birinə çevrilib və qardaş türk ölkələrinin və xalqlarının inkişafı və tərəqqisi üçün lokomotiv rolu­nu oynamalıdır. 

Sinan Oğan seçicilərlə görüşlərində dəfələrlə vurğulayıb ki, güc birlikdədir və türk dövlətləri bir-birinə hərtərəfli dəstək verməlidir. Bunun üçün bu dövlətlər arasında təkcə mədəni, iqtisadi deyil, həm də hərbi əlaqələr gücləndirilməli­dir. S.Oğan Türkiyənin qardaş dəstəyilə Azərbaycanın 2020-ci ilin payızında Qarabağda əldə etdiyi parlaq qələbənin Zəngəzur dəhlizinin açılması üçün fürsət yaratdığını vurğulayır və bütün türk dün­yasını quru yolla birləşdirəcək bu yolun açılmasının vacib olduğunu vurğulayır. Əslində, Böyük Turanın ortaya çıxaraq möhkəmlənməsi üçün Türkiyənin hazırkı iqtidarı olduqca böyük işlər görmüşdür. Bu mənada bütün türk xalqları böyük si­yasətçi R.T.Ərdoğanın yenidən prezident seçilməsini çox arzulayırlar. 

Bu yaxınlarda internetdə R.T.Ər­doğanın Daşkənddə necə dərin sevgi, məhəbbətlə qarşılanması mərasimini əks etdirən videoya yenidən nəzər yetirdim. Qürur duydum. Təkcə Azərbaycanda de­yil, bütün türk və müsəlman dünyasında sayın R.T.Ərdoğanı çox sevirlər. Belə sonsuz inam və rəğbət qazanmaq çox az siyasətçiyə nəsib olur! 

Atamoğlan MƏMMƏDLİ, 
Bakı Dövlət Universitetiti­nin professoru, siyasi icmalçı

Bu il mayın 14-də Türkiyədə keçiriləcək ümumi seçkilər təkcə qardaş ölkənin deyil, bütün regio­nun taleyində mühüm rol oynaya­caq. Məlum olduğu kimi, hazırda yeni dünya düzəni şəkillənir və Türkiyədəki seçkilərin nəticələri­nin bu prosesə böyük təsiri ola­cağı şübhəsizdir. 

Təsadüfi deyil ki, Türkiyədəki seçkiləri 2023-cü il üçün nəzərdə tutulan bütün seçkilərin ən əhə­miyyətlisi hesab edirlər. Kollektiv Qərb Türkiyə ilə hərbi müttəfiq olsa da, bu ölkənin hazırkı lideri, Prezident R.T.Ərdoğanın haki­miyyətdə qalmasını istəmir. Buna səbəb odur ki, nə ABŞ-yə, nə də Avropa İttifaqına (Aİ) müstəqil si­yasət həyata keçirən, güclü, qüd­rətli Türkiyə sərf edir. 

Türkiyədə seçkilərin taleyini, əlbəttə, müdrik türk xalqı müəy­yən edəcək. Biz qardaş ölkə ola­raq, səsvermənin real nəticələrini qəbul edəcəyik. Eyni zamanda bir vətəndaş olaraq R.T.Ərdoğa­nın daha beş il hakimiyyət sükanı arxasında qalmasının Türkiyənin özü və bütün türk dövlətləri üçün vacib olduğunu qeyd etməyə bil­mərəm. 

Bir məqamı da vurğulamaq istərdim. O da budur ki, bu gün Türkiyə böyük bir coğrafi ərazidə, yəni Balkanlardan tutmuş Özbə­kistana və Qırğızıstana qədər, Qafqazda, Yaxın Şərqda, hətta Afrikada böyük nüfuz sahibidir. Türkiyə çağdaş dünyanın “yum­şaq güc”lərindən birinə çevrildi­yi üçün onun nümunəsi türk və müsəlman dövlətləri və xalqları üçün çox cəlbedicidir. Allah Tür­kiyəni və türkü qorusun!

 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”



Siyasət