İslam Səfərlinin 100 illiyindən də yazdım, Hidayət müəllim…

post-img

Hidayət Səfərlinin səsini efirdən çox eşitsəm də, özünü ilk dəfə 1973-cü ilin payızında məhz kəndimizdə – Mirzəbəylidə görmüşdüm. Dostu İlyas Adıgözəlli ilə birlikdə Dövlət radiosunun göndərişi ilə Qutqaşen (indiki Qəbələ) Rayon Komsomol Komitəsinə gəlmiş, oradan isə məsləhət bilmişdilər ki, rayonun qabaqcıl gənclərindən olan mexanizator İttifaq Qaçayevlə də görüşüb söhbət etsinlər. Gəlib görüşdülər.

Veriliş efirə gedəndə “kaş mən də o radioda işləyə biləydim” – deyə Allaha nə qədər yalvarmışdımsa, onu ancaq Allah bilir. Həmin günlər atam “A bala, orada ali təhsili olanlar işləyir, sən kən­din kolxozçususan, orada necə işləyə bilərsən?”, – deyə məni göylərdən yerə endirməyə çalışır, anam isə “Hər şey Allahın əlindədir!” – deyə ümidimi öl­məyə qoymurdu.

… Sonralar mən ali təhsil də aldım, Dövlət radiosunda da işlədim. Hələ, üstəlik, cəmi iki-üç il orada çalışan­dan sonra “ Son xəbərlər” kimi mühüm şöbənin müdiri təyin olundum. Ən bö­yük qazancım isə Mövlud Süleyman­lı, Mailə Muradxanlı, Şamil Məcidov, İlyas Adıgözəlli, Hidayət Səfərli, Telli Pənahqızı, Fərhad Zeynalov, Heydər Zeynaloğlu, Qaçay Köçərli, Yasin Qa­raməmmədli, Telman Qarayev, Şəfəq Əlixanlı, Akif Cabbarlı, Tahir Talıblı, Kələntər Kələntərli, Əhməd Həpo, Şəmşad Rza, Zərxanım Əhmədli, Qulu Kəngərli kimi tanınmış qələm sahibləri ilə çiyin-çiyinə çalışmağım oldu. 

Etiraf edim ki, bu adamların ha­mısının xoş münasibətini görsəm də, İlyas Adıgözəllinin səmimiyyətini, Heydər Zeynaloğlunun sadəliyini, Hidayət Səfərlinin isə nikbinliyini, şən əhval-ruhiyyəsini heç zaman unuda bilməyəcəm. Hidayət müəllim, sözün həqiqi mənasında, nikbinlik nümunəsi idi. Teleşirkətdə (o zaman belə adlanır­dı) elə bir adam olmazdı ki, Hidayət Səfərli ona zarafat eləməsin. Hamı onun zarafatını məmnunluq və təbəs­sümlə qəbul edirdi. 

O, fevralın 5-də dünyaya gəlmişdi, mən isə həmin ayın 10-da. Ona görə də mənə gah “Qutqaşınlı”, gah da “Dol­ça” deyirdi. Bir dəfə dedi ki, ey Dolça, mənim lentimi efirə verməyi unutma: “Mən həm ana tərəfdən, həm də ata tərəfdən xan nəvəsiyəm. Sözüm yerə düşməməlidir”. Sonralar danışırdı ki, anası Hökümə xanım məşhur Ordu­bad xanı Mirzə Mehdiqulu xanın qı­zıdır. Atası isə Naxçıvanın tanınmış xanı olan Səfər xanın oğludur. Deyirdi ki, şəcərəmiz Nəsirəddin Tusi nəslinə aiddir. “Bütün bunları nəzərə alaraq”, onun hazırladığı lent yazılarını öz ve­rilişimdə təqdim edirdim. 

Bir dəfə dedi ki, Qutqaşınlı, İslamın (qardaşı, mərhum şair İslam Səfərlini nəzərdə tuturdu) 70 yaşı tamam olur. Onun haqqında elə bir yazı hazırla ki, orada oxucu İslamı olduğu kimi gör­sün. Dedim, axı, mən İslam Səfərlini görməmişdim, tanımırdım. Bəlkə də iki saat qardaşı haqqında danışdı. Üzeyir Hacıbəyovun və Səməd Vurğunun İs­lam Səfərliyə qayğısından, şairin Azər­baycan təbiətinə vurğunluğundan... çox şeydən danışdı. 

Yazını hazırladım. “Yol gedirəm, əldə qələm, dizdə varaq...” adlı məqalə “Dalğa” qəzetinin 16 fevral 1993-cü il tarixli sayında verildi... və həmin yazı ilə də mənim “İslamşünaslığım” baş­landı. Yəni Hidayət müəllim hər il mən­dən xahiş edirdi ki, “o qələmi yenə də işə sal!” 

... Bir dəfə dedi: “Qutqaşınlı, İsla­mın yüz yaşınadək mən öləcəm. Sən isə ölənə oxşamırsan. Onun yüzilliyin­də yenə də yazarsan”. Yaxşı dedim. Amma həmin yüzilliyin bu ilin fevralın­da olduğunu unutdum. Ona görə də bu sətirləri “Yol gedirəm, əldə qələm, dizdə varaq...” adlı məqaləmin girişi ilə tamamlayıram. Bəlkə də kimsə bir ya­zının girişinin başqa yazının sonunda verilməsini qəribə qarşılaya bilər. Hər halda, hər ikisi özümündür. Təkrardan incimərəm: 

– Göydən bir ulduz uçdu, baba.

– Demə, onu görəndə danışmazlar, oğlum.

– Danışanda nə olur ki? 

– Göydə hərənin bir ulduzu var. Hər ulduz uçanda...

– Hə, de, nə olur baba! 

– Yaxşı olar qabağa baxasan, qa­ranlıqdır. 

– Qaranlıq olsa da, yol ağarır, baba. Döyənəkdir. Adam rahat gedir. 

– Yox, oğlum. Döyənək yol rahat olsa da, xoşlama. Hərənin öz yolu ol­malıdır. Öz ulduzu kimi... 

... Hidayət müəllim danışırdı ki, Səməd Vurğun “mənim qara İslamım” dediyi gənc şairin “öz yolu” olduğunu dəfələrlə təkrar eləmişdi: “İslam ailə quranda Səməd Vurğunu da öz toyuna dəvət edir. Böyük şair təəssüf edir ki, iki saatdan sonra Moskvaya uçacaq və kağız-qələm götürüb nə isə yazır. İslam elə bilir ki, şair onun toyuna təbrik şeiri yazır. Amma həmin vərəqdə başqa şey yazılmışdı: “...jurnalının redaksiyasına. “Ceyran” şeirinə görə mənə çatacaq qonorarı şair İslam Səfərliyə verməyi­nizi xahiş edirəm!” 

... Mən ölmədim, Hidayət Səfərli! Sənin qardaşının yüzilliyinə də “nə isə” yazdım. Allah hər ikinizə rəhmət eləsin!

 

İ.MİRZƏBƏYLİ,
“Xalq qəzeti”,
Əməkdar jurnalist



Sosial həyat