Milli tariximizin ən böyük azərbaycanlısı

post-img

Suraxanı Rayon İcra Hakimiyyəti ilə “Xalq qəzeti”nin birgə konfransında ulu öndər Heydər Əliyev məhz belə xatırlandı 

Zamanında “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır!” şüarını irəli sürmüş ulu öndər Heydər Əliyevin ana dilimiz, milli-mənəvi dəyərlərimiz və mədəniyyətimizin inkişafı ilə bağlı fikirləri dövlətçilik konsepsiyasının əsas tərkib hissələri olub. Bu dəyərlər hüquqi baxımdan rəsmiləşib və ictimai şüurda özünə möhkəm yer tutub. Suraxanı Rayon İcra Hakimiyyəti ilə “Xalq qəzeti”nin “Heydər Əliyev İli”nə həsr edilmiş birgə tədbiri ümummilli liderin azərbaycançılıq məfkurəsi kontekstində misilsiz xidmətlərinin qədirbilənliklə xatırlanması və ölməz ruhuna hədsiz minnətdarlıq duyğu-düşüncələrinin səmimi ifadəsi ilə yaddaqalan oldu. 

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun və digər natiqlərin ürək sözlərini dinlədikcə, xüsusi olaraq bu məclis üçün hazırlanıb təqdim edilən videoçarxın kadrlarına baxdıqca gözlərimiz önündə dünya şöhrətli siyasət və dövlət xadiminin işıqlı obrazı canlanır və sanki, dahi rəhbərin milli birlik, dirçəliş, yüksəliş naminə atdığı addımları qulaqlarımızda əks-səda verirdi. 

Əziz Əzizov mövzuya yalnız milli-etnik zəmindən deyil, həm də ictimai-siyasi baxımdan yanaşmağın zəruriliyini əsaslandıraraq bildirdi ki, hələ sovet dövründə Moskvada ittifaq dövlətinə ali rəhbərlikdə təmsil olunan Heydər Əliyev daim xalqının müstəqillik idealları ilə yaşayıb, bu yöndə mühüm işlər görüb və milli şüuru məharətlə dövlətçilik enerjisinə transformasiya edə bilib. Başçı SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini olan zaman Baykal–Amur Magistralının tikintisinə rəhbərlik etmiş Heydər Əliyevin səyi ilə nəhəng dəmir yolu stansiyalarının mozaik Azərbaycan nəqqaşlığı nümunələri ilə bəzədilməsinin canlı şahidi olduğunu söylədi. O əlavə etdi ki, bütün varlığı ilə azərbaycançılıq məfkurəsinə xidmət göstərmiş unudulmaz dahi şəxsiyyətin xalq naminə cəsarətlə həyata keçirdiyi çoxsaylı belə tədbirlər əsl tarixi örnəkdir və hazırkı möhtəşəm uğurlarımızın möhkəm bünövrəsini təşkil edir. 

Konfransda qeyd olundu ki, ötən əsrin doxsanıncı illərinin kəskin ictimai-siyasi təbəddülatları fonunda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlmiş böyük azərbaycanlının misilsiz fəaliyyəti sayəsində ölkədə hərc-mərclik bitib, gələcəyin hünər, tərəqqi layihələrinə uğurlu start verilib, millətin xoşbəxt həyatının təminatı reallaşıb. Bu da bir İlahi lütfüdür ki, hazırda məhz ümummilli liderin davamçısı İlham Əliyev özünün yüksək rasional enerjisi ilə ölkəmizə layiqincə rəhbərlik edir və dünya arenasında əsas söz sahiblərindən biridir. Bütün uğurlarımızın kökündə isə, əlbəttə, güclü azərbaycançılıq məfkurəsi dayanır. 

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bizim bu gün öz taleyimizin sahibi, xoşbəxt bir millətin nümayəndələri, regionun ən güclü dövlətinin vətəndaşları olduğumuza görə ümummilli liderin ruhuna borclu olduğumuzu bildirdi. O, ulu öndərin respublikamıza rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycanı müasir sənaye, elm və mədəniyyət ölkəsinə çevirməyə nail olduğunu, səmərəli beynəlxalq əməkdaşlıq müstəvisi yaratdığını diqqətə çatdırdı. 

Sonra ulu öndərlə bağlı xatirələrini dilə gətirən qəzet rəhbəri qeyd etdi ki, azərbaycançılıq məfkurəsi zəminində milli mətbuatın inkişafına daim qayğı göstərmiş Heydər Əliyev medianın gücünü çox gözəl anlayan və jurnalistlərlə işin önəmini birmənalı qəbul edən siyasətçi idi. Onun səyləri ilə ölkədə senzuranın ləğvi reallaşıb, söz, fikir və məlumat azadlığı ilə bağlı hüquqi sənədlər, KİV haqqında qanun qəbul edilib, medianın texniki bazası yenilənib, qəzetlərin borcları silinib və s. Bütün bunlara görə 2002-ci ildə Heydər Əliyev “Ruh” Azərbaycan -urnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “-urnalistlərin dostu” mükafatına layiq görülüb. Özü də ulu öndər dünya siyasətçiləri arasında belə bir mükafatı almış ilk dövlət başçısı olub. 

Ə.Amaşov söylədikləri ilə bağlı xatirələrinin də yer aldığı “Heydər Əliyevin media dərsləri” adlı yeni kitabını tədbir iştirakçılarına təqdim etdi. Müstəqilliyimizin əbədi, dönməz və sarsılmaz olduğunu bəyan etmiş ulu öndərin təməlini qoyduğu gözəl ənənələrin bu gün də uğurla davam və inkişaf etdirildiyini vurğuladı. 

Məclisin davamında “Xalq qəzeti”nin əməkdaşları İlqar Həsənov və Əli Nəcəfxanlı, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə Rəhimova, şəhid atası Əlixan Əliyev, Ağsaqqallar Şurası rayon təşkilatının sədri, “Şöhrət” ordenli veteran Arif Babayev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Ədalət Mahmudov, Suraxanı rayonunun prokuroru Rəşid Mahmudov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Ağalar Bayramov və başqaları çıxış edərək ümummilli liderlə bağlı xatirələrini söylədilər, onun qoyduğu yolun xalqımızı daha işıqlı sabahlara aparacağına möhkəm inamlarını ifadə etdilər. 

Ə.ƏLİYEV, “Xalq qəzeti”













Son xəbərlər