Sahibə Qafarova Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşüb

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanla görüşüb. Sahibə xanım söhbət zamanı  müasir dövrdə ətraf mühitin mühafizəsinin ən böyük qlobal çağırışlardan biri olduğunu deyib. O, Əminə xanımın 2017-ci ildə irəli sürdüyü “Sıfır tullantı” təşəbbüsünün 2022-ci ilin dekabrında BMT Baş Assambleyasının qətnaməsi şəklində qlobal səviyyədə dəstəkləndiyini vurğulayaraq, bunun dünya ekologiyasının qorunması və gələcək nəsillərə daha yaxşı şəkildə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib və Azərbaycanın da həmin qətnamə layihəsinə dəstək verdiyini diqqətə çatdırıb. 
S.Qafarova Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü çərçivəsində Əminə Ərdoğanla  görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Ümumi evimiz olan dünya üçün sıfır tullantı üzrə qlobal öhdəliyə dair Bəyannamə”ni imzaladığını vurğulayıb.
Milli Məclisin Sədri  Türkiyədə  baş vermiş və çox sayda insanın həyatına son qoymuş dəhşətli zəlzələnin  nəticələrinin aradan qaldırılmasında da xalqımızın və dövlətimizin öz səylərini əsirgəmədiyini qeyd edib və Heydər Əliyev Fondunun yardım kampaniyasında yaxından iştirak etdiyini  diqqətə çatdırıb. Eyni zamanda,  Milli Məclisin də öz imkanları daxilində fəlakət zonasına humanitar yardım göndərdiyini deyib. Sədr Prezident  İlham Əliyevin öz dəstəyini nümayiş etdirmək üçün Türkiyəyə səfəri, Azərbaycan Prezidentinin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusunda Fövqəladə Zirvə görüşünün keçirildiyi vurğulanıb. 
Əminə Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq  münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.  O, ölkəsində baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan dövlətinin və xalqının dəstəyini yüksək qiymətləndirib, göstərilən yardımlara görə təşəkkürünü  bildirib.
O, “Sıfır tullantı” təşəbbüsü ilə bağlı Birləşmiş Millətlər Təşkilatında keçirilən tədbirdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğunu təqdirəlayiq hesab edib və bu təşəbbüsün ətraf mühitin qorunmasında, qlobal ekoloji problemlərin həllində əhəmiyyətindən danışıb. 
Türkiyə və Azərbaycan rəsmilərinin ikitərəfli və beynəlxalq səviyyədə görüşlərinin əlaqələrimizin daha da güclənməsi baxımından önəmli olduğunu deyən Əminə  xanım Azərbaycan dövlətinə və xalqına sülh, əmin-amanlıq və rifah arzulayıb.


Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər