Siyasi dialoq prosesi dövlətçilik və milli maraqları ön planda tutacaq

post-img

Prezident  İlham Əliyevin birbaşa rəhbərliyi altında aparılan uğurlu daxili və xarici siyasət ölkəmizin həm iqtisadi, həm də siyasi baxımdan inkişafına ciddi töhfələr verir. Təsadüfi deyil ki,  Azərbaycanın regionun lider dövləti statusu qazanmasının əsasında məhz həmin islahatların mükəmməl konsepsiyası dayanır. 2020-ci ildə yeni parlamentin ilk iclasında Azərbaycan Prezidentinin çıxışında əksini tapan prinsiplər əsasında formalaşan milli birlik və siyasi dialoq mühiti dövlətimizin daxili iqtisadi inkişafının və geosiyasi gücünün önəmli dayaq nöqtələrindən biri oldu. Əlbəttə, Prezidentin  dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Bu baxımdan siyasi proseslərə qiymət verərkən nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən məhz iqtidar tərəfi oldu. Zəfər savaşı dönəmində ümumxalq həmrəyliyinin siyasi birliklə vəhdəti bu gücün real nümayişi sayıla bilər. Bunun ardınca Azərbaycan siyasi mühitində iqtidar-müxalifət münasibətlərinin normallaşması müşahidə edildi və ölkə rəhbərinin məlum çıxışından sonra keçən zaman  “siyasi dialoq” məfhumunun bir daha aktuallaşdırılması mərhələsi hesab edilməlidir.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, bu dövrdə proseslər  yalnız qarşılıqlı müzakirələr, iqtidarla müxalifət arasında siyasi dialoqla məhdudlaşmadı və bir çox hallarda milli maraqların qorunmasında ölkənin siyasi qüvvələrinin vahid mövqedən çıxış edərək dövlətçiliyin müdafiəsində durması ilə inkişaf etmiş oldu.  Bir sözlə, Azərbaycan Prezidentinin məlum çıxışı ilə start verilən yeni siyasi kurs  qarşılıqlı münasibətlərdə köhnə stereotipləri dəyişdirərək yeni mərhələnin başlanğıcını qoydu. Eyni zamanda siyasi qüvvələrin sağlam mövqeyi, milli maraqlardan çıxış etməsi və siyasi həmrəyliyin vacibliyini dərk etmək bacarığı ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olanların niyyətini puça çıxardı və nəticədə siyasi mühitə uyğun olaraq  “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi zərurəti yarandı. Bu, ölkənin siyasi proseslərində iştirak edən tərəflər arasında güclərin tam müəyyənləşməsinə, balansın gözlənilməsinə xidmət etməklə yanaşı, həm də dialoq mühitinin inkişaf etdirilməsi, siyasi proseslərdə iştirak edən bütün tərəflər arasında açıq və bərabərhüquqlu münasibətlərin qurulmasına imkan verəcək. Məhz bu səbəbdən parlament qanunvericiliyi prosesində ilk dəfə olaraq, yeni qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olundu. Onu da qeyd etmək vacibdir ki, adıçəkilən qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərə sadiqliyinin təzahür sayılmalıdır.

“Siyasi partiyalar haqqında” qanunun qəbulu  təkcə  siyasi konfiqurasiyasının deyil, həm də siyasi dialoq anlayışının nəzəriyyədən  real nəticəyə keçirilməsinin təzahürüdür. Belə ki, qanunun qəbulu tam demokratik şəraitdə aparılmış, komitə müzakirələrindən əvvəl layihə Milli Məclisin saytına yerləşdirilmiş, eyni zamanda siyasi partiyaların, qeyri-hökumət  təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.  Qanunun qəbulu ilə həmçinin siyasi partiyaların təmərküzləşmə və siyasi münasibətlərin balanslaşdırılması prosesi hüquqi forma aldı ki, bu da siyasi dialoqun legitimlik təməllərini möhkəmləndirmiş olacaq.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin milli birliyin möhkəmlənməsinə xidmət edən daxili siyasət kursunun nəticəsi olaraq  ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində yüzlərlə görüş təşkil olunub, həmçinin, dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən müxtəlif səpkili məsələlər açıq  əməkdaşlıq şəraitində müzakirə olunmuşdur. Bu gün siyasi dialoq prosesi artıq ilkin təşəkkül dövrünü başa vuraraq keyfiyyət etibarı ilə yeni və daha effektiv nəticə ortaya qoyacaq  müstəvidə inkişaf edir. Ölkənin mövcud siyasi mühitində məhz sağlam siyasi münasibətlərə önəm verən, dövlətçilik və milli maraqları ön planda tutan siyasi qüvvələrin inkişafına münbit şərait yaradılıb. Bu isə əlbəttə ki, dövlətin daxili gücünün inkişafına və artmasına  təkan verir.

"Xalq qəzeti"

Son xəbərlər