Ölkəni aylardan bəri bürümüş kütləvi iğtişaşların səbəblərini aradan qaldırmaq, milli və insan haqlarını təmin etmək əvəzinə, İran rejimi hamıya və hər şeyə düşmən kəsilib. Sərt cəza tədbirləri isə narazılıqları bir az da şiddətləndirir, etirazların çevrəsini genişləndirir. Hicab məsələsində, guya, geri çəkilmiş rejim tələblərə məhəl qoymayan qadınlara açıq-gizli təzyiq göstərir. Güneydə isə türklük və Azərbaycan adına hər şeyə divan tutulur.
Etirazçı qadınlar kitabxanalara buraxılmır
İran Milli Kitabxanasında hicabdan məcburi istifadə etməyən fəal oxucuları buradan uzaqlaşdırmağın “orijinal” üsulunu tapıblar. Milli Kitabxana və Sənədlər Təşkilatı onların bir qrupuna mesaj göndərərək “Üzvlük siyasətinin 10-cu maddəsinin 7-ci bəndini əsas götürərək üzvlüklərinin dayandırıldığını” bildirib.
Müdiriyyət həmin mesajlarda bu tədbirin məcburi hicaba və ya oxşar səbəbə görə olduğunu göstərmir. İstinad edilən “7-ci bənddə” “İslam geyiminə tam riayət edilməsi, dini, mədəni və ictimai işlərin mühafizəsi” kimi fikirlər yer alıb. Əslində, verilən mesajın arxasında hicaba əməl edilməməsinin dayandığı bəlli olur. Məhz buna görə də kitabxanaya buraxılmayan qadınlar öz qanuni haqlarının bərpa olunması uğrunda mübarizəyə qalxıblar.
Üzvlükləri dayandırılanlar dini rejimin “dəyənək və güllə siyasətindən” sonra onlara qarşı bu qadağanı həzm etmək niyyətində deyillər. Bununla bağlı yayılmış bəyanatın müəllifləri İran Milli Kitabxanasının bir sıra qadın üzvlərinin mesajlar vasitəsilə üzvlüyünün dayandırılmasını “İranın dövlət qurumlarının ölkənin idarəçilik strukturunda gender aparteidini yaymaq üçün praktiki və sistemli addımı” kimi qiymətləndiriblər.
Bəyantda daha sonra bildirilib: “İndi məntiqlə mədəniyyət qurumu olmalı olan Milli Kitabxana Sənədlər Təşkilatının avanqardıdır, repressiyaya məruz qalan tədqiqatçıların və tələbələrin kənarlaşdırılması bayrağını daşımaqdadır”. Bəyanatın davamında Milli Kitabxananın mühafizə tədbirləri tənqid edilib və qeyd edilib ki, bu qurum “Etirazların həcmini azaltmaq üçün məcburi hicaba riayət etməkdən imtina edən bütün qadın üzvlərə deyil, vaxtaşırı on nəfərlik qruplara üzvlüyün dayandırılması ilə bağlı mesaj göndərməyi qərara alıb”.
Bu bəyanatın müəlliflərinin fikrincə, indiyədək “məcburi hicaba qarşı çıxan qadınların sıxışdırılması və aradan qaldırılması işi hərbçilərin və təhlükəsizlik qüvvələrinin əlində cəmləşirdi”, indi isə “Milli Kitabxana Təşkilatı qadınları ixrac etməyə” başlayıb. Qərarı tənqid edənlərin fikrincə, Milli Kitabxana İslam Respublikasının səs-küylü hərəkətləri əvəzinə, qadınlara qarşı “yumşaq uzaqlaşdırma strategiyasından” istifadə etmək qərarına gəlib. Fəallar bəyanatda “qadınların ən elementar dövlət xidmətlərindən istifadə imkanını məhdudlaşdıran primitiv hərəkəti” pislədiklərini vurğulayıblar. Bəyanatı imzalayanlar sonda yazıblar: “Vətəndaşlara xidmət etməli olan dövlət qurumlarının ərbablar cübbəsini geyməsinə və bizi aradan qaldırmasına icazə verməyəcəyik”.
Azərbaycanla bağlı qurumlar da hədəfdədir
İran hakimiyyəti ölkədə Azərbaycanla bağlı qurumları ləğv etmək üçün də bəhanələrə əl atır. Tehrandakı Azərbaycan səfirliyində törədilmiş terrordan və Təbrizdəki konsulluğumuzun əməkdaşlarına qarşı təzyiq və təqiblər artandan sonra indi Azərbaycan Respublikası ilə əlaqəli qurumların da fəaliyyətini ləğv etmək və yaxud məhdudlaşdırmaq üçün tədbirlər sıralanır.
Növbə Təbriz universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinə çatıb. Bu barədə mərkəzin sosial şəbəkədəki səhifəsində bildirilib. Həmin xəbərdə göstərilib ki, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb.
Mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunublar. Sosial mediada isə “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir” paylaşımı edilib.
Bildirilir ki, Tehran rejimi əvvəllər də bu mərkəzin üzvlərinə qarşı təzyiqlər göstərib, onları təqib edib. Bundan əvvəl isə Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi Əfsanə Toqir həbs edilmiş, işgəncəyə məruz qalmışdı.
Xatırladaq ki, Azərbaycan Respublikasında İran səfirliyinin Mədəniyyət Mərkəzi, habelə İranşünaslıq adı altında bir sıra mərkəzlər fəaliyyət göstərir.
Hüseyn RƏHİMZADƏ

