4 minədək etirazçı qadın həbsdədir

post-img

İranda hakimiyyət əleyhinə xalq etirazları səngimək bilmir. Son günlər hicab qadağası ilə bağlı narazılıqlara qız məktəblərində kütləvi zəhərlənmələr və sosial problemlər də əlavə olunub. Martın 8-də gecə saatlarında Tehran və bir neçə başqa şəhərdə keçirilmiş nümayişlər isə Beynəlxalq Qadınlar günü ilə bağlı olub. Etiraz aksiyalarında əsasən qadınlar iştirak ediblər.

Gunaz.TV-nin verdiyi məlumata görə, Tehranın Səttarxan meydanın­dan başlayan nümayişlərdə hökumət əleyhinə şüarlar səsləndirilib, qadın hüquqlarının pozulmasına etiraz ifadə olunub. Nümayişçilər “Diktatora ölüm”, “Bütün cinayətlərin başında hakimiyyət dayanır”, “Hicabla və hicabsız inqilaba doğru gedirik” kimi şüarlar səsləndirib­lər.

İran Hüquq Müdafiəçiləri Qrupunun məlumatında isə qeyd edilir ki, son bir neçə ay ərzində davam edən etiraz ak­siyalarında 66 qadın hökumət məmur­ları tərəfindən öldürülüb. Həbs edilmiş qadınların sayı isə 3 min 953-ə çatıb. Keçən ilin martından bəri 2 min 33 qa­dın məcburi hicab qaydalarına riayət etmədiyi üçün saxlanılıb və zorakılığa məruz qalıb.

Etiraz aksiyalarında iştirak etmək­də şübhəli bilinən şəxslərə qarşı da repressiyalar davam etməkdədir. Son məlumatlara görə, Güney Azərbayca­nın Zəncan şəhərində yaşayan fəal Hüseyn Bayat həbs edilib. O, martın 7-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Amma Bayatın nədə ittiham olunduğu, həbsinin səbəbi və hansı həbsxanaya aparıldığı barədə yaxınla­rına məlumat verilmir.

Məktəblərdə qızların zəhərlənməsi isə ölkəni tamam qarışdırıb. Dünən İra­nın bir neçə universitetinin 326 müəl­limi qız məktəblərinə kimyəvi hücum­larla bağlı bəyanat yayaraq bu halları pisləyib: “Bu, daxili və xarici təhlükə­sizliyin qorunduğunu iddia edən, lakin milli təhlükəsizliyə qarşı aşkar təhdid qarşısında aylardır səssiz qalan və qa­baqlayıcı tədbirlər görməyən hökumət üçün çox utancverici bir hadisədir”.

Onlar hadisəni şagirdlərə qarşı bağışlanmaz cinayət adlandırıb və Tehran hökumətinə xəbərdarlıq edib­lər: “Övladlarının həyatının təhlükədə olmasından nigaran olan valideyn­lərin qəzəb və üsyanından qorxun və bu cinayətləri törədənlərin ifşa edilərək cəzalandırılmasını təmin edin”. Qeyd edək ki, son aylar İranın 300-ə yaxın məktəbində 7 mindən çox şagird zəhərlənib.

Ölkəyə qarşı beynəlxalq sanksiya­ların tətbiqi ilə əlaqədar sosial prob­lemlər də artmaqdadır. Artıq müxtəlif müəssisələr işçilərin aylıq əmək haqqı­nı verməkdə çətinlik çəkir. Bu səbəb­dən də etirazlar yaranır. Martın 9-da Güney Azərbaycanın Muğan bölgəsi­nin Parsabad şəhərində də işçilər eti­raz aksiyası keçiriblər.

Aksiyada “Muğan Kənd Təsərrü­fatı Şirkəti”nin işçiləri əmək haqlarının verilməməsindən narazılıqlarını bildi­riblər. “Muğan Kənd Təsərrüfatı Şirkəti­nin işçilərinin səsini eşidin” plakatlarını qaldıran etirazçılar neçə aydır ki, əmək haqlarının verilməməsinə etiraz edib­lər.

Bundan bir qədər əvvəl öncə Par­sabadda pambıq sahəsində çalışan fermerlər də etiraz aksiyası keçirərək hökumətin onlara ödəməli olduğu və­saiti ala bilmədiklərini bəyan etmişdilər.

Amma İran qadınlarının son aylarda göstərdikləri cəsarət beynəlxalq aləm­də yüksək qiymətləndirilir. Martın 8-də Beynəlxalq Qadınlar Günü münasibə­tilə Ağ Evdə iranlı qadınlara “Madlen Olbrayt” Beynəlxalq Cəsarətli Qadın Mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mərasimdə ABŞ Dövlət De­partamentinin başçısı Entoni Blinken və ABŞ-ın BMT-dəki daimi nümayən­dəsi Tomas Qrinfild çıxış ediblər.

“Biz İran rejiminin dinc etirazçıla­ra qarşı dəhşətli zorakılıqla reaksiya verdiyini heç vaxt unutmayacağıq. Beynəlxalq ictimaiyyətdən İrana qarşı səylərimizi birləşdirməyi istəyirik”, – Qrinfild bildirib. Blinken isə iranlı qa­dınların bu mükafatı kollektiv şəkildə alan ilk qrup olduğunu deyib. Bununla yanaşı, ABŞ Prezidenti Co Bayden də Qadınlar Günü münasibətilə yaydığı bəyanatda Tehran rejiminin qadınların səsini vəhşicəsinə boğduğunu qeyd edib.

ABŞ-ın Maliyyə Nazirliyi İran hö­kumətinə bağlı 39 quruma qarşı sank­siya tətbiq edib. Həmin qurumların gizli maliyyə şəbəkəsi və “kölgə bankçılıq” yaratmaqla İrana sanksiyalardan ya­yınmağa kömək etdikləri bildirilib. Bu siyahıda İranın “Xəlic-Fars Neft-Kimya Sənayesi Şirkəti” və “Trilins Neft-kim­ya Şirkəti”nin də adı var. Nazirlik İra­nın pilotsuz təyyarə proqramı ilə bağlı 5 şirkət və bir fiziki şəxsə də sanksiya tətbiq etdiyini açıqlayıb. Bu şirkətlərin əksəriyyəti Çin və Honq-Konqda yer­ləşir və “Şahid-136” pilotsuz uçuş apa­ratlarının istehsalına kömək edirlər.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər