İran duzu, içində də “ağ büküm”...

post-img

Ötən əsrin 90-cı illərində İranla sərhədlərin təzə açılan dövrü idi. Güneydən həsrət körpüsünü aşıb gələn qohum-əqrəba ilə görüşəndə göz yaşlarımızı saxlaya bilmirdik. Tanımadığımız güneyliləri də görəndə qucaqlayıb duz kimi yalayırdıq. Duz dedim, İranla bağlı duz əhvalatı yadıma düşdü.

Hadisə belə olmuşdu. Tanımadığım bir güneyli mənə yaxınlaşıb həsrətdən, qardaşlıqdan danışdı. Onun bu nisgili məni də kövrəltdi. Yüz ilin dostu-doğ­ması hesab edib qulluğunda dayan­dım. Sonrakı söhbətindən məlum oldu ki, bu taya həm ziyarət, həm də ticarət etmək üçün gəlib. İstəyir ki, mənim kimi etibarlı, həm də əli hər yerə yetən bir adamla ortaqlıq eləsin. O vaxt rayonda rəhbərlikdə çalışırdım. Hiss elədim ki, məni elə bunun üçün gəlib tapıb. 

Düşündüm ki, o taydan qardaşlıq qeyrəti ilə gəlib məni tapıbsa, bacardı­ğım köməyi eləyim. Onda rayonda ər­zaq qıtlığı olduğundan başladım bir-bir bu malların adını çəkməyə. Gülümsü­nüb dedi:

– Baba, bunlar xırda-mırda mallar­dır. Gəl, o taydan əməlli-başlı pul qa­zandıranları gətirək.

Mat-məəttəl üzünə baxdım. Yenə gülümsünüb yavaşca qulağıma pıçıl­dadı:

– Pul duz alverindədir.

Əvvəl fikirləşdim ki, duz nəmənə maldır ki, onun adını qorxa-qorxa, pı­çıltı ilə çəkir. Utandığımdan bunu deyə bilməyib, soruşdum:

– Bu duz nə matah maldır ki, sən deyən gəliri gətirsin. Bir də bizdə ən bol və ən ucuz mal elə duzun özüdür.

Təzə dostum başladı xırdalamağa:

– Adı duz alveridir, içərisində “ağ büküm”lər olacaq, bax o bütün nəslini dolandırmağa bəs edər. Mən də öz pa­yımı götürərəm.

Heyrətimdən donub qaldım, “Həs­rət körpüsü”nü aşıb gələn “qeyrətli dostumuz” butaylı qardaşlarına “ağ” xoşbəxtlik gətirmək üçün alışıb yanırdı. Özümü ələ alıb dedim:

–Baba , məni hardan tanıyırsan və nə yerinə qoymusan?

Başladı o taydakı qohum-əqrəba­mın adlarını uşaqdan böyüyə sadala­mağa.

İrandan bu “ağ import” barədə təzə-təzə eşitmişdim, indi güneyli “rəfiqim” məni də bu “import”a qoşub “xoşbəxt” eləmək istəyirdi. Təzə tanışıma son sö­züm bu oldu:

–Baba, bizə nə duz lazımdır, nə də içindəki “ağ büküm”.

Sonradan İrandan bizə duz gətiri­lib-gətirilmədiyini bilmirəm, amma “ağ büküm”lərin “import”u barədə xəbərləri bu gün tez-tez eşidib-oxuyuruq.

 

Kamal NİKBİN

Sosial həyat