21 Azər hərəkatı xatirələrdə

post-img

Balaş AZƏROĞLU,
Xalq şairi

 

Güney Azərbaycanda demokratik hərəkatın fəallarından biri, 1945–1946-cı illərdə Təbrizdə qurulmuş Milli Hökumətin rəhbəri Seyid Cəfər Pişəvərinin silahdaşlarından olmuş Xalq şairi Balaş Azəroğlu xatirələrində 21 Azər hərəkatına geniş yer ayırmışdır. Həmin xatirələrdən bir parçanı təqdim edirik.

Ərdəbil 1945-ci ilin dekabr günlərində

1945-ci ilin payızı idi. Ərdəbil kənd­lərində biçin qurtarmışdı, taxıl döyülür, xırmandan anbarlara daşınırdı. Kəndlilər öz taxılını xırmandan daşıyandan sonra kəndlərdəki Firqə təşkilatı nümayəndələ­rinin göstərişi ilə ağanın taxılını anbara daşımaqdan boyun qaçırdılar. Ağanın kənddəki mübaşiri, hətta kəndxudalar da kəndliləri bu işə məcbur edə bilmədilər. Vəziyyəti belə görən bəzi ağalar kəndə jandarm göndərsələr də, bir nəticə ver­mədi. Kəndlərdə özbaşınalığa adət etmiş məmurlar kəndlilərin üstünə silah qaldı­randa camaat jandarmların silahını əlin­dən alır, özlərini kənddən qovurdular. 

Belə həyacanlı günlərin birində Ər­dəbilə xəbər gəldi ki, Yurdçu kəndlərinin birində ağa onun göstərişini yerinə yetir­məkdən boyun qaçırmış Müseyib adlı bir nəfəri güllə ilə vurub öldürüb. Bu həyə­canlı xəbərdən qəzəblənmiş Ərdəbildəki firqəçilər bir avtobusa dolub həmən kən­də getdilər. Ancaq avtobus kəndə çata­na qədər qatil etdiyi cinayətin nəticəsinin ağırlığını başa düşüb kənddən qaçmışdı. 

Günorta vaxtı Museyibin cənazəsi Ərdəbilə gətirildi və şəhərin ən böyük meydanı olan Alaqapı meydanında mi­tinq təşkil olundu. Mitinqdə şəhərin firqə nümayəndəsi, ziyalılar, yaxın kəndlərdən gəlmiş adamlar çıxış edib ağaların, şah­ların üsuli-idarəsinin əleyhinə şüarlar irəli sürür, Müseyibin qanının yerdə qalmaya­cağına and içirdilər. 

Sonra cənazəni başları üstünə qaldır­mış camaat küçələrdən keçdikcə şəhərin dükanları boşalır, bazar əhli də nüma­yişçilərə qoşulurdu. Bu həyəcanı görən fərmandar polis rəisi idarəsini qoyub qaçmışdı. Cənazə dəfn olunandan sonra Museyibin kəndlilərindən bir dəstə teleq­rafxanaya gedib Tehrana teleqram vurub bəstə oturdular, Tehrandan nümayəndə istədilər. 

21 Azərdən əvvəl hadisələr tufandan qabaq dəryada sahilə hücum çəkən dal­ğalar kimi bir-birini əvəz edirdi. Müseyibin ölümündən bir neçə gün sonra şəhərdə xəbər yayıldı ki, Rastabazarda (şəhərin üstü örtülü bazarında) bir nəfəri güllə ilə vurub öldürüblər. Öldürülənin şəxsiyyəti məlum oldu: Astara şəhərinin polis rəisi idi. Görənlər nəql edirdilər ki, zahiri ge­yimindən talış kəndlilərinə oxşayan bir nəfər adam başını və üzünü şərflə sarı­mışdı, ancaq gözləri görünürdü. O, ba­zarda rəisin qabağını kəsib uca səslə: “Etdiyin namussuz hərəkətlərin cavabını al”–deyib, onu güllə ilə vurub qaçıb.

Demək olar ki, hər gün ətraf kənd­lərdən gələn həyəcanlı xəbərlər şəhəri vahimə içərisinə salmışdı. Meşkində, Biləsuvarda, Germidə və ətraf kəndlər­də hər gün jandarm postlarının tərk-silah edilməsi xəbəri eşidilirdi. Bu silahlanmış kəndlilərə Ərdəbildən başqa Təbriz, Ur­miyə, Zəncan, Sərab, Meşkinşəhr, Asta­ra və s. şəhərlərdə, onların kəndlərində də rast gəlinirdi. 

Bu zaman ölkədə silahlı dəstələri bir yerə yığıb “Fədai dəstələri” yarat­maq ən mühüm tapşırıqlarından idi. Bu fədai dəstələrinə hər yerdə Azərbayca­nın adlı-sanlı, fədakar oğulları başçılıq edirdi. Ərdəbil fədailərinin başçısı Məcid Məhəmmədivənd idi. 

Məcid Məhəmmədivəndin başçılığı ilə Ərdəbil fədailəri vilayətin Meşkinşəhr, Muğan, Biləsuvar, Germi, Nəmin jandarm postlarını tərksilah edəndən sonra Ərdə­bil şəhər jandarmlarını tutdular. Dekabr ayında hadisələr elə sürətlə inkişaf etdi ki, az müddətdə şəhərin postları teleq­raf, polis və dövlət idarələri də fədailərin əlinə keçdi. Təbrizdə qoşun fədailərə təs­lim olduqdan sonra bütün şəhərlərdəki, o cümlədən Ərdəbildəki qoşun hissələri də təslim oldu. 

Yadımdadır ki, qoşun təslim olanda firqə və fədai nümayəndələri qoşun his­sələrində olan azərbaycanlı əsgər və za­bitlərə müraciət edirdilər ki, qalıb fədailər­lə birlikdə fəaliyyət göstərsinlər. Onlardan qalıb fədailərə qoşulanlar da oldu, çıxıb Tehrana gedənlər də. Beləliklə, ötən hər gün Güney Azərbaycanın qurtuluş günü olan 21 Azərə yaxınlaşdırırdı… 

Bu ayrılıq əbədi oldu...

1947-ci ilin baharında axşam hava qaralandan sonra maşınımız Təbrizdən Şimala hərəkət edəndə içimdə ilk dəfə ayrılığın kədərini duydum. Bu kədər ha­radan gəldi? Niyə birdən qəlbimə dolub onu sıxmağa başladı? Ölümün pəncəsin­dən, zindanın işgəncələrindən yaxa qur­tarıb getdiyim zaman bu nə kədərlənmək idi? 

Bəlkə, bu kədər ayrıldığım ailəmin, qoyub getdiyim Təbrizin, itirdiyim azadlı­ğın, şəhid olmuş dostlarımın, gələcəkdə xatirəyə dönəcək və xatırlandıqca mənə əzab verəcək günlərin ilk əlaməti idi? Bəlkə, 26 yaşında olan bir gəncin sonu olmayan tale səfərinin ilk qaranquşu idi bu kədər? 

Nə isə… yanımızdan ötən faytonun atlarının asfalta dəyən nallarının səsi məni bu kədərdən ayırdı. Dönüb son dəfə arxada qalan, “dumanlı Təbriz”ə baxdım və qeyri-ixtiyari “Qaragilə” mah­nısının ilk misralarını oxudum. Sonralar, illər keçəndən sonra Bakıda Şəmidə (Bö­yük şərqşünas Əli Şəmidə–red.) ilə gö­rüşəndə o bu misraları yadıma salar, özü də kövrələr və məni də kövrəldərdi…

Sosial həyat