İran: mənəvi qısqanclıq, yoxsa siyasi təxribat?

post-img

Xalqımızın dahi şairi, mütəfəkkir, şeyx Nizami Gəncəvinin parlaq poeziyasının qüdrəti, təsiri və miqyası çox böyükdür. Böyük sənətkar dünya mədəniyyətinə humanist, bəşəri ideyalar bəxş edib. Əbəs yerə onu “Dünya poeziyasının Günəşi” adlandırmırlar. 

Nizaminin parlaq ədəbi-fəlsəfi irsi təkcə Azərbaycan xalqının milli sərvəti hesab olunmur, bütövlükdə bəşəriyyətə məxsusdur. Lakin böyük şairi öz soykö­kündən, bütövlükdə ədəbiyyatımızdan “qoparmaq”, onun guya Azərbaycan deyil, fars şairi olduğunu iddia etmək yanlış addımdır. Təəssüf ki, bir çox İran rəsmiləri və ədəbiyyatşünasları dəfələr­lə belə əsassız iddialar irəli sürüblər. 

Bu günlərdə Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mə­rasimində İran Xarici İşlər Nazirliyinin sözcüsü Nasir Kənani Gəncənin, guya, “İran şəhəri” olduğunu iddia edib. Kə­nani Nizami Gəncəvini “fars zadəganla­rından olan İran şairi” kimi təqdim edib. Onun fikrincə, Nizami məhz İranın təsiri altında yaradıcılıqla məşğul olub.

Bütün bunlar tamamilə saxta və ya­lan iddialardır. Bütün dünyaya bəllidir ki, Nizami heç vaxt fars şairi olmayıb. Onun türk soyundan gəldiyi, bütün var­lığı və ruhu ilə doğma xalqına, onun folklor və poeziyasına bağlı olduğu elmi fakt və dəlillərlə sübut olunub.

Yeri gəlmişkən, Azərbaycan Prezi­denti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu il martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzu­sunda öz işinə başlayan X Qlobal Bakı Forumunun açılış mərasimində dövlə­timizin başçısı deyib: “Eyni zamanda, mən Mərkəzin adını daşıdığı dahi Azər­baycan şairi Nizami Gəncəvinin xatirə­sinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Niza­mi Gəncəvi Azərbaycanın qədim şəhər­lərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqı­nın istedadını və müdrikliyini təcəssüm etdirir”.

Qeyd etmək lazımdır ki, Nizaminin şöhrətini “mənimsəmək” cəhdləri əv­vəllər də olub. Xatırladaq ki, 2017-ci ildə İranın keçmiş mədəniyyət naziri Əhməd Məscid Cameyi Azərbaycan şairi Nizami Gəncəvini “fars şairi” kimi təqdim edib. Tehran Şəhər Şurasının üzvü olan Cameyi bu iddianı islam res­publikasının dövlət qəzeti olan “İran”da dərc olunmuş məqaləsində irəli sürüb: “Azərbaycan Respublikasına səfərim zamanı bəziləri məndən Nizamini iran­lı hesab etməyimizin səbəbi barədə soruşurdular. Bu suala cavab vermək çətin deyil. Nizami əslində onun “Xəm­sə” əsərini oxuyan, düşüncə dili farsca olan, bu dillə Nizaminin təfəkkürü ilə əlaqə yaradanların soyudur”.

O, həmçinin Azərbaycanda Nizami­nin heykəllərinin qoyulmasına toxuna­raq, Tehran şəhərində də bənzər addı­mın atılması təklifini irəli sürüb: “Tehran fars dili ölkəsinin paytaxtıdır. Bu şəhər­də bu mədəniyyətin yaradıcılarının yük­sək mövqeyi öz əksini tapmalıdır”.

Nizamini xalqımızdan “oğurlamaq” istəyənlərə vaxtilə ən tutarlı cavabı görkəmli nizamişünas alim, akademik Həmid Araslı sanballı elmi araşdırma­ları ilə verib. Görkəmli alim Nizaminin Azərbaycan xalqına bağlılığını konk­ret faktlarla sübut edib. H. Araslı dahi şairin əsərlərinin Azərbaycan xalqının yaradıcılığı ilə sıx bağlılığını – Nizami şeirinin türkçülük məzmununu, mövzu, süjet, düşüncə tərzi, frazeoloji ifadə və birləşmələr, atalar sözləri və məsəllər, o cümlədən Nizaminin dilində çoxsay­lı Azərbaycan sözlərinin işlənməsi və sair məsələləri ciddi tədqiqata cəlb et­məklə, bu istiqamətdə olduqca qiymətli tədqiqatlar aparıb. Alimin gəldiyi nəti­cəyə görə, o dövr Azərbaycanda möv­cud olan məhz olduqca zəngin ədəbi mühit Nizaminin yaradıcılığında mü­hüm rol oynamışdır.

Nizami irsinin digər görkəmli tədqiqatçısı, professor Rüstəm Əliyev isə qeyd edirdi ki, Nizami nəinki türk, hətta türkçü idi. Alimin sözlərinə görə, Nizaminin əsərlərilə ötəri tanışlıq belə bu şəkildə düşünməyə əsas verir. Pro­fessor R.Əliyev yazıb: “Nizami Gən­cəvinin fars mədəniyyətinə aid olması haqda deyilənlər yanlışdır. Nizaminin dünyagörüşü, yaradıcılığı xalqının folk­loru, dili, ləhcəsi, ədəbiyyatı ilə bağlı şəkildə formalaşıb. Nizaminin fars ədə­biyyatına təsiri böyükdür, Nizami olma­saydı, Hafiz, Sədi, Cami və başqaları yaza bilməzdilər. Onlar Nizamidən iqti­baslar ediblər”. 

Sonda isə bir daha vurğulamaq istə­yirik ki, Nizamiyə böhtan atmaq Günəşə palçıq atmaq kimi cəfəng bir şeydir. Bu, mənasız və əsassız iddialar paxıllığın, kin və küdurətin, gerizəkalılığın təzahü­rüdür. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

Sosial həyat