Tarixdə Gəncə fars deyil, türk şəhəridir!

post-img

“Nizaminin əsərlərinin mövzu seçimi və fars dilində yazmasının səbəbləri barədə mütəxəssislər dəfələrlə izahat verib məsələyə tam aydınlıq gətirsələr də paniranistlər bunu məhz şairin “fars” olması ilə əlaqələndirməkdən əl çəkmirlər. Dərin və əhatəli araşdırmalar isə bir daha təsdiqləyir ki, Nizami poeziyasının cismi - dili, mətni farsca olsa da, ruhu – məramı, ideyası türkcədir. Nizami türk əsrinin, türk minilliyinin, türk məmləkətinin türk oğludur”. Ədəbiyyatşünas İlham Abbasov bu barədə son tədqiqatına əsaslanaraq İranda molla rejiminin Nizami Gəncəvinin milli mənsubiyyəti ilə bağlı ölkəmizə qarşı növbəti qərəzli kampaniyasının əsassızlığı barədə qəzetimizə açıqlamasının davamında dedi:

Bizim klassik ədəbiyyatımızda, hətta türkcə yazan şairlərimizin heç birində türklük ideologiyası Nizamidəki qədər ardıcıl və prinsipial xarakter daşımır. Ni­zami farsca yazsa da, ana dilinə dərin­dən bələd olduğu və böyük sevgi bəs­lədiyi yaradıcılığından aydın görünür. Onun əsərlərində türk söz və ifadələri həm sayca, həm də işlənmə məqamla­rına görə xüsusi əhəmiyyət daşıyır. Ni­zamidə ozan, muncuq, gərdək, alaçıq, bayraq, bilək, doğru, dovğa, çox, çavuş, çirkin, dağ, qırmızı, uşaq, qarınca, han­carı və s. kimi türk sözləri ilə yanaşı, fars söz köklərinə türk şəkilçisi artır­maqla düzələn miyançı, xacətaş sözləri də işlənir. Bu son nümunələr böyük şa­irin ana dilinin yalnız leksikasına deyil, qrammatikasına da yaxşı bələd olduğu­nu sübut edir. 

Nizaminin türklüyə bağlılığı təkcə dil məsələsində deyil, şairin yaradıcılığının məzmun və ideya istiqamətlərində, onun dünyagörüşü və düşüncə tərzində də çox qabarıq və aydın şəkildə görünür. Şairin həyatı və sənəti haqqındakı bir sıra tədqiqat əsərlərində, xüsusən Məm­məd Əmin Rəsulzadənin, Həmid Araslı­nın, Rüstəm Əliyevin, Əlisa Şükürlünün, Seyfəddin Rzasoyun araşdırmalarında bu məsələyə geniş yer verilmişdir.

Nizaminin təfəkküründə “türk” an­layışına, dilində “türk” sözünə pərəstiş səviyyəsinə yüksələn bir sevgi var. O, əsərlərində gözəl, mərd, qəhrəman, döyüşçü, sərkərdə, müdrik, rəhbər, adil anlayışlarını “türk” kəlməsi ilə ifadə edir. Gözəllikdən, yaxşılıqdan, təmizlikdən, doğruluqdan, mərdlikdən, qəhrəman­lıqdan, halallıqdan, müdriklikdən bəhs edəndə “türklük” sözünü işlədir. Şeyx Nizami ərəb soylu islam peyğəmbərini mədh edərkən onu “türk” adlandırmaq­dan yüksək epitet tapa bilmir. Qüdrətli qələm sahiblərini isə Nizami “qələm türkləri” adlandırır. 

Nizaminin “türkcəsinin” (türklü­yünün) qəbul edilməməsinin, onun türk dilində yazmamasının səbəbinə böyük şairin özünün aydınlıq gətir­məsinin “Leyli və Məcnun” poema­sında açıq əksini tapdığını söyləyən tədqiqatçı bildirdi:

–Şirvanşah Axsitanın bu əsərin ya­zılması barədə sifariş məktubunda işlət­diyi – “İstəyirəm, bu təzə gəlini fars-ərəb zinəti ilə bəzəyəsən... Türklük bizim etibar etdiyimiz sifət deyil. Türklük sifəti bizə layiq deyil” - sözlərinin şairi hiddət­ləndirməsi Nizaminin öz türk mənsubiy­yətinə həqarətə kəskin reaksiyasıdır. Axsitanın işlətdiyi “türki” kəlməsi “türk­lük” kimi də, “türkcə” (türk dili) kimi də anlaşıla bilər. Nizaminin heysiyyətinə toxunan səbəb hər iki halda aydındır. Şirvan hökmdarı onun milli varlığını, ru­hunu, həm də dilini aşağılamışdı. Əgər Nizaminin adi bir qəzəli deyil, möh­təşəm bir dastanı doğma dilində yaza bilməsi ehtimalı olmasaydı, sah bu söz­ləri işlətməzdi.

Bundan əlavə, Nizaminin “Xosrov və Şirin”də, “İsgəndərnamə”də təsvir etdi­yi Bərdə hökmdarlığı türk Aran (Alban) dövlətidir. Məhin Banu Şirinə öyüdündə onu İran şahzadəsi Xosrovun mənəm­lik düşüncəsindən qorumaq üçün, “O, Keyxosrovdursa, biz Əfrasiyabıq” - söz­lərini işlədərək böyük Turan hökmda­rı Alp ər Tonqanın (Əfrasiyabın) varisi olduqlarını qürurla vurğulayır. Süjetin sonrakı inkişafında müəllif Şirini eqoist bir məhəbbətlə sevən İran şahzadəsinin qarşısına eşqi yolunda canından keçmə­yi bacaran türk soylu Fərhadı çıxarır. Mə­hin Banunun, Nüşabənin ölkəsinin eyni zamanda yunan tarixçilərinin heyranlıqla bəhs etdikləri Amazonkalar səltənəti ol­duğu da göz önündədir. 

Müsahibimiz qeyd etdi ki, bütün bunlar Nizaminin Atabəylər türk im­periyasınına daxil olan Aranı (Albani­yanı) fars deyil türk diyarı, Gəngəni, Bərdəni İran deyil, Turan şəhərləri kimi təqdim etməsinin birmənalı təs­diqidir:

Bunlardan əlavə, özündən əvvəl ya­şayıb-yaratmış Yusif Balasaqunlu, Əh­məd Yəsəvi kimi türk əsilli söz bahadır­larına, böyük filosof əl-Fərabi ət-Türkiyə mənən bağlı olan Nizamidə türklük ide­yalarının ən güclü dəlili onun yaradıcılı­ğında “Kitabi-Dədə Qorqud” motivləri ilə səsləşən detalların olmasıdır. Qəribədir ki, indiyəcən nə Dədə Qorqudun, nə də Nizaminin tədqiqatçılarından heç kim bu məsələyə diqqət yetirməyib.

Ədəbi ənənələrə və dövrün yaradı­cılıq normalarına uyğun olaraq, Niza­mi əsərlərini farsca yazsa da (necə ki, o zaman fars alimlər də elmi əsərlərini ərəb dilində yazırdılar və bu onların ərəb olması sayılmırdı), dahi sənətkar bütün varlığı ilə doğma xalqına, Vətəninə bağlı idi. Şairin iliyinə, qanına işləmiş türk ruhu, türk təəssübkeşliyi dönmədən sübut edir ki, İranda qatı fars millətçilərinin ona sa­hib çıxmaq istəyindən asılı olmayaraq, Nizami türk oğludur və türk şairidir. Niza­mi sənətinin ölməzliyi türk varlığının, türk ruhunun ölməzliyini sübut edir.

Nəhayət, müsahibimizin dediklə­rinə əlavə etmək olar ki, Nizami həm də ona görə fars deyil ki, Firdovsi və digər fars şairləri kimi millətçi olma­yıb. Bir də İran millətçilərinin farslığı şübhə doğurmayan Firdovsini Niza­midən üstün tutmaları onu göstərir ki, onlar daxillərində gəncəli dahinin fars olmasına o qədər də əmin deyil­lər. Sadəcə, Nizamini ona görə fars etmək istəyirlər ki, o türk sayılmasın. Türklük və Azərbaycanla bağlı İranda cərəyan edən son proseslər isə onu göstərir ki, özündən əvvəlki Pəhləvi şahlığı kimi, molla rejimi də Nizamini erməni kimi qəbul etməyə də hazırdır – təki o türk sayılmasın.

 

Hazırladı:
T.AYDINOĞLU, “Xalq qəzeti”

Sosial həyat