Xarici media nümayəndələri Laçın-Xankəndi yolundakı aksiyanı işıqlandırmaq üçün əraziyə gəliblər

post-img

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizə gəlmiş xarici media nümayəndələri martın 5-də Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerinə gəliblər.

AZƏRTAC xəbər verir ki, ekoaksiyanın gedişi barədə məlumatlandırılan xarici media nümayəndələri aksiyadan reportajlar hazırlayıblar. Əcnəbi jurnalistlər, eyni zamanda, Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolundan keçidini də izləyiblər.

Aksiya zamanı gecə olduğu kimi, gündüz saatlarında da təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Son xəbərlər