Müasir Kuba haqqında danışanda, istər-istəməz, belə bir təzadlı sual ortaya çıxır: “Azadlıq adası” özünün inqilabi keçmişində donub qalmış yerdir, yoxsa yönümü dəyişib? Bəzi mütəxəssislərin fikrincə, nə birincidir, nə də ikinci. Belə bir fikir irəli sürülür ki, Kubanın XX əsrdə olan sosializmdə ilişib qaldığını söyləmək səhv olardı. Amma bu da bir reallıqdır ki, qapılarını dünyaya geniş açan kubalılar Azərbaycanın da ölkənin iqtisadi-mədəni həyatında fəal iştirak etməsini istəyirlər.
Kuba Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. Bir il sonra iki ölkə arasında diplomatik əlaqələr qurulub. Amma Kubanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması 2007-ci ilə təsadüf edir. “Azadlıq adası”ndan yüksək vəzifəli nümayəndənin ölkəmizə səfəri 2019-cu ildə olub. Kuba Prezidenti Miqel Mario Dias-Kanel Bermudes həmin il Azərbaycanda işgüzar səfərdə olub. Son belə yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfəri bu il fevralın 28-də baş tutub. Kuba vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. Görüşdə əməkdaşlığımızın inkişafı üçün böyük perspektivlərin olduğunu bildirən Prezident İlham Əliyev bunun səhiyyə sahəsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, həmçinin turizm, təhsil, kənd təsərrüfatı, mədəniyyət, əczaçılıq kimi sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların olduğunu deyib.
Bu, bir faktdır ki, müqavilə-hüquq bazası geniş deyil. Azərbaycanla Kuba arasında 10 sənəd imzalanıb. Statistik rəqəmlər də belə deməyə əsas verir ki, tərəflər iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində hələ çox çalışmalıdırlar. Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, Azərbaycanın Kuba ilə əsas idxal məhsullarının spirtli içkilər, siqar və tütün məmulatları, qadın çantaları, poçt markaları, dövlət rüsumu markaları və ya analoji markalar təşkil edir. Əsas ixrac məhsulları isə təzə pnevmatik rezin şinlərdir. Bununla yanaşı, energetika, kənd təsərrüfatı, ekologiya və balıqçılıq, səhiyyə, təhsil, mədəniyyət və turizm, rabitə və informasiya, idman və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər də hər iki ölkənin gündəmindədir.
Ümumiyyətlə, Kuba ilə Azərbaycan arasında münasibətlər sovet illərində də mövcud olub. Hələ 1959-cu ildə Kubada sosialist inqilabından sonra, ölkə gəncləri keçmiş SSRİ-nin bir sıra respublikalarında təhsil almağa göndərilmişdi. Onlardan bir qismi də Azərbaycanda təhsil alıb. Kubanın sabiq səfiri Omar Medina Quintero mətbuata açıqlamasında vurğulamışdı ki, təkcə Azərbaycan Neft-Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) hər il Kubadan 250 tələbə təhsil alıb. Hazırda Kubadakı neft emalı sahəsində çalışan mütəxəssislərin, demək olar ki, böyük əksəriyyəti Azərbaycanda təhsil almış məzunlardır. Həmin dövrdə Kubada neft ehtiyatlarının mövcudluğu təsdiqlənsə də, kadrların olmaması kəşfiyyat işlərinin aparılmasına imkan vermirdi. Məhz Azərbaycanda ali təhsil alan məzunlar vətənə döndükdən sonra Kubada neft sənayesi inkişaf etməyə başlamışdır. Neft sahəsi üzrə Azərbaycanda artıq mütəxəssisə çevrilmiş gənclərin hesabına Kubada dənizdə və qurudakı neft yataqlarında kəşfiyyat işləri sürətlənmiş, neftin çıxarılması və emalına başlanılmışdı. Bu mənada, sabiq səfir Kubanın bu gün neft sənayesində əldə etdiyi nailiyyətlərə görə həm də Azərbaycana minnətdar olduğunu bildirmişdi.
Göründüyü kimi, Kuba uzaq olsa da, Azərbaycanla münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Sual oluna bilər ki, uzun illərdir iqtisadi sanksiyalar şəraitində yaşayan Kuba dünyaya nə təklif edə bilər? Doğrudur, ikiqütblü dünyanın mövcud olduğu dövrdə ABŞ-ın “burnunun ucunda” sosialistlərin hakimiyyətə gəlmələri amerikalıları sarsıtmışdı. Kommunizm kabusunun kontinentdə ayaq açıb gəzməməsi üçün rəsmi Vaşinqton Kubaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq etmişdi. Bu, sanksiya rejimi hələ də davam edir. Amma ağır iqtisadi şərtlərə baxmayaraq Kubada rejim dəyişmədi. Ancaq SSRİ-nin tarixə qovuşmasından sonra ciddi dəstəyini itirən Kuba hakimiyyəti son illərdə qaykaları açmağa başlayıb. Məsələn, ötən il ilk dəfə Kuba xarici investorlara icazə verib ki, ölkənin topdan və pərakəndə ticarətində məşğul olsunlar. İslahatlar, həmçinin xarici şirkətlərə pərakəndə satış sahəsinə və logistika şirkətlərinə investisiya qoymağa imkan verir.
Əslində, adada islahatların aparılmasına ciddi ehtiyac yaranmışdı. Əfsanəvi lider Fidel Kastro da artıq yoxdur, adada əsən kommunizm küləklərinin kontinentə təsirinin olmadığını Birləşmiş Ştatlar da görür. Buna görə də, ötən ilin may ayında ABŞ-ın sabiq Prezidenti Donald Tramp bir sıra sərt məhdudiyyətləri yumşaltmışdı. Bütün bunlar isə “Azadlıq adası”nın qarşısında yeni imkanlar açır. Pandemiya da artıq geri çəkilib, Kubanın əsas gəlir mənbəyi olan turizm sektoru da özünə gəlir. Dünyanın ən əsrarəngiz çimərliklərinə, oazislərinə və zəngin mətbəxinə malik Kubanın turizm sahəsini inkişaf etdirən Azərbaycan ilə bu sektorda əməkdaşlığını gücləndirməsi münasibətlərin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Qapılarını dünyaya geniş açan kubalılar Azərbaycanın da ölkənin iqtisadi-mədəni həyatında fəal iştirak etməsini istəyirlər. Beynəlxalq münasibətlərin fəal aktoru olan Azərbaycan da Kuba ilə münasibətlərini gücləndirməkdə maraqlıdır. Havanada səfirliyimizin fəaliyyət göstərməsi buna sübutdur. Rəsmi Bakı Kubanı Latın Amerikasında Azərbaycan üçün strateji tərəfdaş hesab edir. Çünki diplomatik münasibətlərin təhlili göstərir ki, rəsmi Havana Azərbaycanla münasibətlərində həmişə zəruri balansı saxlamağa çalışıb. Bu baxımdan, iki ölkə arasında əlaqələrin daha intensiv şəkildə inkişaf etməsi üçün siyasi iradə var və bu fakt ikitərəfli münasibətlərin gələcəyinə müsbət təsir göstərir.
Səbuhi MƏMMƏDOV, “Xalq qəzeti”