Rusiyalı xilasedicilər Türkiyədə 150 min dolları da “xilas” ediblər

post-img

Rusiya KİV-i bu il fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar bir çox sensasiyalı fakt və hadisələri işıqlandırmaqda davam edir. 

Qeyd edək ki, “XXI əsrin fəlakəti” adlandırılan zəlzələnin üstündən artıq bir aya yaxın vaxt keçməsinə baxmayaraq, bu gözlənilməz hadisənin ağır fəsadları bütün dünyada acı təəssüf doğurur. 

Yeri gəlmişkən, “RİA-Novosti” informasiya agentliyi bu günlərdə Türkiyədən qayıdan rusiyalı xilasedicilərin qardaş ölkədə apardıqları axtarış-xilasetmə əməliyyatları zamanı şahidləri olduqları bəzi fakt və hadisələri oxucuların diqqə­tinə çatdırıb. Məlumatda bildirilir ki Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyəyə köməyə getmiş xilasedicilər qrupu bu ölkədəki fəlakət bölgələrinin birində həyata keçir­dikləri əməliyyat zamanı dağılmış binanın qalıqları altından 150 min ABŞ dolları tapıblar. Rusiyalı xilasedicilər həmin vəsaiti dərhal yerli polis şöbəsinin əməkdaşlarına təhvil ve­riblər. Bu barədə Türkiyə mətbuatı da yazıb. 

“RİA-Novosti”nin müxbiri sonra qeyd edib ki, Türkiyədə dəhşətli zəlzələnini fəsadlarının aradan qaldırılması üçün dünyanın 80 ölkəsindən on mindən çox xilasedici iştirak edib. Rusiya FHN Türkiyəyə 190 nəfərdən ibarət xilaset­mə, tibb və psixoloji təminat üzrə heyət göndərib. Axtarış-xilasetmə əməliyyatlarında Rusyaya məxsus xeyli texnika və pilotsuz aviasiya sistemlərindən istifadə edilib. Rusiyalı xilasedicilər onlarla insanın həyatını xilas ediblər, çox say­da cəsədləri dağıntılar altından çıxarıblar. Türkiyə rəsmiləri təmənnasız yardıma görə rusiyalı xilasedicilərə təşəkkür ediblər. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

Son xəbərlər