Qadın voleybolçular arasında Yüksək Liqada X tura yekun vurulub. Azərbaycan Voleybol Federasiyasının məlumatına görə, X turun ilk matçı “Azərreyl” və “Murov” komandaları arasında baş tutub. Tay-brekə kimi davam edən matçın ilk hissəsində “Azərreyl” 25:18 hesabı ilə qalib gəlib.
İkinci setdə toparlanan “Murov” 25:23 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 1:1. 3-cü set isə “Azərreyl”in xeyrinə sona çatıb - 25:18. Matçın dördüncü hissəsini “Murov” 25:22 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə “Azərreyl” daha səhvsiz oynayaraq (15:10) 3:2 hesabı ilə qalib gələrək görüşün hesabını rəsmiləşdirib və liderliyini bir qədər də möhkəmləndirib.
Voleybol Mərkəzində təşkil olunan turun son qarşılaşması “Abşeron” və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlində üçüncü olan Famil Ağayevin komandası bu matçda 25:21, 25:23, 25:10 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdırıb və ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, X turdan sonra “Azərreyl” 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 18, “Murov”un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”