Ali Məhkəmənin Plenum iclası

post-img

Dünən Ali Məhkəmənin bir illik fəaliyyətinə həsr olunmuş plenum iclası keçirilib. Sədr Ramiz Rzayev çıxışında bildirib ki, Ali Məhkəmənin aparatı  2022-ci ildə səmərəli fəaliyyət göstərib,  öz səlahiyyətləri çərçivəsində müəyyən tədbirlər həyata keçirib. 
Ötən il ayrı-ayrı sahələr üzrə vahid məhkəmə təcrübəsinin ümumiləşdirilməsi işi davam etdirilib, eyni zamanda, bəzi məsələlər üzrə məhkəmə fəaliyyətinin monitorinqləri aparılıb. Qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı bir çox hüquqi akt layihəsi araşdırılaraq təhlil edilib,  müvafiq rəy və təkliflər hazırlanıb.
2022-ci ildə dövlət orqanları və ayrı-ayrı vətəndaşlar tərəfindən Ali Məhkəməyə 14 min 122 müraciət daxil olub.   Azərbaycan Prezidentinin tövsiyəsinə əsasən Ali Məhkəmənin sədri müxtəlif rayonlarda vətəndaşları qəbul edib. Eyni zamanda Ali Məhkəmədə 1925 şəxs fərdi və kollektiv qaydada qəbulda olub.         
Vurğulanıb ki, 2022-ci ildə Ali Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Yuxarı İnstansiya Məhkəmələr Şəbəkəsi”nin (SCN) üzvü kimi fəaliyyətini davam etdirib. Bu şəbəkə vasitəsilə  “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının üzv dövlətlər tərəfindən təyin edilən məhkəmələr arasında informasiya mübadiləsi platforması yaradılıb və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr tərəfindən Avropa Konvensiyasının müddəalarını və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərini düzgün və vahid qaydada tətbiqinin təmin edilməsinə başlanılıb. 
2022-ci ildə Ali Məhkəmədə müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi məhkəmə kollegiyalarının və aparatının iş fəaliyyətinin optimallaşdırılmasında mühüm rol oynayıb. Ali Məhkəmə Aparatının yeni strukturunda yaradılmış Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsi tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin inkişafı və avtomatlaşdırma dərəcəsinin yüksəldilməsi üzrə işlər həyata keçirilib, “məhkəmə işlərinin bölgüsü sistemi” işlənib hazırlanıb, “məhkəmə işləri üzrə axtarış sisteminin” funksionallıqları daha da genişləndirilib.  
2020-ci ildən etibarən Ali Məhkəmənin fəaliyyətinə həsr olunmuş geniş hesabatlar saytda dərc edilir. 2022-ci ildə Ali Məhkəmənin Bülleteninin nəzərdə tutulan dörd nömrəsi çap olunub. Bülletenlərdə məhkəmələrin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktları, Ali Məhkəmə Plenumunun qərarları, qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinə dair ümumiləşdirmələrin nəticələri, icmal məktubları, məqalələr, Ali Məhkəmə rəhbərliyinin iştirakı ilə keçirilmiş görüşlər, beynəlxalq tədbirlərə dair məlumatlar əksini tapıb. 
Plenumda Ali Məhkəmənin Kollegiya sədrlərinin 2022-ci ildə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. 
Plenumda hər bir məlumat ətrafında geniş müzakirələr və təhlillər aparılıb. 
Bildirilib ki, Ali Məhkəmənin icraatında 2022-ci ildə 2021-ci ilə nisbətən az iş olub. Bu səbəbdən baxılan işlər –
Mülki Kollegiyada 12,7 faiz, Cinayət Kollegiyasında 1,7 faiz, İnzibati Kollegiyada 0,8 faiz azalıb. Ancaq Kommersiya Kollegiyasında 12,7 faiz artma var. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 2,2 faiz artıb. Qeyd edilib ki, ləğv olunan məhkəmə qərarlarının sayı 2,8 faiz azalıb.  
Plenumda 2022-ci ildə 27 işə baxılıb və müvafiq qərarlar qəbul edilib. 
Məruzələr ətrafında çıxış edənlər kollegiyaların fəaliyyətində nəzərə çarpacaq keyfiyyət dəyişikliyi olduğunu xüsusi qeyd ediblər. 
Plenumda Ali Məhkəmənin 2023-cü ilə dair iş planı təsdiq  edilib.                          
Plenumda “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında”, həmçinin bu qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə planın təsdiq edilməsinə dair, “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında”,  2001-ci il 1 noyabr tarixli 1 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumlarının  qərar layihələrinin müzakirəsi aparılıb.
Plenumda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Son xəbərlər