Qubanın Vəlvələ kəndində yeni məktəb binası inşa olunur

post-img

Quba rayonunun Vəlvələ kəndində 294 şagird yerlik yeni məktəb binası inşa olunur. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir, üçmərtəbəli yeni binanın tikintisinə 2022-ci ilin dekabr ayından başlanılıb. Əvvəlcə köhnə məktəb binası sökülüb, ərazi təmizlənib. Hazırda yeni məktəb binasnın bünövrəsinin inşası həyata keçirilir.

Məktəbin direktoru İsmayıl Fərzəliyev bildirib ki, Çingiz Mursalov adına Vəlvələ kənd tam orta məktəbin köhnə binası 80 il öncə tikilib. Binada tədris prosesini müasir dövrün tələblərinə uyğun təşkil etmək mümkün deyildi. Buna görə də istismar müddətini başa vuran binanın yerinə yeni, müasir məktəb binası inşa olunur. Binada sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su anbarları da tikiləcək. Məktəb binasının növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Vəlvələ kənd tam orta məktəbində 350 şagird təhsil alır. Pedoqoji kollektiv 32 nəfərdən ibarətdir. Məktəbin şagirdlərinin 2022-2023-cü tədris ilində təhsil alması üçün qonşuluqda yerləşən Qaraçay kənd tam orta məktəbində şərait yaradılıb. Şagirdləri məktəbə aparmaq üçün xüsusi avtobus ayrılıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, son üç ildə şimal bölgəsinin beş rayonunda ümumilikdə 25 məktəb binası yenidən tikilib və ya təmir olunub.

Qubada Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəb, Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəb, Siyəzəndə Mikayıl Müşfiq adına şəhər 2 saylı tam orta məktəb, Şabranda isə Səməndər Musayev adına Uzunboyad tam orta məktəb üçün yeni binalar inşa edilib. Bundan əlavə, son üç ildə bölgədə 18 yeni modul tipli məktəb quraşdırılaraq istifadəyə verilib. Hazırda Qubanın Bağbanlı kəndində yeni məktəb binasının, Digah kəndində isə məktəb binası üçün yeni korpusun tikintisi davam edir. Xaçmaz rayonunda isə Qusarçay kənd tam orta məktəbinin binasında əsaslı təmir işləri aparılır. Bölgədə daha üç modul tipli məktəb binası quraşdırılmaqdadır.

Son xəbərlər