Azərbaycan iqtisadiyyatı son 10 ildə

post-img

Kəmiyyət artımından keyfiyyət yeniləşməsinə keçid

Azərbaycan iqtisadiyyatı son 10 ildə mürəkkəb sınaqlardan keçərək yeni inkişaf mərhələsinə daxil olmuşdur. 2015-ci ildə dünya bazarında neftin qiymətinin 100 dollardan 40 dollara qədər enməsi ölkə iqtisadiyyatında ciddi dalğalanmalar yaratmış, makroiqtisadi sabitliyə təsirsiz ötüşməmişdir.

Həmin dövrdə ümumi daxili məhsulun artım tempinin 1 faiz ətrafına qədər zəifləməsi, inflyasiyanın 12–13 faizə yüksəlməsi və milli valyutanın iki dəfə dəyər itirməsi iqtisadi modelin xarici şoklara həssaslığını açıq şəkildə nümayiş etdirmişdi. Lakin 2025-ci ilin göstəricilərinə nəzər saldıqda tamamilə fərqli mənzərə formalaşır. İqtisadi artım artıq 4 faizdən yuxarı intervalda sabitləşmiş, inflyasiya 5–6 faiz səviyyəsində saxlanılmış və manat uzun müddətdir ki, 1 ABŞ dollarına qarşı 1,7 səviyyəsində sabitliyini qoruyur. Bu, sadəcə, rəqəmlərin yaxşılaşması deyil, eyni zamanda, iqtisadi sistemin keyfiyyət transformasiyasıdır.

Kəmiyyət artımından keyfiyyət mərhələsinə: 2015-ci ildə Azərbaycanın ÜDM-i təxminən 54 milyard ABŞ dolları səviyyəsində olmuşdursa, son on ildə baş verən dəyişikliklər nəticəsində bu göstərici 2025-ci ildə 129 milyard manata yüksələrək 2 dəfədən çox artım nümayiş etdirmişdir. Lakin burada əsas məsələ artımın həcmi deyil, onun strukturudur. Əgər əvvəlki dövrdə iqtisadiyyatın əsas hissəsi neft sektorunun payına düşürdüsə, son illərdə qeyri-neft sektorunun ÜDM-də payı 70 faizə qədər yüksəlmişdir.

Bu meyil göstərir ki, iqtisadi artım artıq yalnız enerji gəlirlərinə əsaslanmır. Belə ki, qeyri-neft sənayesində istehsal həcmi son on ildə, təxminən, 2 dəfə artmış, kənd təsərrüfatı məhsulları istehsalı isə 1,5 dəfə genişlənmişdir. Xidmət sektorunun payı 40 faizdən 50 faizə yüksələrək iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən birinə çevrilmişdir.

Dayanıqlılığın formalaşması: 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 17 milyard manat təşkil edirdisə, son on ildə bu göstərici 40 milyard manata yaxınlaşmışdır. Beləliklə, cəmi bir onillik ərzində büdcə gəlirləri təxminən iki dəfə artmışdır. Lakin ən mühüm dəyişiklik strukturda baş vermişdir. Əgər əvvəl büdcə gəlirlərinin əsas hissəsi neft sektorundan formalaşırdısa, hazırda qeyri-neft gəlirlərinin payı 50 faizə yaxınlaşmışdır. Bu, iqtisadiyyatın daha dayanıqlı maliyyə bazasına keçdiyini göstərir. Qeyd olunan artımın arxasında vergi inzibatçılığının təkmilləşdirilməsi, iqtisadi aktivliyin genişlənməsi və kölgə iqtisadiyyatının azalması kimi amillər dayanır.

İxracın yeni keyfiyyəti: Müqayisə edilən dövrdə Azərbaycanın ixrac strukturunda ciddi dəyişikliklər baş vermişdir. Ümumi ixrac həcmi, təxminən, iki dəfə artdığı halda, qeyri-neft ixracı 3 dəfəyə qədər genişlənmişdir. Bu isə onu göstərir ki, ölkə artıq yalnız xammal ixrac edən iqtisadi modeldən tədricən uzaqlaşaraq daha geniş məhsul çeşidi ilə beynəlxalq bazarlarda mövqeyini möhkəmləndirir. Bu dəyişiklik xüsusilə aqrar məhsullar, kimya sənayesi və emal sənayesi məhsulları üzrə özünü daha qabarıq şəkildə göstərir və ixracın şaxələndirilməsi istiqamətində mühüm nəticələrdən xəbər verir.

Risklərin effektiv idarə olunması: 2015–2016-cı illərdə inflyasiyanın 12–15 faiz səviyyəsində dəyişməsi əhalinin real gəlirlərinə ciddi təsir göstərmişdi. Lakin son illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində inflyasiya tədricən azaldılaraq 2025-ci ildə 5–6 faiz səviyyəsində sabitləşdirilmişdir. Eyni zamanda, milli valyutanın sabitliyi təmin edilmişdir. Bu sabitlik təsadüfi deyil. Onun arxasında maliyyə ehtiyatlarının qorunması, idxal strukturunun optimallaşdırılması və monetar siyasətin daha sərt və koordinasiyalı şəkildə həyata keçirilməsi dayanır. Nəticədə, iqtisadiyyat qlobal şoklara qarşı daha davamlı xarakter almışdır.

İqtisadi coğrafiyanın transformasiyası: Müqayisə edilən dövrün əvvəlində iqtisadi fəallığın əsas hissəsi Bakıda cəmləşmiş, regionlarda isə iqtisadi imkanların məhdudluğu müşahidə olunmuşdur. Lakin son illərin nəticələri göstərir ki, bu mənzərə əhəmiyyətli dərəcədə dəyişmişdir. Regionlarda sənaye istehsalı iki dəfədən çox artmış, kənd təsərrüfatı genişlənmiş və yeni iş yerləri yaradılmışdır. Yol, enerji və logistika infrastrukturu üzrə həyata keçirilən layihələr regionların iqtisadi dövriyyəyə daha fəal qoşulmasına şərait yaratmışdır. Bu isə ölkə daxilində iqtisadi balansın formalaşmasına və regional inkişafın sürətlənməsinə gətirib çıxarmışdır.

Əldə olunan nəticələrin əsas mənbəyi: Qeyd olunan bütün dəyişikliklərin əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl sosial-iqtisadi siyasət dayanır. Son 10 ildə müəyyən edilmiş prioritet istiqamətlər – iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sosial rifahın qorunması və regionların dirçəldilməsi – praktik nəticələr vermişdir. Bu siyasətin əsas üstünlüyü onun qısamüddətli artıma deyil, uzunmüddətli dayanıqlılığa yönəlməsidir.

Son 10 ilin statistikası göstərir ki, Azərbaycan iqtisadiyyatı yalnız böyüməyib, eyni zamanda, struktur baxımından yenidən qurulmuşdur. ÜDM-in 2 dəfədən çox olmaqla büdcə gəlirlərinin artması qeyri-neft sektorunun aparıcı mövqeyə yüksəlməsi və makroiqtisadi sabitliyin təmin edilməsi bu transformasiyanın əsas göstəriciləridir.

Bu gün iqtisadiyyatın gücü yalnız enerji sektorunda deyil, onun idarə olunma modelində, çevikliyində və dayanıqlılığındadır. Məhz bu xüsusiyyətlər Azərbaycanın növbəti inkişaf mərhələsinə daha inamla keçidini təmin edir. Nəticə olaraq qeyd edilməlidir ki, Azərbaycan iqtisadiyyatının son 10 ildə müsbət yöndə belə dəyişməsinin əsas göstəricisi isə rəqəmlərin artımı deyil, həmin rəqəmləri diqtə edən mükəmməl iqtisadi məntiqdir.

Yaşar MƏMMƏDOV,
ETN İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru

İqtisadiyyat