Azad Qarabağda müasir yol infrastrukturu yaradılır

post-img

İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr icra olunur. Həmin layihələr çərçivəsində ümumi uzunluğu 3 min 878 kilometrdən çox olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, ötən müddətdə ümumi uzunluğu 1454,3 kilometr olan 30 layihənin icrası başa çatdırılıb. Hazırda isə ümumi uzunluğu 2 min 432,8 kilometr təşkil edən 38 layihə üzrə tikinti işləri davam etdirilir.

Qarabağ və Şərqi Zəngəzurda yol infrastrukturu layihələri çərçivəsində tunellərin tikintisi də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həmin ərazilərdə ümumi uzunluğu 71,2 kilometr olan 48 tunelin inşası planlaşdırılıb. Artıq ümumi uzunluğu 13,6 kilometr təşkil edən 7 tunelin tikintisi yekunlaşıb. Hazırda isə 57,6 kilometr uzunluğunda 41 tunel üzrə işlər davam edir.

Ötən müddətdə körpü tikintisi sahəsində də mühüm irəliləyişlər əldə olunub. Ümumilikdə, uzunluğu 9 min 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur. Artıq ümumi uzunluğu 8 min 839,1 metr təşkil edən 392 körpü istifadəyə verilib. Bununla yanaşı, ümumi uzunluğu 3 min 871 metr olan 16 viadukun inşası planlaşdırılıb. İndiyədək 1965 metr uzunluqda 9 viadukun tikintisi başa çatdırılıb.

Bütün bu işlər nəticəsində işğaldan azad olunmuş ərazilərdə müasir yol infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır, bölgənin sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaradılır.

XQ

İqtisadiyyat