Yaxın Şərq böhranı dünya iqtisadiyyatını silkələyir

post-img

“Hörmüz blokadası”nda fırtına davam edir

Bir aydan artıqdır ki, Fars körfəzində davam edən hərbi qarşıdurma dünya iqtisadiyyatında parçalanma meyillərini də sürətləndirir. Beynəlxalq Valyuta Fondunun (BVF) mütəxəssisləri “Yaxın Şərqdə müharibənin enerji, ticarət və maliyyə sektorlarına təsiri” adlı hesabatda vurğulayırlar ki, Hörmüz boğazının bağlanması və enerji resurslarının qıtlığı yanacaq, kimya sənayesi məhsulları və ərzaq mallarının bahalaşmasına gətirib çıxarır, nəticədə, qlobal səviyyədə inflyasiya təzyiqləri güclənir və istehsal tempi zəifləyir.

Bu inflyasiya dalğası müəyyən səviyyədə Azərbaycana da təsirsiz ötüşməyə bilər. Hələlik, neft qiymətlərinin yüksəlməsindən fayda əldə edən ölkəmiz bir çox inkişaf etməkdə olan ölkələrlə müqayisədə daha üstün iqtisadi mövqedə qərarlaşır.

Ümumiyyətlə, münaqişə dünya iqtisadiyyatına “yüksək qiymətlər və zəif artım” kimi təsir edir. Beynəlxalq Banklararası İnkişaf Bankı (EBRD) da bildirir ki, neft qiymətləri 100 ABŞ dollarından yuxarı səviyyədə qaldıqca qlobal ÜDM ən azı 0,4 faiz azalacaq, inflyasiya isə 1,5 faizdən çox yüksələcək. Hörmüz boğazından keçən xammal ticarəti dünya tədarükünün 25–35 faizini təşkil edir və bu ərzaq inflyasiyasına birbaşa təzyiq göstərir. Digər tərəfdən, dünya üzrə dizelin təxminən 10 faizi və aviasiya yanacağının 20 faizi məhz Hörmüz boğazından daşınır. Qlobal neft tranzitinin 20 faizdən çoxu məhz buradan həyata keçirilir. Yəni Avropa və Asiyada yüksək enerji hesabları sənaye xərclərini qaldırır, uçot dərəcələrini artırır, bunu ölkələrdə yenidən qiymət təzyiqi və məzənnə gərginliyi izləyir.

“Hörmüz blokadası” və ticarətdə tormozlanma

Hörmüz boğazında yaranmış gərginlik dünya ticarətində logistika xərclərini də rekord səviyyəyə çıxarıb. Reuters agentliyinin məlumatına görə, böyük həcmdə LNG (mayeləşdirilmiş qaz) limanları öz funksiyasını itirib. Boğazdan keçən tankerlər dayandırılır, keçmək istəyənlər isə vurulur. Nəticədə VLCC (çox böyük xam neft daşıyıcısı) sinfinə aid tanker xərcləri 423 min dollara qalxaraq tarixi göstəriciyə çatıb.

Hərəkətsizlik səbəbilə hər gün minlərlə tona yaxın neftin daşınması ləngiyir. İngiltərə, Yaponiya və digər ölkələrin gəmiləri təhlükəsizlik səbəbindən Xəzər və Cənub-Şərqi Asiya marşrutlarına yönəldilib, bu da yükdaşımada əlavə yanacaq və sığorta xərclərini artırır. Reuters-in hesabatında qeyd olunur ki, “Hörmüz boğazından təhlükəsiz keçid təmin edilməyincə, gəmiçilik fəaliyyətləri dayandırılmağa davam edəcək”.

EBRD isə proqnozlaşdırır ki, Hörmüz bağlandığı təqdirdə, qlobal neft təchizatının təxminən 14 faizi bazardan silinəcək və bu da qiymətlərin hələ bundan sonra da artacağına işarədir. Belə blokadaların davamı enerji nəqli üçün alternativ boru xətləri və terminal investisiyalarını sürətləndirir. Lakin bu yeni infrastruktur xərcləri və mövcud limanların yüklənməsi beynəlxalq logistika yükünü artıraraq istehsal və idxal qiymətlərinə təkan verir.

Neft qiymətlərinin yüksəlməsi və Azərbaycan

Müharibə fonunda neft dünya bazarında kəskin yüksəlişdədir. Dünya bazarında Azərbaycan neftinin də bahalaşması davam edir. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,3 dollar və ya 3,36 faiz artaraq 132,35 dollar olub. "Azeri Light" neftinin ən aşağı qiyməti isə 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Qeyd edək ki, ölkəmiz 2026-cı il dövlət büdcəsində neftin 1 barelinin orta qiymətini 65 dollar olaraq bəlirləyib. Bu fərq dövlət büdcəsinə valyuta axınlarını formalaşdırır. Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanın neft ixracı 3,6 milyon ton təşkil edib və 1,7 milyard dollar gəlir əldə olunub.

Neftdən gələn əlavə gəlirlər 2026-cı il büdcəsini möhkəmləndirərək dövlət investisiyaları üçün əlavə qaynaq yaradır. Avropanın enerji mənbələri şaxələnməsi strategiyasında Azərbaycan mühüm tədarükçüdür, bu da ölkəmizə uzunmüddətli ixrac bazarları təmin edir. Qaz ixracının artması Avropaya alternativ təminat verib, bu da SOCAR və tərəfdaşların gəlirlərini artırır. Bütün bunlar beynəlxalq reytinq qurumlarının qiymətləndirməsinə görə Azərbaycan üçün makroiqtisadi dayanıqlılığı gücləndirir. Neftin qiymətinin hər barel üçün əlavə 10 dollar artması Azərbaycanın illik ixracının dəyər ifadəsində təxminən 3 milyard dollar artmasına və 1,5–2 milyard dollar məbləğində əlavə büdcə gəlirlərinə səbəb olur.

Digər tərəfdən, risklər də var. "ING Group" şirkəti yaydığı hesabatda bildirir ki, ölkəmizin idxalının böyük bir hissəsi Yaxın Şərqdəki vəziyyətlə bağlı inflyasiya risklərinə məruz qalan regionlardan daxil olur ki, bu da ölkədə istehlak qiymətləri indeksinə (İQİ) yüksək risklər yaradır. 2024-cü ildə ultra aşağı inflyasiya dövründən sonra qiymət artımı 2025-ci ilin əvvəlindən etibarən 5–6 faiz diapazonuna qayıdıb və bu səviyyədə qalmaqdadır: “İdxalın təxminən yarısının Yaxın Şərqlə bağlı inflyasiya risklərinə məruz qalan regionlardan daxil olduğunu nəzərə alsaq, istehlak qiymətləri indeksi artım yönlü risklərlə üzləşir. Qiymətləndirməmizə görə, dünya üzrə ərzaq qiymətlərinin 10 faiz artması inflyasiya səviyyəsinə təxminən 1,5 faiz bəndi əlavə edəcək”.

Bundan əlavə, digər ölkələr üçün də risklər müxtəlifdir. Məsələn, İndoneziyada nikel istehsalı da zərər görə bilər. Belə ki, bu ölkə elektrik avtomobilləri üçün akkumulyator istehsalında istifadə olunan dünya nikelinin təxminən yarısını təmin edir. Hazırda isə İndoneziya neft emalının əlavə məhsulu olan və nikelin filizdən ayrılması üçün vacib olan kükürdün çatışmazlığı ilə üzləşir. Bu kükürd əsasən Körfəz ölkələrindən tədarük olunur. Dünyada karbamid və onun istehsalı üçün xammalın təxminən üçdəbiri təbii qazla zəngin Qətər, Səudiyyə Ərəbistanı və İran tərəfindən təmin edilir. Azot gübrələrinin qıtlığı isə aqrar sektorda məhsuldarlığa ciddi mənfi təsir göstərə bilər.

Ən həssas vəziyyətdə isə aşağı gəlirli ölkələr qalır. BVF-nin qiymətləndirməsinə görə, bu ölkələrdə ərzaq xərcləri ümumi istehlakın təxminən 36 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici inkişaf etməkdə olan ölkələrdə 20 faiz, inkişaf etmiş ölkələrdə isə cəmi 9 faiz səviyyəsindədir.

Xülasə, Yaxın Şərqdəki müharibə bütün dünya üçün texniki və siyasi şok dalğası yaradır, lakin Azərbaycan indiki şəraitdə şanslı tərəf kimi çıxış edir. Ölkəmiz neft qiymətlərinin qalxmasına görə iqtisadi gəlirləri artırır, Avropa partnyorları arasında etibarlı enerji təchizatçısı kimi önə çıxır. Eyni zamanda, qlobal inflyasiya təzyiqlərinə qarşı diqqətli olmaq lazımdır. İqtisadi siyasətçilər inflyasiya riski fonunda makrodayanıqlığı qoruyacaq tədbirləri gücləndirməli, sosial dəstək mexanizmlərini vaxtında işə salmalıdır. Dövlət büdcəsindən əldə edilən əlavə qazanc strateji yenidənqurma və modernləşdirmə layihələrində (infrastruktur, bərpaolunan enerji və s.) sərmayə kimi istifadə olunmalıdır.

Ümumilikdə, BVF-nin tövsiyə etdiyi kimi, bu qlobal şok şəraitində ölkə manevrləri dəqiqliklə kalibrləməli, ehtiyatları qoruyub saxlamağa diqqət yetirməlidir. Azərbaycanın prioriteti iqtisadi şaxələndirmə, özəl sektorun gücləndirilməsi və enerji bazarında strategiya tərtib etməklə riskləri azaltmaq, mövcud fürsətləri isə maksimallaşdırmaq olmalıdır.

Nurlan ABDALOV
XQ

İqtisadiyyat