Arıçılıqda durum: 1 addım irəli, 1 addım geri

post-img

Bu “şirin” fəaliyyətə nələr “acı” qatır?

Son günlər ölkəmizin arıçılıq sektorunda ciddi narahatlıq doğuran məlumatlar yayılıb. Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətovun açıqlamasına görə, Özbəkistandan respublikaya “Tropilaelaps” adlı təhlükəli parazit gənə ilə yoluxmuş arı ailələrinin gətirilməsi faktı qeydə alınıb. Bu məlumat arıçılar arasında ciddi təşvişə səbəb olub.

Qurum rəhbəri qeyd edib ki, dünya təcrübəsində arı ailələri üçün ən təhlükəli parazitlərdən biri hesab olunan “Tropilaelaps” təkcə fərdi təsərrüfatlara deyil, eyni zamanda, bütöv regionun ekoloji tarazlığına və kənd təsərrüfatı zəncirinə böyük zərər vurmaq gücünə malikdir. Onun fikrincə, bu parazit sürətlə yayılmaqla arı populyasiyasının kütləvi şəkildə azalmasına gətirib çıxarır.

Kənd təsərrüfatı eksperti Şahin Nəcəfovun sözlərinə görə, “Tropilaelaps” gənəsi arıçılıqda geniş yayılan “Varroa” parazitindən daha təhlükəli hesab olunur. Çünki bu gənə birbaşa arı sürfələri ilə qidalanır və pətək daxilində çoxalma sürəti olduqca yüksəkdir. Yoluxmuş pətəklərdə arılar çox zaman qanadsız, şikəst və uçmaq qabiliyyəti olmadan doğulur. Bu isə arı ailəsinin qısa müddətdə zəifləməsi və tamamilə məhv olması ilə nəticələnir.

Ekspertlərin bildirdiklərinə görə, Özbəkistandan gətirilən arıların İsmayıllı kimi arıçılığın geniş yayıldığı bölgələrdə aşkar edilməsi təhlükənin daha da böyüdüyünü göstərir. Çünki belə bir vəziyyət yoluxmanın artıq ətraf mühitə yayıldığı ehtimalını artırır. Məlumata əsasən, Rusiya illər əvvəl bu təhlükə səbəbindən Özbəkistandan arı idxalına qadağa tətbiq etməklə yarana biləcək belə bir qorxulu xəstəliyin qarşısını alıb. Azərbaycanda da oxşar addımların atılması zəruri sayılır.

Hazırkı mərhələdə isə ən doğru yanaşma həmin ərazilərin karantin rejiminə alınması, yoluxmuş arı ailələrinin və materialların ciddi nəzarət altında məhv edilməsi, eləcə də bu istiqamətdə tədbirlərin gücləndirilməsidir. Əks halda, xəstəliyin ölkə daxilində sürətlə yayılması bal ixracı potensialına və daxili bazara ciddi zərbə vura bilər.

Arıçılıq sahəsində 20 ildən artıq təcrübəsi olan mütəxəssis Kazım Nəbiyev də vəziyyətin təhlükəli olduğunu vurğulayır. Onun sözlərinə görə, arıçı üçün pətəyin məhv olması yalnız maddi itki deyil, bu, həm də illərlə formalaşdırılmış seleksiya və genofondun itirilməsi deməkdir. K.Nəbiyev bildirir ki, “Tropilaelaps” kimi parazitlə mübarizə adi dərman vasitələri ilə çox çətin aparılır. Parazit gözlə çətin seçildiyi üçün xəstəlik çox vaxt gec aşkar edilir və nəticədə itkilərin qarşısını almaq mümkün olmur.

Ekspertlərin fikrincə, müxtəlif yollarla, bəzən sənədlərdə “təmiz” göstərilərək ölkəyə gətirilən arılar yerli Boz Qafqaz arı cinsi üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. İsmayıllı rayonu arıçılığın əsas mərkəzlərindən biri hesab olunduğundan, xəstəliyin bu ərazidə yayılması digər dağlıq və dağətəyi rayonlarda da zəncirvari yoluxma riskini artırır. Arıçılar bildirirlər ki, belə bir təhlükə son illər müşahidə olunmayıb və məsələ təxirəsalınmaz tədbirlər tələb edir.

Bu səbəbdən aidiyyəti dövlət qurumlarının, xüsusilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təcili şəkildə reydlərə başlayaraq idxal prosesini araşdırması və yoluxma ehtimalı olan arı ailələrinin taleyi barədə rəsmi açıqlama verməsi zəruri hesab olunur.

Qeyd edək ki, artıq AQTA Özbəkistandan Azərbaycana gətirildiyi iddia olunan arılarla bağlı araşdırmaya başlayıb. Mütəxəssislərin fikrincə, bu tip xəstəliklərin bioloji təhlükəsi onun gizli və sürətli yayılma potensialı ilə bağlıdır. Beynəlxalq təcrübə göstərir ki, arı ailələri, paket arılar və ana arılar vasitəsilə xəstəliklərin ölkələr arasında yayılması çox asan baş verir. Məhz bu səbəbdən bir sıra dövlətlər arı idxalı üzərində ciddi baytarlıq və fitosanitar nəzarət mexanizmləri tətbiq edir. Məlumatlara görə, Rusiyanın Özbəkistandan arı idxalına qadağa qoyması da bu təhlükənin real xarakter daşıdığından xəbər verir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, proses vaxtında nəzarətə götürülməsə, nəticə təkcə fərdi təsərrüfatların zərəri ilə məhdudlaşmayacaq. Xəstəliklər qısa müddətdə geniş ərazilərə yayılaraq arı populyasiyasının kəskin azalmasına, nəticədə kənd təsərrüfatının digər sahələrinin inkişafına ciddi təsir göstərəcək.

Statistika nə deyir?

Mövcud təhlükə arıçılıq sektorunda artıq müşahidə olunan geriləmə fonunda daha ciddi narahatlıq doğurur. Rəsmi statistikaya əsasən, ötən il Azərbaycanda 29 min 456 təsərrüfatda mövcud olan 545 min arı ailəsindən 4 min 76 ton bal və digər arıçılıq məhsulları əldə edilib. Əvvəlki illə müqayisədə arı ailələrinin sayı 5,9 faiz, bal istehsalı 7,9 faiz, mum istehsalı isə 6,9 faiz azalıb. Vərəmum və güləm istehsalında da geriləmə qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, arıçılıq yalnız bal istehsalı ilə məhdudlaşmayan, ekoloji və iqtisadi baxımdan strateji əhəmiyyət daşıyan sahədir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və digər beynəlxalq qurumların məlumatlarına görə, dünyada yetişdirilən kənd təsərrüfatı bitkilərinin, təxminən, üçdə biri tozlandırma prosesindən asılıdır və bu prosesin əsas yükünü məhz arılar daşıyır. Bu baxımdan arı populyasiyasının azalması kənd təsərrüfatının ümumi məhsuldarlığına da mənfi təsir göstərir.

Azərbaycanda arıçılıq son onillikdə kənd təsərrüfatının diversifikasiyası baxımından diqqətçəkən istiqamətlərdən biri hesab olunur. Ölkənin coğrafi və iqlim müxtəlifliyi zəngin flora növlərinin formalaşmasına şərait yaradır ki, bu da keyfiyyətli bal istehsalını mümkün edir. Bununla belə, son illərin statistik göstəriciləri sektorda müəyyən struktur problemlərin mövcudluğunu ortaya qoyur.

Qlobal arıçılıq bazarında iqlim dəyişiklikləri arı populyasiyasına təsir edən əsas amillərdən biridir. Temperatur dəyişiklikləri, quraqlıq dövrlərinin artması, flora müxtəlifliyinin azalması arı ailələrinin məhsuldarlığını aşağı salır. Beynəlxalq araşdırmalar bir sıra ölkələrdə arı ailələrinin sayında azalma və mövsümi məhsuldarlığın düşməsi tendensiyasının gücləndiyini göstərir. Bununla yanaşı, kənd təsərrüfatında istifadə edilən pestisidlər və digər kimyəvi maddələr də arı koloniyalarının zəifləməsinə təsir edən əsas amillər sırasındadır. Avropa və Şimali Amerika ölkələrində aparılan tədqiqatlar bu amilin arıçılıq üçün ciddi təhlükə yaratdığını təsdiqləyir.

Bütün bu narahatlıq doğuran məqamlara baxmayaraq, Azərbaycanda arıçılıq sektorunda müəyyən struktur dəyişiklikləri də müşahidə edilir. Xüsusilə arı südü istehsalında artımın qeydə alınması təsərrüfatların daha yüksək dəyərli məhsullara yönəlməyə başladığını göstərir. Qlobal bazarda arı südü, güləm və vərəmum kimi məhsullar baldan daha yüksək qiymətlə satılır və əczaçılıq, kosmetologiya, eləcə də qida sənayesində geniş istifadə olunur.

Beynəlxalq bazar göstəriciləri arıçılıq məhsullarına tələbatın təkcə qida məhsulu kimi deyil, həm də sağlamlıq və bioaktiv məhsullar kateqoriyasında artdığını göstərir. Bu isə arıçılıq təsərrüfatlarının məhsul çeşidini genişləndirməsinin və əlavə dəyər yaradan məhsullara istiqamətləndirilməsinin iqtisadi baxımdan perspektivli olduğunu ortaya qoyur. Arıçılıq, eyni zamanda, regionların sosial-iqtisadi inkişafında da mühüm rol oynayır. Xüsusilə dağlıq və yarı dağlıq ərazilərdə arıçılıq alternativ gəlir mənbəyi kimi çıxış edir. Bununla belə, statistik göstəricilər arı ailələrinin sayında azalma fonunda sektorun daha çox kiçik təsərrüfatlar üzərində formalaşdığını da göstərir.

Qlobal təcrübəyə görə, arıçılığın dayanıqlı inkişafı üçün xəstəliklərə qarşı mübarizə metodlarının təkmilləşdirilməsi, texnoloji yeniliklərin tətbiqi, məhsul emalı və markalaşdırma imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bir sıra ölkələrdə bal və digər arıçılıq məhsullarının emalı və brendləşdirilməsi kənd təsərrüfatı məhsullarının ixrac potensialını artıran əsas amillərdən biri hesab olunur.

Mütəxəssislərin fikrincə, Azərbaycanda arıçılıq sahəsində müşahidə edilən istehsal azalması qlobal ekoloji və iqtisadi tendensiyalar fonunda daha geniş şəkildə qiymətləndirilməlidir. Eyni zamanda, “Tropilaelaps” kimi təhlükəli parazitin ölkəyə daxil olması ehtimalı sektorda vəziyyəti daha da gərginləşdirə bilər. Bu baxımdan idxal üzərində ciddi nəzarət mexanizmlərinin karantin tədbirlərinin gücləndirilməsi və dövlət qurumlarının operativ reaksiyası strateji əhəmiyyət daşıyır.

Rəsmi nəzarət və ictimai məsuliyyət

Arıçılıqda müşahidə olunan problemlər qlobal xarakter daşıyır. Dünya miqyasında iqlim dəyişiklikləri, flora müxtəlifliyinin azalması və pestisid istifadəsi arı populyasiyasına ciddi təsir göstərir. Temperatur dəyişiklikləri və quraqlıq dövrlərinin artması da arıların qida bazasını zəiflədir, nəticədə koloniyaların davamlılığı azalır. Bununla yanaşı, son illər bir sıra xəstəlik və parazitlər, o cümlədən “Tropilaelaps” kimi təhlükəli gənələr getdikcə daha geniş yayılır. Bu isə arıçılıq sektorunu təkcə iqtisadi deyil, həm də ekoloji təhlükəsizlik məsələsinə çevirir.

AQTA-nın Özbəkistandan Azərbaycana gətirildiyi iddia olunan arılarla bağlı araşdırmaya başlaması da müsbət addımdır. Lakin mövcud vəziyyət göstərir ki, bu məsələdə yalnız reaktiv tədbirlər reallaşdırmaq kifayət etmir. Mütəxəssislərin qənaətincə, bu sahədə müəyyən istiqamətlər üzrə sistemli yanaşmaya ehtiyac var. Məsələn, arı idxalına dair daha sərt karantin və sertifikatlaşdırma mexanizmləri yaradılmalı, xəstəliklərin erkən diaqnostikası üçün laborator imkanlar genişləndirilməli, arıçılar arasında maarifləndirmə işi gücləndirilməli, qeyri-rəsmi idxal kanallarının qarşısı alınmalı və regional monitorinq sistemi qurulmalıdır.

“Tropilaelaps” gənəsi ilə bağlı hadisə isə, əslində, daha böyük bir problemin simptomudur. Qloballaşan dünyada kənd təsərrüfatı sektoru təkcə iqtisadi deyil, həm də biotəhlükəsizlik cəhətdən qorunmalıdır. Bu baxımdan Azərbaycan arıçılığı hazırda iki istiqamətli təzyiq altındadır. Birincisi, bir tərəfdən qlobal iqlim və ekoloji dəyişikliklər, digər tərəfdən isə nəzarətsiz idxal və xəstəlik təhlükəsi ciddi narahatlıq doğurur. Bu şəraitdə düzgün idarəetmə qərarlarının verilməsi sektorda geriləmənin qarşısını alınmasını şərtləndirir. Başqa sözlə, səmərəli nəzarət, innovasiya və struktur islahatları həyata keçiriləcəyi təqdirdə arıçılıq kənd təsərrüfatının bir sahəsi olaraq, yüksək əlavə dəyər yaradan strateji istiqamət kimi inkişaf edə bilər.

Kamran SEYDƏLİ,
“Sarı Pətək” Arıçılıq Təsərrüfatının rəhbəri

Son dövrlərdə respublikamıza xarici ölkələrdən, xüsusilə Özbəkistandan paket arıların gətirilməsi ciddi narahatlıq doğurur. Bu məsələ artıq təkcə arıçılıq sahəsinin deyil, ümumilikdə, kənd təsərrüfatının və ekoloji təhlükəsizliyin əsas mövzusuna çevrilib.

Məlumdur ki, xaricdən gətirilən arılarla birlikdə ölkəyə təhlükəli parazitlərin, o cümlədən “Tropilaelaps” gənəsinin daxil olması ehtimalı yüksəkdir. Bu parazit qısa müddətdə arı ailələrini zəiflədərək məhv edir və geniş yayılma qabiliyyətinə malikdir. Beynəlxalq təcrübə də göstərir ki, bu təhlükə realdır. Rusiya kimi ölkələr narahatlıq doğuran belə bir vəziyyəti nəzərə alaraq arı idxalına ciddi məhdudiyyətlər tətbiq edir. Bu isə problemin qlobal səviyyədə diqqət mərkəzində saxlanıldığını təsdiqləyir.

Hazırda Azərbaycanda bu istiqamətdə kifayət qədər sərt nəzarət mexanizmlərinin tətbiq olunmaması ciddi narahatlıq doğurur. Belə bir hal isə yerli arı cinslərinin sıradan çıxması, təhlükəli xəstəliklərin sürətlə yayılması, arıçılıq təsərrüfatlarının zərər görməsi, eləcə də bitkilərin tozlanmasının zəifləməsi və məhsuldarlığın azalması kimi təhlükələr yaradır. Qeyd olunanları nəzərə alaraq aidiyyəti dövlət qurumlarına üz tutaraq bildirirəm ki, xaricdən paket arı idxalı məsələsi dərhal yenidən qiymətləndirilməli, bioloji təhlükəsizlik tədbirləri gücləndirilməli, riskli idxal proseslərinə müvəqqəti məhdudiyyətlər tətbiq olunmalı və yerli arıçılığın qorunması prioritet elan edilməlidir.

“Tropilaelaps” təhlükəsi ilə bağlı yaranmış vəziyyət göstərir ki, Azərbaycanda arıçılıq sektorunda biotəhlükəsizlik mexanizmləri tam sistemli şəkildə formalaşmayıb. Mövcud normativ baza əsasən ümumi baytarlıq və fitosanitar nəzarət çərçivəsində fəaliyyət göstərir. Lakin arıçılıq kimi spesifik və yüksək riskli sahə üçün daha hədəflənmiş hüquqi mexanizmlərə ehtiyac var.

Hazırda proseslərin nəzarəti əsasən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilsə də, təcrübədə qeyri-rəsmi idxal kanallarının mövcudluğu və sahəvi nəzarətin zəifliyi təhlükənin qarşısını tam almağa imkan vermir. Buna görə də arı ailələri və ana arıların idxalı üçün ayrıca “yüksək riskli bioloji məhsul” statusu müəyyənləşdirilməli, bu çərçivədə təkcə akkreditə olunmuş təsərrüfatlardan idxala icazə verilməsi, idxal öncəsi və sonrası məcburi laborator analizlərin reallaşdırılması, minimum 30-45 günlük karantin müddətinin tətbiqinin gerçəkləşdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

Bütün bunlarla yanaşı, bütün arı xəstəlikləri və yoluxma halları üzrə vahid elektron sistem yaradılmalı, bu istiqamətdə fəaliyyət göstərən təsərrüfatların sertifikasiyası həyata keçirilməli, xəstəliklərə qarşı profilaktik tədbirlərin tətbiqinə xüsusi əhəmiyyət verilməli, arı və arıçılıq məhsullarının qeyri-qanuni idxalı və satışı üçün daha sərt inzibati, eləcə də maliyyə sanksiyaları tətbiq edilməlidir. Xəstəlik səbəbindən arı ailələrini itirən təsərrüfatlar üçün dövlət dəstəyi və aqrar sığorta alətləri genişləndirilməlidir.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat