Müasir şəhərsalma, dayanıqlı inkişaf və həyat keyfiyyəti arasında strateji tarazlıq Bakıya yeni sima gətirir
Son illər Bakının müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi, burada rahat yaşayış mühitinin yaradılması, sosial və mədəni həyatın tərəqqisini gerçəkləşdirən məkanların formalaşdırılması nəticəsində paytaxtın siması əsaslı şəkildə dəyişib, beynəlxalq miqyasda daha geniş tanınıb. Şəhərdə kommunal xidmətlərin və nəqliyyat şəbəkəsinin getdikcə yaxşılaşdırılması isə əhalinin rahatlığı ilə bərabər, həm də iqtisadi dinamizmi artırıb.
Eyni zamanda, paytaxt əhalisinin sosial ehtiyaclarının reallaşdırılması da xüsusi önəm daşıyıb. Yaşayış massivlərinin genişləndirilməsi, yeni məktəb və xəstəxanaların tikintisi, sosial xidmətlərin əlçatanlığının artırılması da bunun bariz ifadəsi kimi diqqət çəkib.
Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi bu inkişafın əsasında dayanan strateji yanaşmanı, mövcud problemləri və qarşıdakı mərhələnin əsas hədəflərini sistemli şəkildə ortaya qoyur. Dövlətimizin başçısının vurğuladığı kimi, Bakının inkişafı yalnız yeni binaların tikintisi ilə ölçülmür. Əsas məqsəd insan amilinə söykənən şəhər modelinin qurulmasıdır ki, burada rahat nəqliyyat, keyfiyyətli kommunal xidmətlər, geniş ictimai məkanlar, sosial infrastruktur və ekoloji tarazlıq bir-birini tamamlayan elementlər kimi çıxış edir.
Son illərdə Bakıda yaşayış massivlərinin genişlənməsi, yeni məktəb və xəstəxanaların tikilməsi, sosial xidmətlərin əlçatanlığının artırılması əhalinin artan tələbatına cavab verir. Bu isə paytaxtın təkcə inzibati deyil, həm də sosial-iqtisadi mərkəz kimi rolunu gücləndirir. Lakin belə bir şəraitə baxmayaraq, müəyyən çətinliklər narahatlıq doğurur. Prezident İlham Əliyevin müsahibəsində bu baxımdan xüsusi diqqət çəkən əsas məsələlərdən biri su-kanalizasiya sistemləri ilə bağlıdır.
Qeyd edək ki, Bakı, Sumqayıt və Xırdalanı, bütövlükdə, Abşeron yarımadasını əhatə edəcək bu sahə ilə bağlı irimiqyaslı proqramın hazırlanması şəhər təsərrüfatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Güclü yağışlar zamanı yaranan problemlər də göstərir ki, ötən illərdə həyata keçirilən layihələrə baxmayaraq, mövcud infrastruktur getdikcə güclənən urbanizasiya prosesinə tam cavab vermir. Buna görə də içməli su təchizatı ilə yanaşı, respublikada ilk dəfə qurulacaq duzsuzlaşdırma qurğusu da strateji əhəmiyyət daşıyır. Bu addım paytaxtla bərabər, bütövlükdə, ölkənin su təhlükəsizliyi baxımından da mühüm önəm daşıyır.
Hazırda Bakının ən ciddi problemlərindən biri də yol hərəkəti və tıxaclarla bağlıdır. Prezident İlham Əliyevin müsahibədə açıqladığı rəqəmlər şəhərdə bu sahədə görülən işlərin miqyasını aydın göstərir: “Hamımız yaxşı bilirik ki, yol hərəkəti bu gün, həqiqətən, ciddi problemdir. Əvvəlki illərdə biz çox iş görmüşük, 50 tunel, 50-yə yaxın körpü inşa etmişik, yolları genişləndirmişik. Təkcə Bakıda 2500 kilometr yol salınmışdır. Təsəvvür edin, şəhərin daxilində 2500 kilometr yol...
Vaxtilə Bakı şəhərinə gedən yolun necə olduğunu çox yaxşı xatırlayırıq. O zaman cəmi bir yol var idi. Bu sahədə görüləcək işlər hələ çoxdur. Biz artıq Bakıda əlavə 10 metro stansiyasının tikintisini nəzərdə tutan proqram qəbul etmişik. Mənim səlahiyyət müddətim ərzində 7 stansiya tikilib, lakin bu, kifayət deyil. Buna görə də daha 10 metro stansiyası, eləcə də yeni körpülər və tunellər tikiləcək. Bütün bunlar üçün vəsait cəlb etməliyik, çünki bu, bizə xeyli maliyyə qənaəti edəcək və həmin vəsaiti Qarabağ üçün istifadə edə biləcəyik”.
Dövlətimizin başçısının vurğuladığı rəqəmlərdən də aydın olur ki, əhalinin və avtomobillərin sayının sürətlə artması mövcud infrastrukturun artıq kifayət etmədiyini göstərir. Hər il ölkəyə on minlərlə yeni avtomobilin gətirilməsi, yerli avtomobil istehsalının getdikcə yüksəlməsi nəqliyyat yükünü daha da artırır. Bu isə problemin aradan qaldırılmasını təkcə yeni yollar salmaqla deyil, həm də kompleks yanaşma ilə gerçəkləşdirməyi zəruri edir.
Prezident İlham Əliyevin müsahibədə açıqladığı daha 10 metro stansiyasının tikintisi planı Bakının nəqliyyat xəritəsində keyfiyyətcə yeni mərhələdir. Son 20 ildə 7 metro stansiyasının istifadəyə verilməsi isə artıq şəhərin müəyyən bir dövrdə tıxaclardan sığortalamasını hədəfləyir. Yeni stansiyaların, əlavə depoların yaradılması və mövcud stansiyalarda aparılan optimallaşma layihələri ilə ictimai nəqliyyatın cəlbediciliyinin artırılması da qarşıya mühüm vəzifə kimi qoyulur.
Yeri gəlmişkən, ölkə rəhbəri müsahibəsində nəqliyyat layihələrinin reallaşdırılması zamanı Bakının tarixi memarlıq ansamblının toxunulmaz saxlanılmasının zəruriliyini, tarixi abidələrin qorunmasının dövlət siyasətinin dəyişməz istiqaməti olduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobilliyin, yəni ictimai nəqliyyata üstünlük verilməsinin bir çıxış yolu ola biləcəyini də xatırladıb.
Prezident İlham Əliyev daha sonra bu istiqamət üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin beynəlxalq mütəxəssisləri cəlb etməklə səmərəli fəaliyyət göstərdiyini və artıq Bakının yeni yol infrastrukturunun xəritəsinin təsdiqləndiyini bildirib. Ölkə rəhbəri müsahibədə, həmçinin vurğulayıb: “Mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. Eyni zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb. Yeni parklar, ictimai zonalar, istirahət zonaları yaradıldıqda mütləq onun nəqliyyat infrastrukturu da paralel olaraq öz həllini tapır. Misal üçün, biz bunu Mərkəzi Parkın timsalında görə bilərik. Vaxtilə çox ensiz, dar küçələr idi. İndi çox geniş küçələr və faktiki olaraq, bu istiqamətdə, yəni Heydər Əliyev Sarayından da yuxarı istiqamətə getmək üçün çox geniş imkanlar yaradılıb”.
Azərbaycan lideri müsahibədə “Sovetski” adlandırılan ərazinin köçürülməsi prosesinin davam etdiyini və burada da istirahət məkanlarının, parkların salınmasının, süni göllər yaradılmasının və nəqliyyat sisteminin qurulmasının diqqət mərkəzində saxlanılmasını da tövsiyə edib. Eyni zamanda, velosiped zolaqlarının yaradılmasına başlanıldığını deyən ölkə rəhbəri bəzilərinin bundan narazı qaldığını, amma inkişaf etmiş ölkələrin təcrübəsində bunun da bir çıxış yolu olduğunu diqqətə çatdırıb: “Çünki bu, həm sağlamlıqdır, həm də ki, tıxaclara qarşı önəmli bir vasitə olacaq. Təbii olaraq ictimai nəqliyyat istədiyimiz səviyyədə olan zaman, əlbəttə, ictimai nəqliyyatdan istifadə etmək ən yaxşı variant ola bilər. Biz bunu etməyə çalışırıq. Yenə də deyirəm, hər il Bakıya yüzlərlə yeni avtobus gətirilir. Hazırda havanı çirkləndirməyən elektrobuslar istehsal olunur. Həm dövlət, həm də özəl şirkətlər tərəfindən hər il yüzlərlə yeni avtobus gətiriləcək. Biz Bakının tıxac problemini belə həll edə bilərik”.
Dövlətimizin başçısı müsahibədə, həmçinin Bakı-Sumqayıt dəmir yolunun səmərəli fəaliyyətinin paytaxtın nəqliyyat yükünün azaldılmasında mühüm rol oynadığını qeyd edərək bu xəttin çəkilməsi ilə şəhərin nəqliyyat vəziyyətinin nizama salındığını, dairələrin ləğvinin və yolötürücülərin inşasının paytaxt daxilində hərəkətin daha axıcı olmasına şərait yaratdığını diqqətə çatdırıb. Bütün bunlarla yanaşı, sözügedən sahədə artıq mühüm proqramların qəbul edildiyini, vəsait ayrıldığını və konkret yol xəritəsinin hazırlandığını da vurğulayıb.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi prioritetlər – kommunal xidmətlərin modernləşdirilməsi, nəqliyyat sistemlərinin genişləndirilməsi, ictimai məkanların yaradılması və mikromobillik yalnız yerli inkişaf sənədlərində yer almır, eyni zamanda, dünya şəhərlərinin müasir planlaşdırma təcrübələri ilə paralel strategiyalar kimi çıxış edir. Beləliklə, Bakının inkişaf modeli qısa müddətli kosmetik dəyişikliklərə deyil, həm də uzunmüddətli, dayanıqlı və insan yönümlü şəhər konsepsiyasına əsaslanır. Bu yanaşma paytaxtı rahat yaşayış məkanı olmaqla bərabər, eyni zamanda, iqtisadi, mədəni və sosial baxımdan cəlbedici qlobal şəhərə çevirməyi hədəfləyir.
Vaqif BAYRAMOV
XQ

