Tallində vergi təcrübəsi mübadiləsi

post-img

Estoniyanın paytaxtı Tallin şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının 153-cü iclası keçirilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. 

Bildirilib ki, toplantıda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, IOTA prezidenti Orxan Nəzərli çıxış edərək İcraiyyə Şurasının təşkilatın strateji məqsədlərinə nail olmaq istiqamətində böyük səylə çalışdığını diqqətə çatdırıb. Şuranın iclasında mühüm məsələlərin müzakirə olunduğunu vurğulayan O. Nəzərli qəbul ediləcək qərarların təşkilatın gələcək fəaliyyəti üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

İclasda Avropadaxili Vergi Administrasiyaları Təşkilatı tərəfindən keçirilən tədbirlər və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində təşəbbüslər barədə məlumat verilib. Qurumda təmsil olunan ölkələrin birgə fəaliyyətinin əhəmiyyəti vurğulanıb, ümumi məqsədlərə və ortaq dəyərlərə töhfələri diqqətə çatdırılıb.

Toplantının davamında IOTA Katibliyi tərəfindən görülən işlər, İcraiyyə Şurasının 152-ci və 153-cü iclasları arasında fəaliyyət hesabatının layihəsi, 2024-cü ilin maliyyə hesabatının layihəsi, 2024-2025-ci illər üçün daxili auditorların hesabatı, 2024-cü il üçün IOTA strategiyasının illik icra hesabatı və 2025-ci il üçün büdcənin icrası məsələləri müzakirə edilib.

Səfər çərçivəsində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti Orxan Nəzərli Estoniya Vergi və Gömrük Administrasiyasının baş direktoru Rayqo Ukqivi ilə görüşüb. Görüşdə iki ölkə arasında vergi inzibatçılığı sahəsində əməkdaşlıq perspektivləri və rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub. Tərəflər təcrübə mübadiləsinin vacibliyini vurğulayaraq birgə layihələrin həyata keçirilməsi istiqamətində razılığa gəliblər. Orxan Nəzərli estoniyalı həmkarını Avropadaxili Vergi Administrasiyaları Təşkilatının bu ilin 17–19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək Baş Assambleyasında iştiraka dəvət edib.

 

 

İqtisadiyyat