Elm siyasəti və milli elmi elita

post-img

II məqalə

“Elm – sonsuza qədər ön sırada”

ABŞ-də liberal elm siyasətinin əsaslarını yaradanlardan olan V.Buş haqqında I məqalədə yazmışıq. Fikrimizi davam etdirərək onu vurğulayaq ki, II Dünya müharibəsi zamanı o, ordunun maraqlarına uyğun elmi-tədqiqat işlərini koordinasiya etmişdir. 1945-ci ildə isə yazdığı “Elm – sonsuza qədər ön sırada” adlı əsəri ilə elm siyasətinin konseptual əsaslarını yaratmışdır. 

V.Buş həm də Amerika Prezidentinin elmi məsləhətçisi idi. 1940-cı ildə ABŞ-də müdafiə tədqiqatlarının Milli Komitəsini prezident F.Ruzvelt yaradanda ora nüfuz etməyi bacarmışdır. O zaman V.Buş Karneqi Fondunun rəhbəri idi. V.Buşun təkidi ilə yeni yaranmış Milli Komitəyə Harvard, Massaçuset universitetlərinin və Milli Elmlər Akademiyasının rəhbərlərini daxil etdilər. Bununla milli komitədə nəzarət alimlərə keçdi.   

Sonra V.Buş Elmi Tədqiqat və Araşdırmalar Bürosunu yaratdı. Büro birbaşa ABŞ prezidenti tərəfindən maliyyələşdirilirdi. Milli komitə sonradan büronun tərkibinə daxil edildi və məsləhət-məşvərət şurasına çevrildi. 

V.Buş hesab edirdi ki, dövlət tədqiqat institutları yaradıcılıq sərbəstliyi ilə dövlətin strateji maraqlarına xidmət edən fəaliyyətin sintezinə nail olmalıdırlar. Yəni onlar strateji perspektivi olan tədqiqatlar aparmalı və onu dövlətin elm siyasəti əsasında etməlidirlər.

Bununla V.Buş bir sıra alimlərin yaradıcılıqda tam sərbəstliyə üstünlük verilmə tələblərinin (o cümlədən, M.Polani və R.Mertonun) real əsası olmadığını sübut etdi. Hər bir halda liberal elm siyasətinin banilərindən olan V.Buş göstərir ki, bütün hallarda dövlət tabeliyindəki elmi-tədqiqat institutları şəxsi tədqiqat mərkəzlərindən fərqli olaraq dövlətin strateji maraqlarına uyğun vahid elm siyasəti çərçivəsində fəaliyyət göstərməlidirlər. 

Bu, prinsipial məqamdır və hər bir ölkə üçün başqa faktorlardan qaynaqlanan özəlliklər üzərində düşünməyə istiqamətləndirir. O cümlədən liberal elm siyasətinin amerikan variantının vurğuladığımız bir sıra başlıca məqamlarından bir neçə qənaət əldə edə bilərik.

Birincisi, tam sərbəst elmi fəaliyyət nə fərdi, nə də institusional miqyaslarda mövcud deyildir. İnkişaf etmiş ölkələrdə isə elm birbaşa dövlətə xidmət etməlidir.

İkincisi, liberal elm siyasətində dövlətə aid olmayan elmi təşkilatlarda fəaliyyət sərbəstliyi təmin edilir. Lakin son məqamda onların fəaliyyəti də dövlətin strateji maraqlarından kənarda olması arzuolunan hal sayılmır. Bəzən bunun qarşısını ən sərt üsullarla ala bilirlər. 

Deməli, liberal elm siyasətində yaradıcılıq sərbəstliyi ilə alim məsuliyyəti müəyyən nisbətdə götürülür. Bu nisbət konkret ölkənin dövlətçilik, elmi, siyasi, mədəni ənənəsi ilə indiki dövrdə qarşısına qoyduğu başlıca dövləti hədəflərin qarşılıqlı münasibətlərində dəqiq ifadəsini tapır. Buradan avtomatik olaraq üçüncü qənaət alınır. 

Üçüncüsü, liberal elm siyasətinin məzmunu və məqsədi ölkədən ölkəyə fərqlənir. Bura elm siyasətinin substantiv aspekti ilə yanaşı, elmi fəaliyyətin təşkili fəlsəfəsi və əyani təzahür forması da daxildir. 

Marksist sistemin elm siyasəti

Burada əsas prinsip elmin dövlətin nəzarətində olması ilə bağlıdır. SSRİ dönəmində elmin təşkili əsasən üç istiqamətdə aparılırdı: birinci, akademik sistem daxilində elmi-tədqiqat müəssisələri şəbəkəsi, ikinci, ali məktəblər şəbəkəsi, üçüncü, ayrı-ayrı ixtisaslaşmış şöbələr şəbəkəsi. Burada elmi-tədqiqat aspektində aparıcı rolu akademik araşdırmalar oynamışdır. Bu da SSRİ-də akademiyaları, faktiki olaraq, elm siyasətinin başlıca obyekti halına gətirmişdi və həm də ölkənin elmi elitası əsasən bu sistemdə formalaşırdı. 

Keçən əsrin 70–80-ci illərindən başlayaraq sovetlərdə marksistliklə yanaşı, elmin idarə olunmasında sistemli yanaşmanın tətbiqi genişləndi. Onun əsas ideya banisi Cermen Qvişiani idi. O, 1968-ci ildə etdiyi məruzədə SSRİ-nin elm siyasətinin mahiyyətini açmışdır. Həmin məruzədə C.Qvişiani sovet elm siyasəti çərçivəsində rasional formada sistem yanaşma metodunun tətbiq edilməsinin elmdə böyük uğurlara yol aça biləcəyi tezisini ifadə etmişdir. Bu o demək idi ki, marksist elm siyasətində müasir tələblərə uyğun yeniliklər edilsə, elmi uğurlar daha çox ola bilər. Lakin həyat göstərdi ki, liberal elm siyasəti daha geniş yayılmışdır və hazırda dünyanın aparıcı dövlətləri məhz liberal elm siyasəti əsasında marksist sistemin də müəyyən elementlərini daxil etməklə yeni elm siyasətinin hazırlanmasına üstünlük verirlər. 

Problemin nəzəri aspekti üzərində detallı dayanmadan birbaşa vurğulanan təcrübənin Azərbaycana proyeksiyası məsələsinə baxaq. 

1945–1980-ci illər

Akademik İsa Həbibbəyli XX əsrdə Azərbaycanda akademik elmin təşkili ilə bağlı geniş tədqiqat aparmışdır və onu konkret dövrüləşdirmişdir. Biz həmin dövrüləşdirmə çərçivəsində bir sıra məqamlara toxunacağıq. 

1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılması ilə XX əsrdə ilk dəfə Azərbayanda elmi-tədqiqat vahid institutlaşma formasına keçmişdir. Onun akademiya formasında institutlaşması həm elm siyasəti, həm də elmi fəaliyyətin təşkilində həlledici rol oynamışdır. Çünki faktiki olaraq EA Azərbaycan SSR-də ­elmi-tədqiqatın aparıcı və əsas institutlaşmış forması olmuşdur. Əlbəttə, bu, ali məktəblərdəki elmi fəaliyyəti arxa plana atmırdı, lakin respublikada elmi araşdırmaların çox böyük yükü və məsuliyyəti məhz akademiyanın üzərinə düşürdü. 

Buna görə də biz, XX əsr boyu Azərbaycanda elmin təşkilinin əsas məkanının EA və bu səbəbdən onun dövlətin elm siyasətinin başlıca obyekti olduğunu qəbul etməliyik. Lakin təəssüf ki, bu məqam 1969-cu ilə qədər respublikada bir qədər kölgədə qalmışdır. Ulu öndər Heydər ­Əliyev Azərbaycana rəhbərlik edəndən başlayaraq Elmlər Akademiyası dövlət siyasətinin ön sırasına çıxarılmışdır. 

Bununla Heydər Əliyev XX əsrdə, ilk dəfə olaraq, elm siyasətinə konkret məzmun vermiş və həmin kontekstdə Akademiyanın təşkilatlanmasının inkişafını sistemli hala gətirmişdir. 1982-ci ilə qədər Heydər Əliyev EA-nı Azərbaycan və azərbaycançılığa xidmət istiqamətində faktiki olaraq yenidən təşkilatlandırmışdır. Akademik İsa Həbibbəyli vurğulayır ki, bununla Heydər Əliyev faktiki olaraq ölkənin milli elmi elitasını yaratmışdır. Bu baza indi də AMEA-nın fəaliyyətində əsas rol oynamaqdadır.

Müstəqillik mərhələsi

Müstəqillik mərhələsində Azərbaycanda elmi fəaliyyətin təşkili (institutlaşma səviyyəsində) yeni məzmun almışdır. Bu prosesin də təməlində Ulu öndərin elm siyasəti dayanırdı. Burada başlıca istiqamət dövlətə və azərbaycançılığa xidmətlə bağlı idi. Bu xətti davamlı olaraq inkişaf etdirən Heydər Əliyev 2001-ci ildə AMEA-nı “milli sərvət” kimi qiymətləndirdi. Həmin məqam həm elm siyasəti, həm də milli elmi elitanın formalaşması prosesində yeni mərhələnin başlanğıcı idi. Burada həm varisliyi, həm də yeniliyi onların qarşılıqlı münasibətləri kontekstində daha aydın təsəvvür etmək üçün bir sıra özəlliklərə baxaq.  

Elm siyasətində varislik

Liberal və marksist sistem modellərinin mahiyyəti göstərir ki, istənilən halda müstəqil dövlətdə elm siyasətində varislik prinsipinə əməl olunmalıdır. Onun elmi fəaliyyətin davamlı olması aspekti ilə yanaşı, elmin cəmiyyətdəki funksiyasının da bir xüsusiyyəti ilə bağlı səbəbi vardır. Məsələ ondan ibarətdir ki, ölkədə elm faktiki olaraq müasir cəmiyyətin elitasının formalaşmasında aparıcı rol oynamalıdır. Tədqiqatlarda bu məqam maraqlı şəkildə ifadəsini tapmışdır. 

Nümunə olaraq göstərə bilərik ki, müasir araşdırmaçılar elmi elitanı üç tərkib hissəsinə ayırırlar – önelita, yaradıcı (kreativ elita) və postelita kəsimləri. Önelita gənc elmi nəsli əhatə edir. Onlar mövcud elmi elitanın təcrübəsi üzərində yenilikçi olmalı və faktiki olaraq yaradıcı kəsimi əvəz etməlidirlər. 

Məntiqdən görünür ki, hər zaman kreativ, yəni yaradıcı elmi elita prakiki olaraq verilən zaman kəsiminidə ölkənin milli elmi elitasının fəaliyyətdə olan və birbaşa nəticəverən kəsimini təmsil edir. Kreativ elmi elita gənclərlə yaşlılar arasında ruhi, intellektual, mənəvi, əxlaqi və mədəni bağlantı yaradan və bu anlamda varisliyi təmin edən təbəqə rolunu oynayır. 

Nəhayət, “postelita” milli elmi elitanın kiçik bir qismini ifadə edir ki, ona qoca  alimlər daxildir. Postelita özünəxas tərzdə elmi varisliyi təmin edən, lakin feili olaraq kreativ elita səviyyəsində səmərəli (faydaverici, elmi nəticəalıcı) işləmək imkanı məhdud olan elmi kəsimdir. Onlar bütün ölkələrdə daha çox hakimiyyətə “yaxın” olurlar. Yəni həm elm adamlarının sözlərini demək, həm də nüfuz baxımından postelita mühüm rol oynayır.  

Özlüyündə sual yarana bilər: elmi elitanın hansı kəsimi daha əhəmiyyətlidir? Əgər cavabı yuxarıda vurğulanan qısa müqayisələr fonunda axtarsaq, belə bir tezis irəli sürə bilərik: milli elmi elitanın hər üç kəsimi çox önəmlidir və praktiki aspektdə onların heç birini arxa plana atmaq olmaz. 

O cümlədən önelita xatirinə postelitanı sıxışdırmaq yolverilməzdir, çünki bütövlükdə, həm dövlət-elm münasibətlərinə, həm də elmi yaradıcılıqda varisliyə ciddi ziyan ola bilər. Eyni zamanda, elmi təcrübənin dinamik ötürülməsi mexanizmi pozular ki, onun bərpası uzun müddət mümkün olmaz. Məsələ onunla bağlıdır ki, elmi təcrübənin ötürülmsəi elmi yaradıcılığın əsas şərtlərindən biridir və onun formalaşmasına uzun illər lazım gəlir. Bu prosesdə təhsillə elmin vəhdətinin təmini mühüm şərtdir. Təhsildə hazırlanan gənc kadrların sırf elmi araşdırmalara cəlb olunması sistemli və əsaslı yanaşma tələb edir.

Müasir Qərb liberal elm siyasətinə aid olan bir nümunə gətirək. İndi qərbli alimlər yazırlar ki, elə elmi problemlər mövcuddur ki, yüzlərlə və bəzən minlərlə tədqiqatçının vahid komandada işləməsini təşkil etmək zərurəti yaranır. Məsələn, bozon kiçik hissəciyinin tədqiqi üçün 5 min (!) kadr cəlb edilmişdi. Gen ardıcılığının araşdırılması üçün isə 900-dən çox mütəxəssis birgə işləməli olmuşdur. 

Azərbaycandakı elmi tədqiqat institutlarının (daha ali məktəbləri demirik) kadr potensialı baxımından bu rəqəmlər çox yüksəkdir. Bizim hansı elmi tədqiqat institutunda 5 min kadr çalışır? Heç birində. Demək ki, faktiki olaraq bir elmi problemi araşdırmaq üçün tələb olunan yüzlərlə və minlərlə kadrı müvəqqəti də olsa, elmin institutlaşması kriteriyaları çərçivəsində vahid yaradıcı komandada birləşdirmək lazım gəlir. Buradan ən azı iki nəticə çıxarmaq olar. 

Birincisi, müasir mərhələdə elmi fəaliyyətin institutlaşması daha da aktual hala gəlmişdir və burada fənlərarası tədqiqat istiqaməti üstünlük təşkil edir ki, bu da kadr aspektində çoxlu sayda insanın birgə yaradıcı işləməsini təmin etməyi ön sıraya çıxarır. Yəni elm siyasətində vahid məqsədə xidmət strateji əhəmiyyət kəsb edir. 

İkincisi, ölkə miqyasında elm siyasəti ilə aparıcı elmi təşkilatın elm siyasəti vəhdət təşkil etməlidir. Onlar arasında hər hansı uyğunsuzluq mənfi nəticələr verə bilər.    

Bu kontekstdə təsəvvür edək ki, sovet dönəmində uzun illər həm təhsilin təşkili, həm də sırf elmi araşdırmaları apara biləcək kadrların yetişdirilməsi ciddi sistemlilik şərtləri daxilində formalaşır və sonra bu prosesdən birbaşa fərqli (məsələn, liberal elm siyasətinə) modelə keçilir. Belə bir keçid həmişə nəticəsiz olur. Ona görə ki, məsələ yalnız fərdin elmi yaradıcılığı üçün geniş imkanların yaradılması ilə məhdudlaşmır. Burada müasir mərhələdə ön sıraya kollektiv elmi yaradıcılıq və elmi fəaliyyətin təşkilinin bu kollektiv yaradıcılığın praktiki nəticə verə biməsini təşkil etmək məsələsi çıxır. Elmin optimal və müasir tələblərə uyğun institutlaşması zəruriliyinin təməlində ilk olaraq məhz bu şərt dayanır. Həmin özəllik çərçivəsində elm siyasəti ilə milli elmi elitanın formalaşması məsələləri sıx qarşılıqlı əlaqədə olurlar. 

Əlbəttə, elm siyasəti ilə milli elmi elitanın formalaşması məsələsi yalnız varisliyin təmini ilə məhdudlaşa bilməz. Burada elmi elitanın tərkibi və ümumiyyətlə, ölkədə elmi fəaliyyətin institutlaşmasının kreativ aspekti ciddi ol oynayır. Eyni zamanda, biz bu məsələyə AMEA-nın yeniləşməsi kursu fonunda onun strateji inkişaf konsepsiyası aspektində varisliklə yeniliyin çoxtərəfli parametrləri kontekstində baxacağıq.     

(ardı var)

Füzuli Qurbanov, 
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Elm