Balkan ölkələri ilə əməkdaşlığa töhfə

post-img

Bakı Slavyan Universitetində (BSU) II Beynəlxalq Balkanşünaslıq konfransı keçirilib. Mərsimi BSU-nun rektoru Anar Nağıyev açaraq balkanşünaslıq sahəsində beynəlxalq elmi əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq və Azərbaycanla Balkan ölkələri arasında elmi-mədəni əlaqələri daha da inkişaf etdirmək baxımından konransın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Balkan ölkələri ilə Azərbaycanın tarixən mövcud olan dostluq və əməkdaşlıq əlaqələri bu sahədə elmi tədqiqatların aparılmasını zəruri edir”,–deyə bildirən rektor Balkan ölkələrində də azərbaycanşünaslıq sahəsində mühüm araşdırmaların aparıldığını diqqətə çatdırıb. 

Sonra Milli Məclisin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov çıxış edərək Avropanın əhəmiyyətli paçası olan Balkan ölkələrinin azərbaycanlılara, türklərə bir çox cəhətdən doğma olduğunu söyləyib. Vurğulayıb ki, son 30 ildən artıq bir müddətdə Azərbaycanın Balkan ölkələri ilə siyasi, iqtisadi, mədəni-elmi əlaqələri daim yüksələn xətlə inkişaf edir və artıq ikinci dəfə keçirilən beynəlxalq Balkanşünaslıq konfransı bunu bir daha təsdiq edir.

Azərbaycanın Serbiya, Sloveniya, Bosniya, Albaniya, Xorvatiya, Makedoniya və Bolqarıstanla səmərəli əlaqələrin mövcud olduğunu deyən alim qeyd edib ki, Prezident İlham Əliyevin bu ölkələrə çoxsaylı səfərləri baş tutub. Davos İqtisadi Forumu çərçivəsində dövlət başçımızın Balkan ölkələrinin rəsmiləri ilə keçirdiyi görüşlər isə effektiv nəticələr verməkdədir.

Akademik bildirib ki, Azərbaycanın Balkan ölkələri ilə təbii qaz, bərpaolunan enerjilər sahəsində və ölkələrimiz üçün gərəkli olan bir çox sahələrdə artıq sistemləşmiş əməkdaşlığı mövcuddur. O, Zəngəzur dəhlizinin – Tramp marşrutunun açılması ilə Azərbaycandan bir tərəfdən Orta Asiyaya çatan, o biri tərəfdən isə Balkanlara uzanan yolun qan damarı kimi yalnız iqtisadiyyatları deyil, siyasi maraqları, bütün digər yaxınlaşma və təmas xətlərini bir-birinə daha sıx bağlayacağını, qlobal tərəqqidə və əməkdaşlıqda büsbütün yeni və əhəmiyyətli mərhələnin başlanğıcına çevriləcəyini vurğulayıb.

O, 7 ölkənin 100-dən artıq alimini qovuşduran konfransın dövlətlər və xalqlar arasındakı münasibət və əlaqələrin daha da yüksəlməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Akademik Rafael Hüseynov balkanistikanın ən müxtəlif problemlərini əhatə edən məruzələrin kompleks tədqiqat adlandırıla biləcək sanballı bir kitabda toplanacağını bildirib, tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra energetika nazirinin müavini Elnur Soltanov, Şimali Makedoniyanın Skopye Müqəddəs Kiril və Mefodi Universitetinin rektoru Bilyana Angelova, Türkiyənin Ardahan Universitetinin rektoru Öztürk Emiroğlu, Albaniyanın Nyu-York Tirana Universitetinin rektoru Ali Güneş, Bolqarıstanın Müqəddəs Kliment Oxeidski adına Sofiya Universitetinin tədris məsələləri üzrə prorekroru Madlen Danova və başqaları çıxış edərək tədbirin elmi müzakirələrin aparılmasına gözəl fürsətlər yaratmaqla yanaşı, eyni zamanda, Azərbaycan ilə Balkan ölkələri, Türk dünyası ilə Balkanlar arasında elm, təhsil, tədqiqatlar mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirəcəyini söyləyibər. 

Konfransa onlayn qatılan ölkəmizin Albaniyadakı səfiri Anar Hüseynov Azərbaycanla-Albaniya arasında müxtəlif sahələr üzrə mövcud olan əməkdaşlıqdan söz açaraq, konfransın hər iki ölkənin alim və tədqiqatçıları üçün gələcək elmi fəaliyyətlərində mühüm rol oynacağını söyləyib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, 4 bölmə üzrə öz işini davam etdirən konfransda geniş Balkan regionunun tarixi, mədəniyyəti etnoqrafiyası, region geosiyasi məkanı, Azərbaycan və Türk dünyası ilə əlaqələrinə dair 100-dən artıq məruzə dinlənilib.

Qabil YUSİFOĞLU
XQ

 





Təhsil