Sentyabrın 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan elmi sessiya keçirilib.
XQ xəbər verir ki, elmi sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəlinin Azərbaycan mədəniyyətində böyük renessans dövrü olduğunu deyərək, bu dövrdə Azərbaycan musiqisini ən uca zirvələrə yüksəldən Üzeyir Hacıbəylinin Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı 3 fevral 2025-ci il tarixli Sərəncamını xatırladan G.Baxşəliyeva bununla bağlı AMEA-da bir sıra tədbirlərin keçirildiyini, Şərqşünaslıq İnstitutunun da elmi sessiya təşkil etdiyini bildirib.
Üzeyir Hacıbəylinin yaratdığı əsərlərin Azərbaycan xalqının mədəniyyətinin varlığının, yaşamının təcəssümü olduğunu deyən akademik G.Baxşəliyeva onillər keçməsinə baxmayaraq, bu gün də həmin operettaların, filmlərin böyük zövqlə izlənildiyini qeyd edib.
Elmi sessiyada Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi məruzə oxuyub. Üzeyir Hacıbəyli ilə bağlı çoxsaylı arxiv sənədlərini araşdırdığını deyən Solmaz Rüstəmova-Tohidi bu sənədlərdə bir neçə cildlik kitabı əhatə edəcək materialların olduğunu və yaxın aylarda onun ilk cildini çapa təqdim edəcəyini bildirib. Məruzəçi həmin cilddə yer alacaq Üzeyir Hacıbəylinin həyat yoldaşı ilə məktublaşmasına aid nümunələri diqqətə çatdırıb. Onların Qori seminariyası dövründən başlanan tanışlığından danışan S.Rüstəmova-Tohidi çıxışında həmçinin Ü.Hacıbəylinin pedaqoji və jurnalist fəaliyyətinə də nəzər salıb. Məruzəçi Ü.Hacıbəylinin Hadrut, Bibiheybət məktəblərində, “Səadət” məktəbində dərs deməsindən, “Tərəqqi”, “Azərbaycan” qəzetlərində redaktor kimi fəaliyyətindən, “Açıq söz” və digər qəzetlərdə yazılarından bəhs edib.