4 ayda 2,3 milyard manatlıq məhsul istehsal olunub
Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən sayılan kənd təsərrüfatının modernləşdirilməsi, problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin maliyyə resurslarından səmərəli istifadə olunması müsbət nəticələr verir. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısı, eləcə də dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırıcı tədbirlər aqrar sektorda təşəbbüskarlığa geniş meydan açır. Bu da ölkədə bitkiçilk və heyvandarlıq məhsullarının istehsalına, ümumi ixracda kənd təsərrüfatı mallarının payının artmasına səbəb olur.
Aqrar sektorda müşahidə olunan müsbət dinamika 2025-ci ilin ötən dövründə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında ölkəmizdə 2 milyard 345 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 1,8 faiz artım çoxdur.
Hesabat dövründə ölkə üzrə 194 milyon manat bitkiçilik məhsulları istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 9,3 faiz çoxdur. Bitkiçilk məhsullarından tərəvəz istehsalında daha çox artım qeydə alınıb. Belə ki, ilin 4 ayında təsərrüftlarda 147,7 min ton tərəvəz istehsal olunub. Bu isə ötən ilin ilk 4 ayı ilə müqayisədə 12,4 faiz artıqdır. Bununla yanaşı, hesabat dövründə kartof istehsalı 2,1 faiz artaraq 52 min tona çatdırılıb.
Cari ilin yanvar-aprel aylarında kənd təsərrüfatının heyvandarlıq sahəsində əldə olunmuş nəticəni də qənaətbəxş hesab etmək olar. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin ilk 4 ayında ölkə üzrə 2 milyard 151 milyon manatlıq heyvandarlıq məhsulları istehsal olunub ki, bu da əvvəlki ilin müvafiq dövründəkindən 1,1 faiz çoxdur. Mühüm növ heyvandarlıq məhsullarına gəldikdə isə, yanvar-aprel aylarında diri çəkidə 192,3 min ton ət, 701,9 min ton süd, 798,1 milyon ədəd yumurta və 1,9 min ton yun istehsal edilib. Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə yumurta istehsalı 4,4 faiz, ət istehsalı 1,2 faiz artıb. Bununla belə, süd istehsalı eyni səviyyədə qalsa da, yun istehsalı 4,6 faiz azalıb.