Ermənistan müxalifəti siyasi mübarizəni Qərbi Azərbaycana Qayıdış mövzusuna fokuslayır
Reallıq hissini itirənlərin illüziyaya qapılaraq nağıllara inanmaları, həqiqəti əyri güzgüdə təqdim etmələri, üzlərinə dirənən gerçəyi sensasiya kimi yozmaları normal qarşılanmalıdır. Acı məğlubiyyətdən ağır “tranşa” düşmələr, təfəkkürdə sapmalar, sürrealist yanaşmalar tibbin çoxdan müəyyən etdiyi patoloji diaqnozdur. Artıq Qarabağdan əli tam üzülmüş Ermənistan cəmiyyəti, onun yazılı və elektron mediası ağır aqibətlərini macəralarla, uydurma ssenarilərlə ört-basdır etməyə çalışır. Bəzən də çaşıb tarixi reallığı ictimai rəyə uydurma, hətta sensasiya kimi təqdim etmək yolunu tutur.
Ermənistanın “Past” nəşri soydaşlarımızın ata-baba yurdlarına–Qərbi Azərbaycana qayıdışı barədə “sensasion” məqalə dərc edib. Böyük Qayıdışla bağlı çox önəmli məqamların yer aldığı yazıda doğru olaraq azərbaycanlıların tarixi torpaqlarına qayıtması rəsmi Bakı üçün prioritet sayılan məsələlərdən biri kimi təqdim olunur. Qayıdışın İrəvanla Bakı arasında danışıqlar mövzusuna çevrildiyini qeyd edən nəşr bunun cidd-cəhdlə ictimaiyyətdən gizlədildiyini iddia edir. Bu qayıdışın indi zarafat kimi səsləndiyini, zamanla heç də zarafat olmadığını anlayacaqlarını vurğulayan qəzet bununla bağlı Paşinyanın masası üzərinə konkret və təfərrüatlı məlumatın qoyulduğunu yazır. Bu layihənin yaxın zamanlarda həyata keçiriləcəyini istisna etməyən nəşrə görə, guya, Prezident İlham Əliyev Ermənistan baş naziri Nikol Paşinyana azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı konkret layihə təqdim edib. “Bu layihə yaxın vaxtlarda reallaşdırıla bilər. Ermənistan rəhbərliyi məsələni gizlətməyə çalışsa da, qayıdış danışıqların əsas mövzularındandır” – yazan “Past”a 37 il bundan əvvəl doğma yurdlarından departasiya edilmiş soydaşlarımızın qayıdış hüququnun ədalətin təmin edilməsi olacağını xatırlatmağımıza ehtiyac var.
Məqalədə, həmçinin Qayıdış konsepsiyası, dövlətimizin başçısının bu istiqamətdəki çıxışları və Zəngəzurla bağlı planlardan ətraflı söz açılır. Bildirilir ki, “dəhliz açılacaq, azərbaycanlıların yaşadığı eksklav yaradılacaq və bu, yalnız Zəngəzurla məhdudlaşmayacaq. Layihənin icrası Ermənistanın öhdəsinə düşür, Azərbaycan dili isə bu ölkənin rəsmi strukturlarında istifadə oluna bilər”.
Belə bir məqalənin dərci Ermənistandakı mövcud iqtidara qarşı düşünülmüş ideoloji təzyiq vasitəsi kimi istifadə oluna bilər. Amma məqalənin bizim üçün əhəmiyyət kəsb edən mahiyyəti ondan ibarətdir ki, qəzet bununla erməni cəmiyyətinə qayıdışın gec-tez reallaşacağını, Azərbaycanın Qayıdış Konsepsiyasının yaxınlaşdığını təsdiqləmiş oldu. Bu tezisin daxili siyasi mübarizədə hansı formada istifadə ediləcəyinin bizim üçün fərqi yoxdur. Əsas və gerçək mesaj odur ki, “azərbaycanlılar ana dilində təhsil alacaqlar, Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək”. “Past” indi bunu quru ehtimal, ironiyalı perspektiv kimi təqdim edə bilər, amma haylar 5 il bundan əvvəl də yuxularına gəlməyənlərlə gerçəklikdə üzləşəcəklərini ağıllarına belə gətirməzdilər.
***
Soydaşlarımızın fundamental hüquqlarının bərpa edilməsi istiqamətində Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalı, konkret addımlar atmalı olduğu dəfələrlə rəsmi İrəvanın diqqətinə çatdırılıb. Bununla bağlı icma Ermənistan hökumətinə rəsmi müraciət göndərib. Hələlik Hayastan rəhbərliyindən heç bir reaksiya yoxdur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası layihəsini təhrif olunmuş redaksiyada təqdim edən və ona özlərinə sərfəli şəkildə şərh verən nəşrin “ekspertləri” daha da irəli gedərək, guya, konsepsiyada ölkəmizə qarşı vuruşmuş “qəhrəmanlara” Ermənistan ərazisində ucaldılmış heykəllərin ləğv edilməsinin göstərildiyini də yazırlar.
Oxucuların nəzərinə çatdıraq ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası internet resurslarda hamı üçün əlçatandır. Konsepsiyada soydaşlarımızın Ermənistandakı tarixi ərazilərə qayıdışının Hayastan üçün heç bir təhlükə yaratmadığı, əksinə, məqsəd bölgədə uzunmüddətli sülhə və sabitliyə nail olmaqdır. Sənəddə vacib məqamlardan biri tarixi torpaqlarına qayıdacaq soydaşlarımızın təhlükəsizliyinin üçüncü ölkələr tərəfindən təmini məsələsidir. Konsepsiyada oxuyuruq: “Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla geniş miqyaslı və sistematik zorakılıq törətmiş olması səbəbindən Qərbi Azərbaycan İcması təhlükəsizlik məsələlərində bu dövlətə etibar etmir. Ona görə də müvafiq mandatla və Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsilik missiyasının qayıdış olacaq ərazilərdə yerləşdirilməsini zəruri hesab edir”. Bunu “Past”ın Qayıdış Konsepsiyasından xəbərsiz yazarları xatırlatma kimi qəbul edə bilərlər.
Konkret bu məsələdə Azərbaycanın narahatlığına tam haqq qazandırmaq mümkündür. Çünki 37 il əvvəl yüz minlərlə soydaşımız məhz erməni zorakılığının, etnik ayrı-seçkiliyin əzabını yaşayıblar. Həmin hadisələri yaşamış insanlar bu gün sağdır. O dəhşətli səhnələrin lentə alındığı video-xronikalar da durur. İndi rəsmi İrəvanın təhlükəsizlik vədlərinə inanmaq olarmı? Olmaz! Buna görə üçüncü ölkənin prosesdə iştirakına ehtiyac var. “Past” belə qüvvələrin sırasında Türkiyənin və Avropa İttifaqının yer ala biləcəyini yazır.
Artıq Ermənistan ictimaiyyətinə azərbaycanlıların tarixi torpaqlarına qayıdışı ilə bağlı müəyyən məqamlar bəllidir. Medianın bunu günün reallığı, yoxsa “sensasiya” kimi dövriyyəyə buraxmasından asılı olmayaraq, haylar özlərini o günə hazırlasınlar.
Bu “sensasiyanın” parlament seçkilərinə hazırlaşan müxalif düşərgənin Nikol Paşinyana qarşı təzyiq və şantaj kampaniyasının tərkib hissəsi ola biləcəyini də nəzərdən qaçırmamalıyıq. Yəni hay mediasının ilk dəfə müraciət etdiyi və tirajladığı bu mövzu baş nazirə qarşı istifadə olunacaq feyk-xəbərlərdən biridir. Aydın məsələdir ki, əgər Bakı İrəvana belə təkliflər versəydi və bu yöndə müzakirələr aparılsaydı, bunu heç cür gizlətmək mümkün olmazdı.
Əziz ƏLƏKBƏRLİ,
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı:
– Ermənistanla Azərbaycan arasındakı bu münaqişə təkcə Qarabağ müharibəsi ilə məhdudlaşmır. Bu münaqişənin azı 200 illik tarixi var. Ermənilər bu coğrafiyada 200 ildir azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və deportasiya həyata keçiriblər. Qarabağ müharibəsi bu bədnam siyasətin yalnız son halqasıdır. Ona görə də Ermənistanla Azərbaycan arasında dayanıqlı, etibarlı sülh sazişinin imzalanması üçün Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı yeritdiyi iki əsrlik düşmənçilik siyasətindən səmimi şəkildə əl çəkməlidir. Qərbi Azərbaycan İcması ilk gündən ata-baba torpaqlarımıza dinc yolla, ləyaqətli şəkildə qayıdış uğrunda mübarizə aparır. Bununla bağlı Ermənistan rəhbərliyinə, beynəlxalq təşkilatlara dəfələrlə müraciət göndərmişik. İcmanın Qayıdış konsepsiyasının və digər mühüm sənədlərin BMT-nin əsas orqanlarının rəsmi sənədləri kimi yayılmasını təmin etdik. Biz çalışacağıq ki, gələcək nəsillər üçün bu problem qalmasın, yəni oraya – Qərbi Azərbaycana qayıdışımız gerçəkləşsin. 44 günlük müharibə nəticəsində torpaqlarımızı işğaldan azad etdik. İndi isə hədəfimiz Qərbi Azərbaycana qayıdışdır.
Azərbaycanla oyun oynamaq lazım deyil. Birincisi, Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməli, bunun üçün konstitusiyasını dəyişməlidir, ikincisi də Qarabağ müharibəsinin tərkib hissəsi kimi 1987–1991-ci illərdə Qərbi Azərbaycandan – indiki Ermənistandan qovulmuş azərbaycanlıların geriyə qayıdış hüququnu tanımalı və təmin etməlidir. Özü də sözdə yox, əməldə”.
İmran BƏDİRXANLI
XQ