2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks – hücum əməliyyatına başladı. Bu Vətən müharibəsi otuzillik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Zəfər marafonunun 2-ci günü
– BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
– Prezident İlham Əliyev Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.
– 2020-ci il 28 sentyabr saat 00:00-dan etibarən Azərbaycanda hərbi vəziyyət elan olunub. Bu barədə Prezident köməkçisi Hikmət Hacıyev məlumat verib. Bildirib ki, Prezidentin fərmanı ilə hərbi vəziyyət elan olunub: “Prezidentin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında qəbul edilən fərman Prezident tərəfindən təsdiqlənib”. Belə ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
– Müdafiə Nazirliyi Ermənistan ordusunun üç silah-sursat anbarının, onlarla texnikasının və 550-dən çox canlı qüvvəsinin məhv edildiyi barədə məlumat yayıb. Əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu döyüşlər nəticəsində ciddi itkilərə məruz qalıb. Belə ki, düşmənin 22 tankı və digər zirehli texnikası, 15 “OSA” zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı (PUA), 8 artilleriya qurğusu məhv edilib. Müxtəlif istiqamətlərdə düşmənin 3 silah-sursat anbarı məhv edilib.
Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib. Talış kəndi istiqamətində gedən döyüşlərdə Ermənistan ordusunun desant həmlə taborunun komandiri podpolkovnik Lernik Babayan məhv edilib. Onun komandiri olduğu hərbi hissənin şəxsi heyəti isə ağır itkilərə məruz qalıb.
Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb. Müdafiə Nazirliyinin məlumatında bildirilib: Dərin kədər hissi ilə qeyd edirik ki, sentyabrın 28-də saat 19 radələrində Tərtər rayonunun Şıxarx qəsəbəsində yerləşən əlillər və məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli yaşayış binasının həyətinə top mərmisinin atılması nəticəsində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu və onun qardaşı 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu həlak olub, 1984-cü il təvəllüdlü Məmmədov Seymur Füzuli oğlu, 1989-cu il təvəllüdlü Mahmudov Faiq Malik oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
– Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.
– Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib. Müdafiə Nazirliyi daha 2 düşmən tankının məhv edilməsinin görüntülərini yaydı.
– Ermənistan tərəfindən Azərbaycan ordusunun itkisi ilə bağlı yayılan məlumatlar tamamilə yalandır. Bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov açıqlamasında deyib. O qeyd edib ki, bu saxta məlumatların məqsədi ölkə daxilində yaranan xaosu azaltmaqdır. A.Eyvazov bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusu ciddi itkilərə məruz qalıb. Onun sözlərinə görə, düşmənin 24 ədəd tankı və zirehli texnikası, 15 ədəd zenit raket kompleksi, 15 uçuş aparatı, 8 ədəd artilleriya qurğusu, 550 nəfərdən artıq şəxsi məhv edilib. A.Eyvazov qeyd edib ki, düşmən itkilərinin arasında aşkar edilmiş bəzi meyitlərin Suriyadan və Yaxın Şərqdən gətirilmiş muzdluların olduğu aşkar edilib.
– Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.
– Azərbaycan Ordusu bölmələrinin dəqiq zərbələri nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə məxsus daha bir neçə hərbi texnika məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında təqdim olunan videoda düşmənə məxsus hərbi texnikaların məhv edilmə anları əks olunub.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı əks-hücum əməliyyatları davam edir.
Mustafa KAMAL
XQ