Sarkozi dosyesi: korrupsiya hüquqi normalara necə müdaxilə edir?

post-img

Fransada prezidentliyə namizədlərin fəaliyyətində şübhə doğuran hadisə

Fransanın sabiq prezidenti Nikola Sarkozinin həbsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə geniş rezonans doğurub. Paris Cinayət Məhkəməsi müəyyən edib ki, o, 2005–2007-ci illərdə mərhum Liviya lideri Müəmmər Qəddafidən milyonlarla avro məbləğində qanunsuz maliyyə dəstəyi alıb. Nəticədə sabiq prezident “cinayətkar sövdələşmə”də təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum olunub. Buna baxmayaraq, Sarkozi bütün ittihamları rədd edir və bildirir ki, məhkəmə prosesi siyasi motivlidir. Sarkozinin arqumentinə görə, 2011-ci ildə Fransanın Qəddafi rejiminə qarşı beynəlxalq hərbi koalisiyaya qoşulması Liviyanın keçmiş hakim elitasında qisas istəyi doğurub və bugünkü ittihamların kökündə məhz həmin motivlər dayanır.

ARAYIŞ: 71 yaşın içində olan Nikola Sarkozi 2007-ci ildə keçirilən prezident seçkilərində səs çoxluğu ilə qalib gələrək Fransanın dövlət başçısı olub. Onun hakimiyyəti dövrü daxili siyasətdə sərt islahatlar, Avropa İttifaqı ilə münasibətlərdə daha praqmatik, bəzən populist mövqe ilə yadda qalıb. Sarkozinin şəxsi həyatı da daim medianın diqqət mərkəzində idi. Model və müğənni Karla Bruni ilə evliliyi uzun müddət ictimai müzakirə mövzusu olub. Prezidentlik müddəti başa çatdıqdan sonra da Sarkozi sağ-mühafizəkar düşərgədə nüfuzlu fiqur olaraq qalırdı. Lakin son illər barəsində açılan cinayət işləri, korrupsiya ittihamları onun siyasi imicini sarsıtdı. Bu ilin əvvəlində ona verilmiş ən yüksək dövlət mükafatı – Şərəf Legionu ordeninin geri alınması isə prosesin rəmzi nəticəsi kimi qiymətləndirilir.

Sarkozinin məhkumluğu Fransada siyasi elitanın toxunulmazlıq dövrünün bitməsi ilə bağlı bəzi suallar doğurur. Ümumiyyətlə, məhkəmə prosesi təkcə sabiq prezidentin həbsi ilə məhdudlaşmır, hadisə həm də Fransada siyasi maliyyələşmənin şəffaflığı barədə müzakirələri gücləndirir, siyasi qütbləşməni artırır. Çünki sağ-mühafizəkar elektoratın bir qismi hələ də Sarkozini “siyasi qurban” kimi görür. Ona qarşı ittihamlar bunlarla bitmir. Prokurorların təqdim etdiyi ittiham aktına görə, hələ daxili işlər naziri olduğu dövrdə, o, Liviya rəhbərliyi ilə gizli razılaşmaya gedib. İddialara əsasən, Qəddafi hökumətinə beynəlxalq arenada siyasi dəstək verilməsi müqabilində Sarkozinin prezident seçki kampaniyası üçün milyonlarla avro ayrılıb. Prokurorluq iddia edir ki, bu maliyyə əməliyyatları kriminal şəbəkələr vasitəsilə həyata keçirilib. Sənədlərə görə, çamadanlarla Parisə gətirilən nağd pulların daşınmasında Liviya casusları, terrorçular və silah alverçiləri iştirak ediblər. Beləliklə, 10 ildən artıq aparılan araşdırmanın nəticəsi olaraq Sarkoziyə qarşı dörd əsas ittiham irəli sürülüb: Dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək; passiv korrupsiya; qanunsuz seçki kampaniyasını maliyyələşdirmək; cinayət törətmək məqsədilə sui-qəsd. Sarkozi ilə birlikdə daha 11 nəfər mühakimə olunub. İttiham olunanlar arasında Liviya ilə əlaqələrin əsas vasitəçilərindən biri sayılan iş adamı Ziyad Takiyuddin, sabiq daxili işlər naziri və Sarkozinin yaxın köməkçisi Klod Gean, seçki kampaniyasının maliyyə rəhbəri Erik Vuert, eləcə də sabiq nazir Bris Hortefö də yer alıb. Takiyuddinin bu işdə açar rol oynadığı vurğulanır. O, 2020-ci ildə başqa bir korrupsiya işinə görə beş il azadlıqdan məhrum edildikdən sonra Fransadan qaçıb Livana sığınmışdı. Amma Sarkozinin hökmünün elan olunmasına cəmi iki gün qalmış qəfil vəfatı məhkəmə prosesinə əlavə müəmmalar gətirdi. Çünki Takiyuddin illər boyu həm Sarkoziyə qarşı ittihamların əsas şahidi, həm də korrupsiya şəbəkəsinin birbaşa iştirakçısı sayılırdı.

Nikola Sarkoziyə qarşı korrupsiya və qanunsuz maliyyələşdirmə ittihamlarının kökü 2011-ci ilə gedib çıxır. Həmin vaxt Liviya dövlət xəbər agentliyi iddia etmişdi ki, mərhum lider Müəmmər Qəddafi hökuməti 2007-ci il Fransada prezident seçkilərində Sarkozinin kampaniyasına milyonlarla avro vəsait ayırıb. Bu iddialar sonrakı illərdə daha da gücləndi. 2014-cü ildə “France 24” kanalı Qəddafinin “France 3 TV”-yə verdiyi müsahibəni yayımladı. O, həmin çıxışında açıq şəkildə bildirmişdi: “Sarkozi zehni cəhətdən naqisdir. Onun prezident olması mənim sayəmdə mümkün oldu. Biz ona qələbə qazanması üçün lazım olan pulları verdik”. Elə həmin il Qəddafinin oğlu Seyf əl-İslam da “Euronews”-a müsahibəsində atasının dediklərini təsdiqləyərək Sarkozini “Liviyanın pullarını mənimsəməkdə” günahlandırmışdı. 2012-ci ildə araşdırmaçı media orqanı “Mediapart” Liviya xüsusi xidmətlərinə aid olduğu iddia olunan sənəd dərc etdi. 2006-cı ilin dekabrında imzalandığı bildirilən bu sənəddə Qəddafinin Sarkozinin kampaniyasına 50 milyon avro ayırmağa razılıq verdiyi qeyd olunurdu. Sarkozi dərhal açıqlama verərək sənədi saxta adlandırdı. 2016-cı ildə isə livan əsilli iş adamı Ziyad Takiyuddin “Mediapart”-a açıqlamasında Liviya tərəfindən Sarkoziyə və onun kabinet rəhbərinə 5 milyon avro nağd pul çatdırdığını etiraf etdi. Lakin o, 2020-ci ildə Livana qaçdıqdan sonra ifadəsini geri götürdü. Bu dəyişiklik işin hüquqi tərəflərini mürəkkəbləşdirdi.

Bir məqamı da xatırladaq ki, Sarkozinin Qəddafi ilə münasibətləri paradoksal olub. 2007-ci ildə o, Liviya liderini Yelisey sarayında rəsmi şəkildə qəbul etmişdi. Amma cəmi dörd il sonra–“ərəb baharı” zamanı demokratiya tərəfdarlarının etirazları başlayanda Qəddafiyə qarşı hərbi müdaxiləni dəstəkləyən ilk Qərb liderlərindən biri məhz Sarkozi idi. Sarkozinin adı başqa qalmaqallarda da hallanır. 2023-cü ilin oktyabrında prokurorlar onu şahid ifadələrinə təsir göstərməkdə ittiham etdilər. 2024-cü ildə isə həyat yoldaşı Karla Bruni də sübutları gizlətməkdə şübhəli bilinərək məsuliyyətə cəlb olundu. Əslində, hadisələri dərindən analiz etdikdə görürük ki, bu hökm Sarkozinin üçüncü məhkumluğudur. 2021-ci ildə o, “rüşvət və nüfuza təsir göstərmə” ittihamı ilə bir il ev dustaqlığına məhkum edilib. Paris Apellyasiya Məhkəməsi 2023-cü ildə onun 2012-ci il uğursuz seçki kampaniyasında xərcləri bilərəkdən aşması ilə bağlı qərarı təsdiqləmiş, nəticədə Sarkozi altı ay həbs cəzası, əlavə olaraq isə şərti məhkumluq almışdı.

Xəyal BƏŞİROV,
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri

Hələ Fransa prezidentliyinə namizəd olduğu dövrdə Nikola Sarkozi Liviya liderindən dünyada qeyri-legitim hesab olunan və hətta Fransa tərəfindən də legitimliyi tanınmayan bir şəxsdən seçki kampaniyasını maliyyələşdirmək üçün böyük məbləğdə pullar alıb. Söhbət milyonlarla avrodan gedir. Məlumatlarda böyük məbləğdən bəhs edilir. Ehtimal olunur ki, Fransa dövləti bu məbləğin tam açıqlanmasının dövlətin imicinə zərər verəcəyini nəzərə alaraq, bəzi detalların məhkəmə işində əks etdirilməməsinə qərar verib. Prezidentliyə namizəd baxımından isə məsələ çox ciddidir. Çünki özünü insan hüquqları və demokratiyanın beşiyi kimi qələmə verən Fransanın namizədi legitimliyi şübhə altında olan bir xarici liderdən aldığı pulları seçki təşviqatında istifadə edib. Bu fakt həm də seçki prosesinin şəffaflığını şübhə altına alır. Nikola Sarkozi Fransa tarixində ilk dəfə eks-prezident olaraq məsuliyyətə cəlb edildi və barəsində 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olundu. Onun həbsi Fransa siyasətində presedent yaradır və dövlətin imicinə ciddi təsir göstərəcək.

Digər ölkələrə insan hüquqları, demokratiya və seçki şəffaflığı dərsi keçməyə çalışan ölkənin tarixində belə ağır və xoşagəlməz halların yaşanması Fransanın nüfuzuna kölgə salır. Cinayətkar sövdələşməyə görə, Sarkozi Qəddafinin pulu hesabına prezident seçkilərində qalib gəlib, onun hakimiyyətini legitimləşdirməyi planlaşdırırdı. Lakin nəticədə Fransa və digər qərb dövlətləri Liviyanı bombardman edərək Qəddafinin hakimiyyətdən devrilməsinə və öldürülməsinə səbəb oldular. Hadisə təkcə Fransa–Liviya münasibətləri üçün deyil, Qərb dövlətlərinin xarici siyasətinin, xüsusilə hakimiyyətlərə dəstək və müdaxilə prinsiplərinin qiymətləndirilməsi baxımından da əhəmiyyətlidir.

Nəzrin ELDARQIZI
XQ



Siyasət