Lider – Xalq – Ordu birliyinin Zəfər yürüşü
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının 2020-ci il sentyabrın 27-də keçirilən iclasında dövlətimizin başçısı çıxışında həmin gün səhər tezdən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribat törətdiyini, bunun nəticəsində həm mülki əhali, həm də hərbçilər arasında itkilər olduğunu bildirdi. Ölkə rəhbəri daha sonra bu təxribatla Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdirildiyini və belə bir siyasətin Ermənistanın faşist mahiyyətini bütün dünyaya göstərdiyini vurğuladı.
Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatının planlaşdırılmış təxribat olduğunu diqqətə çatdıraraq dedi: “Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır”.
Prezident İlham Əliyev bununla əlaqədar sentyabrın 27-də xalqımıza müraciət etdiyini, təxribatın səbəbləri, habelə son saatlarda Ermənistanın işğalçılıq addımları, bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini atəşə tutduğunu bildirdi. Eyni zamanda, belə əməllərin Ermənistanın, Ermənistan faşizminin eybəcər sifətini göstərdiyini, dinc əhaliyə qarşı bu cür qəddarlığın ancaq faşist dövlətlərinə aid olduğunu xatırlatdı.
Ölkə rəhbəri çıxışında Ermənistan tərəfindən əvvəllər də əliyalın əhaliyə qarşı belə vəhşiliklər törədildiyini qeyd edərək, əsas hədəfin bizim yaşayış məntəqələri olduğunu vurğuladı. Dövlət başçısı daha sonra dedi: “Tovuz hadisələrində, ondan sonra digər hadisələrdə, Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan vətəndaşları arasında, cəbhəboyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın. Amma tam qətiyyətlə deyə bilərəm ki, – bu gün səhər mən bütün bölgələrdən, cəhbəyanı bölgələrdən məlumat almışam, –Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.
Qeyd edək ki, Ermənistan XX əsrin 80-ci illərinin sonları – 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başladı. Həmin dövrdə respublikamızda hökm sürən hərc-mərclikdən yararlanan Ermənistan torpaqlarımızın 20 faizini qəsb etdi, işğalçı ölkənin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü. Belə bir hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin reallaşdırılması üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi bu ölkənin destruktiv mövqeyi üzündən heç bir nəticə vermədi. Eyni zamanda, Ermənistan hərbi-siyasi rəhbərliyinin davamlı olaraq təxribatçı bəyanatları da sülh istiqamətində aparılan danışıqlar prosesini pozdu.
Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistanla danışıqlar apararaq Ermənistan – Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar nəticəsiz qaldı və Ermənistan tərəfinin, sadəcə olaraq, vaxt udmaq istədiyi, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışdığı aydın şəkildə müşahidə edildi. Təbii ki, Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Ötən müddət ərzində ümummilli lider Heydər Əliyev uzaqgörənlik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyük işlər gördü, sağlam təməllər yaratdı. Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, işğalçı isə nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını qəsb etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi. Ermənistan danışıqlar prosesinin formatını və məzmununu rədd etməklə, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nin qətnamə və qərarlarının icra etməməklə sülhə qarşı çıxdığını açıq şəkildə ortaya qoydu.
Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi.
Prezident İlham Əliyev çıxışlarının birində bu dövrü aydın şəkildə təsvir edib: “Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar. Bunu deyən onların Tonoyan soyadlı müdafiə naziri idi. O bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır”.
Onu da deyək ki, 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi isə regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi. 2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu.
2020-ci il sentyabrın 24-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
Beləliklə, 2016-cı ilin Aprel, 2020-ci ilin İyul döyüşlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımi dərs çıxarmadı və vəziyyəti daha da gərginləşdi. 2020-ci il sentyabrın 27-də isə yuxarıda vurğulandığı kimi, Ermənistan növbəti irimiqyaslı hərbi əməliyyatlara başladı, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirdi. Buna cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Oktyabrın 4-dəki xalqa ikinci müraciətində Prezident İlham Əliyev düşmənə öz yerini göstərdi: “İndi biz göstərdik kim-kimdir… Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”. Oktyabrın 9-dakı xalqa üçüncü müraciətində Azərbaycan Prezidenti status-kvonun artıq olmadığını və təmas xəttinin yarıldığını elan etdi: “Mən dəyişdirdim status–kvonu, dəyişdirdim! Bax, orada, döyüş meydanında. Yoxdur status-kvo. Təmas xətti, yoxdur təmas xətti. Yarmışıq onu. Onlar 30 il idi ki, qururdular bu təmas xəttini… Yarıb keçmişik. Azərbaycan əsgərinin qabağında heç kim heç nə edə bilməz”.
Prezident İlham Əliyev 2020-ci il oktyabrın 17-də xalqa növbəti müraciətində raket hücumlarına məruz qalan Azərbaycan şəhərlərinin Ermənistanın dinc əhaliyə qarşı dövlət terrorizmi və vandalizminə müqavimət rəmzinə çevrildiyi mesajını verdi: “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik”.
Oktyabrın 20-də xalqa beşinci müraciətində Azərbaycan Prezidenti əldə edilən nəticələrin düşünülmüş və vaxtında atılmış addımların bəhrəsi olduğunu, tələskənliyin yolverilməzliyini diqqətə çatdırdı: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik”.
Dövlətimizin başçısı 2020-ci il oktyabrın 26-da xalqa altıncı müraciətində isə Azərbaycan xalqını həlledici qələbəyə yaxın olduğunun müjdəsini verdi: “Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik”.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər Günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox yaşayış məntəqəsi də işğaldan azad edildi, düşmən diz çökdürüldü, onun kapitulyasiya aktına imza atmaqdan başqa çıxış yolu qalmadı.
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı – “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Prezident İlham Əliyev həmin gün xalqa sayca səkkizinci müraciətində milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu bildirdi: “…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa müraciətində dedi: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.
Beləliklə, Ermənistan hərbi birləşmələrinin 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi.
Beləliklə, Azərbaycan tarixi Zəfər yürüşü ilə özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələrini 44 gün ərzində darmadağın etdi. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən müasir silahlardan yararlanmaqla, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını sıradan çıxardı, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham Əliyev siyasi iradəsini qəti şəkildə nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.
Vaqif BAYRAMOV
XQ