Mayın 16-da Türk Dövlətləri Parlament Assambleyasının Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində proseslərin uyğunlaşdırılması: problemlər və inkişaf perspektivləri” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
İclasda TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər üzrə komissiyasının sədr müavini, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və komissiyanın üzvü, deputat Hikmət Məmmədov çıxış ediblər.
Günay Əfəndiyeva komissiyanın hesabatına istinadən qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında bir sıra ikitərəfli təhsil sazişlərinin imzalanması və ortaq universitetlərin yaradılması bu sahədə atılmış mühüm addımlar sırasındadır. O bildirib ki, bu təşəbbüslər yalnız təhsil sahəsində əməkdaşlığın dərinləşməsinə deyil, eyni zamanda, ümumtürk inteqrasiyasının sürətlənməsinə və gələcək nəsillərin ortaq dəyərlər əsasında formalaşmasına xidmət edir.
Həmin gün Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının, eyni zamanda, “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində müasir çağırışlar, problemlər və inkişaf yolları” mövzusunda seminarı keçirilib. Seminarda çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Çapay Məmmədov nazirliyin türk dövlətləri ilə təhsil sahəsində fəal əməkdaşlıq etdiyini bildirib.
Sonra Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin Elm və innovasiyalar departamentinin aparıcı mütəxəssisi Ayjan Karibekova, Türkiyə Respublikası Ali Təhsil Şurasının müşaviri İlyas Kara, Milli Təhsil Nazirliyi Milli Təhsil Akademiyasının eksperti Murat Akkuş və nazirliyin Beynəlxalq Təşkilatlar Şöbəsi, Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin ekspert müəllimi Şeyma Nur Dündar çıxış ediblər. Çıxışçılar Türk dövlətləri arasında elm, təhsil, mədəniyyət və humanitar sahələrdə ortaq fəaliyyətlərin perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
XQ