Dövlət başçımızın Tirana səfəri bu durumu əks etdirir
Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyaya işgüzar səfəri və Avropa Siyasi Birliyinin (ASB) Tiranada keçirilən VI Zirvə görüşündə iştirakı beynəlxalq münasibətlər və regional siyasət müstəvisində mühüm hadisə kimi qiymətləndirilməlidir. Səfərin həm diplomatik, həm də geosiyasi nəticələri Avropa ilə Azərbaycan arasında strateji əlaqələrin yeni mərhələyə keçidini nümayiş etdirir. Azərbaycanın artan diplomatik fəallığı və prinsipial mövqeyi onu Avropa siyasi arxitekturasının periferiyasından mərkəzinə doğru hərəkət etdirir – bu isə qlobal siyasətdə balanslı güc olmaq istəyən bir dövlət üçün mühüm strateji nailiyyətdir.
Avropa Siyasi Birliyi – 2022-ci ilin oktyabr ayında Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaranan bu yeni siyasi platforma Avropanın geosiyasi xəritəsində əhəmiyyətli dəyişikliklərə zəmin yaradan bir hadisə kimi qiymətləndirilməlidir. Birlik Avropa İttifaqı (Aİ) çərçivəsindəki dar institusional formatın hüdudlarından kənara çıxaraq, daha geniş, inklüziv və çevik siyasi dialoq müstəvisi yaratmaq iddiasındadır.
Təsadüfi deyil ki, ASB məhz qlobal miqyasda sabitliyin ciddi şəkildə sarsıldığı, geosiyasi ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə formalaşdırılmışdır. Ukraynada baş verən müharibə, enerji bazarlarında yaranan qeyri-müəyyənlik, transmilli təhlükələr və qlobal güclər arasında artan rəqabət Avropanı siyasi birlik modelini yenidən nəzərdən keçirməyə vadar etdi. ASB konsepsiyası da məhz bu kontekstdə ortaya çıxdı: Avropanı “çevik koalisiya” modelinə keçirməklə həm qitə daxilində həmrəyliyi gücləndirmək, həm də qitədən kənarda olan, lakin Avropa ilə ortaq dəyərləri və maraqları paylaşan tərəfdaşlarla daha dərindən işləmək niyyəti.
Platformanın əsas ideyası Avropa İttifaqına üzv olmayan ölkələrlə – o cümlədən, Qərbi Balkanlar, Şərqi Avropa, Cənubi Qafqaz və hətta Mərkəzi Asiyadan olan dövlətlərlə – siyasi koordinasiyanı artırmaqdır. ASB üzvlüyü hüquqi baxımdan Aİ-yə daxil olmaq anlamına gəlməsə də, onun iştirakçısı olmaq bir dövlət üçün həm simvolik, həm də strateji baxımdan mühüm status deməkdir və platforma dövlətlərə danışan tərəf olmaq imkanı verir; gələcək Avropa düzənində söz sahibi olma şansı yaradır.
ASB-nin struktur fəlsəfəsi “kooperativ suverenlik” anlayışına əsaslanır. Yəni, dövlətlər öz milli suverenliklərini qoruyaraq, eyni zamanda, qitənin ümumi təhlükəsizlik və rifahı üçün birgə qərarlar verməyi öhdələrinə götürürlər. Xüsusilə, Rusiya–Ukrayna müharibəsindən sonra aktuallaşan təhlükəsizlik gündəliyində bu amil özünü daha qabarıq göstərir. Qitənin yeni təhlükəsizlik arxitekturası, artıq təkcə NATO və ya Aİ-nin vasitəsilə deyil, daha geniş formatlarda, siyasi həmrəyliyə əsaslanan platformalarda qurulmalıdır.
Platformanın digər mühüm və hədəflənmiş funksiyası enerji təhlükəsizliyidir. Rusiya qazından asılılığı azaltmaq istəyən Avropa enerji mənbələrini şaxələndirmək üçün Cənubi Qafqaz və Xəzər hövzəsi ölkələrinə, xüsusilə, Azərbaycana yönəlməkdədir.
Burada diqqət çəkən bir məqam da var: ASB Avropa İttifaqının mərkəzində formalaşan “təkqütblü” siyasi hegemoniyanın qarşısında yeni bir çoxsəslilik imkanını da təklif edir. Platformada Fransa, Almaniya kimi böyük güclərlə yanaşı, Albaniya, Azərbaycan, Gürcüstan kimi nisbətən kiçik, lakin strateji baxımdan əhəmiyyətli ölkələr də bərabər şəkildə söz hüququ əldə edirlər. Qeyd edə bilərik ki, bu amil
yeni Avropa diplomatiyasının əsas fəlsəfəsinə – “inklüziv geosiyasət” modelinə uyğun gəlir.
Azərbaycan üçün isə ASB geosiyasi balansı qorumaq və Avropanın gələcək dizaynında fəal iştirak etmək baxımından mühüm fürsətdir. Platforma vasitəsilə Azərbaycan enerji təchizatçısı, nəqliyyat körpüsü və Cənubi Qafqazda sülh və sabitlik təşəbbüslərinin daşıyıcısı kimi Avropa siyasi gündəminə daxil olur.
Azərbaycanın Avropa Siyasi Birliyi platformasında fəal iştirakı təsadüfi və ya formal xarakter daşımır. Münasibətlər Prezident İlham Əliyevin düşünülmüş və strateji istiqamət daşıyan xarici siyasət kursunun məntiqi tərkib hissəsidir. Cənubi Qafqazın lider dövləti Azərbaycan bu platformaya aktiv dialoq tərəfdaşı kimi daxil olur və burada həm regional məsələləri gündəmə gətirir, həm də Avropa ilə siyasi, enerji və təhlükəsizlik müstəvisində yeni inteqrasiyalar üçün zəmin yaradır.
Prezident İlham Əliyevin 2022-ci ildə Praqada keçirilən ilk ASB sammitində və bu il Tiranada keçirilən VI Zirvə görüşündə göstərdiyi fəallıq Azərbaycanın ASB daxilində təkcə mövcud formatlara uyğunlaşmaq deyil, eyni zamanda, platformanın gündəliyini formalaşdırmaq əzmini nümayiş etdirir. Prezidentin çıxışlarında Azərbaycan diplomatiyasının mühüm prioritetləri – sülh təşəbbüsləri, enerji əməkdaşlığı və regional təhlükəsizlik siyasəti qlobal kontekstdə səsləndirilir və bu, ölkənin geosiyasi çəkisinin artmasında mühüm rol oynayır.
Azərbaycanın Avropadakı əhəmiyyətini anlamaq üçün onu yalnız Cənubi Qafqaz kontekstində deyil, daha geniş Avrasiya geosiyasi məkanı çərçivəsində qiymətləndirmək lazımdır. Azərbaycan bu gün, sadəcə olaraq, regional güc deyil, Avropa ilə Asiya arasında körpü rolunu oynayan, enerji və nəqliyyat təhlükəsizliyinin təminatçısı kimi çıxış edən strateji tərəfdaşdır.
Xüsusilə, Rusiya–Ukrayna müharibəsindən sonra Avropa İttifaqı ölkələrinin enerji asılılığından xilas olmaq üçün alternativ mənbələrə üz tutması Azərbaycanın rolunu ikiqat artırıb. TANAP (Trans-Anadolu Boru Kəməri) və TAP (Trans-Adriatik Boru Kəməri) kimi layihələr geosiyasi güc alətidir və bu kəmərlər vasitəsilə Azərbaycan qazı Balkanlardan İtaliyaya, oradan isə daha dərin Avropa bazarlarına çatdırılır.
Enerji marşrutu Avropa üçün təhlükəsiz, sabit və siyasi baxımdan riskli olmayan bir alternativ təklif edir. Azərbaycan isə öz növbəsində etibarlı strateji tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin bu sammitlərdə enerji məsələlərini xüsusi vurğulaması təsadüfi deyil. Bu, Azərbaycanın “enerji diplomatiyası”nın mərkəzi sütunlarından biridir.
Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artıran ikinci əsas faktor Orta Dəhliz –təşəbbüsüdür ki, bu nəqliyyat xətti Çini Avropa ilə birləşdirən alternativ İpək Yolu rolunu oynayır. Azərbaycan bu dəhlizin əsas üzvlərindən biri kimi təkcə regional yox, beynəlxalq tranzit şəbəkələrinin mərkəzinə çevrilir.
Bakının təşəbbüsü ilə inkişaf etdirilən Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, eləcə də Zəngəzur dəhlizinin gələcək perspektivləri Azərbaycanın Avropa üçün strateji logistik qovşağa çevrildiyini göstərir.
Azərbaycanın Avropa ilə münasibətlərində üçüncü və bəlkə də ən önəmli istiqamət regional sabitlik və təhlükəsizlikdir. 2020-ci ildə Vətən müharibəsində əldə edilən qələbədən sonra Azərbaycan regionda yeni reallıqlar formalaşdırdı. Bu reallıqların əsasında beynəlxalq hüquq, ərazi bütövlüyü və sülhə əsaslanan əməkdaşlıq dayanır.
Rəsmi Bakı Ermənistanla sülh danışıqları prosesində qətiyyətli mövqe nümayiş etdirməklə yanaşı, beynəlxalq ictimaiyyətə açıq və konstruktiv mesajlar verir: sərhədlərin delimitasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması, suverenliyə hörmət göstərilməsi–bunlar Azərbaycanın sülh gündəliyinin əsas sütunlarıdır.
Fransa prezidenti Emmanuel Makronun Praqa sammitində son anda danışıqlara müdaxilə etməsi Azərbaycanda geniş rezonans doğurmuş və sonrakı dövrlərdə Parislə Bakı arasında münasibətlərin kəskin soyumasına səbəb olmuşdu. Fransa tərəfindən nümayiş etdirilən birtərəfli yanaşma və ermənipərəst mövqe onu region üçün etibarlı vasitəçi statusundan uzaqlaşdırdı ki, bu da sadəcə ikitərəfli münasibətlərin deyil, ümumilikdə, Qərbin vasitəçilik institutlarının etibarlılığına kölgə salan amillərdən biri oldu.
Belə bir vəziyyətdə Prezident İlham Əliyevin Tiranada iştirakı Azərbaycanın diplomatik balansı qorumaq niyyətinin, Avropa İttifaqı Şurası prezidenti Şarl Mişel kimi etibarlı tərəfdaşlarla birbaşa dialoqu davam etdirmək strategiyasının göstəricisidir. Bakı açıq şəkildə bəyan edir ki, sülh prosesi yalnız real, obyektiv və məsuliyyətli vasitəçilərlə mümkündür. Bu, həm Azərbaycanın maraqlarının müdafiəsi, həm də qlobal vasitəçilik institutlarına mesaj kimi qiymətləndirilməlidir.
Prezident İlham Əliyevin Tiranaya işgüzar səfəri çoxvektorlu və strateji əhəmiyyət kəsb edən bir diplomatik addım idi. Bu səfər Azərbaycanla Avropa arasında siyasi dialoqun davamlılığına xidmət etməklə yanaşı, ölkənin xarici siyasətində müəyyənləşdirilmiş prioritetlərin beynəlxalq müstəvidə daha geniş rezonans doğurmasına şərait yaratdı. Tirana sammiti Azərbaycan diplomatiyasının açıq dialoqa, çoxtərəfli əməkdaşlığa və qarşılıqlı maraqlar əsasında qurulmuş münasibətlərə sadiqliyini bir daha nümayiş etdirdi. Bu, Azərbaycanın regional sülhə, qlobal enerji təhlükəsizliyinə və Avropa ilə konstruktiv dialoqa verdiyi strateji önəmin növbəti təzahürü oldu. Tirana səfəri vasitəsilə Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycan təkcə Qafqazın deyil, bütövlükdə Avropanın sabitliyində və inkişafında mühüm rola malik, ağırlığı olan siyasi aktordur.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru