Beynəlxalq qurumlar və xarici media da Ermənistanın işğalçılığına şahidlik edir

post-img

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 16-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş suveren ərazilərində mədəni irsin məhv edilməsini əks etdirən sənədlərin tədqiqinə başlanılıb.

Belə ki, 1993-cü il aprelin 7-də xarici media subyektində nəşr olunan Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğalına dair məqalə tərcüməçi vasitəsilə tədqiq olunub.

Bildirilib ki, “Qafqazda hücumlar yeni qaçqın dalğası yaradır” sərlövhəli məqalədə Ermənistan ordusunun Kəlbəcərdə “uğurla” irəliləməsinin minlərlə azərbaycanlının öz torpağından qaçmağa məcbur qalmasına səbəb olduğu qeyd edilib. Yazıda bildirilib: “Bazar ertəsi Kəlbəcərdə qadınlar və uşaqlar helikopterlərə minməyə cəhd ediblər. Döyüşlərdən qaçan 39 minə yaxın insan qaçqın mərkəzlərində qeydiyyatdan keçib”. 

Məqalədə, həmçinin qeyd edilir: “Murov keçidi, Azərbaycan, 6 aprel 1993-cü il. Onlar (azərbaycanlılar - red.) qarla örtülmüş düzənliklərdə qara nöqtələr kimi görünürdülər. Doqquz min fut (təxminən 2743 metr) hündürlüyündəki dağ keçidinin şimal yamacından enən üç nəfər öz torpaqlarında sığınacaq axtararaq irəliləyirdi. Meşə yoluna bənzər bir cığırda onların, əslində, beş nəfər olduğu məlum oldu.

Taqətdən düşmüş 30 yaşlarında bir kişi və qucaqlarında körpə uşaqları olan 20 yaşlarında iki qadın. Onların hamısı soyuqdan donurdu, meşədə və dağda 6 günlük yürüşdən sonra şok vəziyyətində idilər. Cənubi Qafqazda Ermənistan ordusu həftəsonu Kəlbəcəri ələ keçirərək minlərlə insanın qaçmasına səbəb olub və böyükmiqyaslı məcburi köçkün böhranı yaradıb.

Kəlbəcərin erməni qoşunları tərəfindən işğalı onlara (ermənilərə – red.) Qarabağı Ermənistanla şimaldan cənuba birləşdirən geniş ərazi üzərində nəzarət imkanı verib. Birinci əlaqə ötən il Laçında qurulmuşdu, bu yol qoşunların və təchizatın Qarabağa çatdırılması üçün istifadə olunurdu”.

Bundan başqa, yazıda vurğulanır ki, yalnız Azərbaycan hökuməti deyil, həm də Kəlbəcərin işğalının əyani şahidi olan bir çox insanlar hücumun birbaşa Ermənistan ərazisindən həyata keçirildiyini bildiriblər. Qeyd edilib ki, Qarabağa açılan yeni “şimal dəhlizi” 100 kilometrdən çoxdur. Bu da faktiki olaraq Kəlbəcər bölgəsinin tam şəkildə ilhaqı deməkdir. ABŞ Qafqazdakı yeni hücumlara görə Ermənistanı qınayır.

Bu gün ABŞ Ermənistanı qonşu Azərbaycanın şimal-qərbində yerləşən əraziləri 11 gün əvvəl başlanan hücumlar nəticəsində ələ keçirdiyinə görə kəskin şəkildə qınayıb. ABŞ Dövlət katibi Varren Kristoferin bəyanatında administrasiya İrəvan hökumətini qüvvələrini dərhal geri çəkməyə çağırıb. Eyni zamanda o, bazar ertəsi Ermənistan Prezidenti Levon Ter-Petrosyana etiraz məktubunun təqdim olunduğunu qeyd edib”.

Daha sonra “İzvestiya” qəzetinin ­1993-cü il aprelin 2-də nəşr olunan buraxılışında işıq üzü görən məqalə tədqiq olunub.

Yazıda deyilir: “Ermənistan ordusu Kəlbəcər rayonunun ətrafına çatıb. Hücum həm Ermənistan, həm də Qarabağ tərəfdən həyata keçirilib. Kəlbəcər rayonu tam olaraq blokadaya alınıb, onu Azərbaycanın digər əraziləri ilə birləşdirən yollar artıq kəsilib. Şəhər daim raket, artilleriya hücumlarına və havadan bombardmana məruz qalır. Dinc əhali arasında çoxlu sayda ölən var. Minlərlə insanın taleyi məlum deyil”.

Beləliklə, məhkəmə iclasında tədqiq olunan hər iki xarici mənbədə Ermənistan silahlı qüvvələrinin Kəlbəcərin işğalında, mülki əhalinin qətlə yetirilməsində iştirakı öz əksini tapıb və təsdiqlənib. 

Sonra BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilən qətnamələr ingilis dilindən tərcüməçi vasitəsilə tədqiq olunub. 

Məhkəmədə daha sonra beynəlxalq insan hüquqları müdafiəsi təşkilatının 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə amansız hücumunu, mülki əhalini qətlə yetirməsini əks etdirən hesabatı tədqiq olunub. 

Hesabatda bildirilir ki, Ermənistan ordusu Qarabağda ələ keçirdiyi bütün ərazilərdən Azərbaycanın mülki əhalisini qovub və ya girov götürüb. Qaçıb canını qurtarmağa çalışan insanları heç bir fərq qoymadan güllələyiblər.

Təşkilatın hesabatında genişmiqyaslı talan və mülki əhalinin əmlakının məhv edilməsi, 1993-cü ilin iyulunda Ağdamın Ermənistan ordusu tərəfindən işğalı, şəhərin talan edilməsi barədə məqamlar da yer alıb.

Sənəddə Ermənistan ordusunun Qarabağda baş vermiş döyüşlərdə iştirakı da tədqiq olunur. Vurğulanıb ki, Azərbaycanın mülki əhalisinin heç bir fərq qoyulmadan atəşə tutulması, bombardmana məruz qoyulması insanların məcburi şəkildə yerlərini dəyişmələrinə səbəb olub. Mülki əhali girov götürülüb, əmlakı talan edilib və yandırılıb. 

Bundan əlavə, hesabatda həmin dövrdə Ermənistan Respublikasının hərbi cinayətlər törətməsi ilə əlaqədar Cenevrə Konvensiyasının ciddi şəkildə pozulduğu qeyd edilib. Hesabatda Ermənistan ordusunun hərbi qaydaları pozması, müharibə cinayətləri törətməsi halları da əksini tapır.

Girovlar, müharibə əsirləri ilə düzgün şəkildə davranılmaması və onların öldürülməsi kimi hallar da sənəddə yer alıb. 

Sonra dövlət ittihamını müdafiə edən prokuror tərəfindən Azərbaycanın rayon, şəhər, qəsəbə və kəndlərinin Ermənistan tərəfindən işğalından sonra dağıdılmasını, viran qoyulmasını, mədəni, tarixi, dini abidələrin məhvini, infrastrukturun, mülki əmlakın, qəbiristanlıqların məhv olunmasını əks etdirən foto və videomateriallar təqdim olunub. 

Bildirilib ki, işğal dövründə dini abidələrimiz və məscidlərimiz dağıdılmaqla yanaşı, həm də orada donuz saxlanılmaqla təhqir olunub. 

İclasda, həmçinin işğaldan azad edilmiş rayon, şəhər və kəndlərə baxış keçirilməsinə dair protokollar, həmin protokollara əlavə edilmiş foto və videogörüntülər nümayiş etdirilib.

Ardınca ibtidai istintaq zamanı keçirilmiş  ekspertiza rəyləri elan olunub. 

Qeyd edək ki, bu təcavüzkar müharibə zamanı Azərbaycanın mədəni sərvətinə aid olan tarix və mədəniyyət abidələrinin hücum obyektinə çevrilməsi hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməsi, qəsdən böyük həcmdə yandırılması, artilleriya qurğularından atəşlər açıb partladılması, fiziki üsullarla qismən və tamamilə dağıdılması, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməsi nəticəsində ölkəmizə və xalqımıza xüsusilə külli miqdarda ziyan vurulub. 

Məhkəmə prosesi mayın 19-da davam etdiriləcək.

XQ

 



Son xəbərlər