Birləşmiş Krallıqda ənənəvi olaraq təşkil edilən “Vindzor Kral Atçılıq Şousu - 2025” start götürüb. Ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq 130 nəfərlik nümayəndə heyəti ilə bu təntənədə təmsil olunur.
Bu ilin ən möhtəşəm çıxışlarından “Azerbaijan - Land of Fire” şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqimiz və 2025-ci il üçün yeni olan orkestrin çıxışları nümayiş etdirilib.
Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvarilər dəstəsi 20 Qarabağ atı ilə ölkəmizi növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb. Şou-kompozisiyanın rəhbəri, Əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı Dövlət Sərhəd Xidmətinin əməkdaşı, Əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi, baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru, Əməkdar artist Səməd Vəkilovdur.
Günün sonunda Vindzor qəsrində qonaqların şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə Əməkdar artist Afaq Abbasova-Budaqova və Səadət İsmayılova incə zövqlə seçilən piano ifaları ilə gecəyə xüsusi rəng qatıblar.
XQ