“Yaşıl” iqtisadiyyatın yüksəlişi

post-img

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr edilən “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” konfransında bildirib ki, 2022-ci ildə dünyada“yaşıl” iqtisadiyyat sektoru, təxminən, 1,5 trilyon dollar dəyərində olub. 2030-cu ilə qədər bu rəqəmin süni intellekt texnologiyasının tətbiqi ilə 4 trilyon dollara yüksələcəyi proqnozlaşdırılıb.

Ekspertlərin fikrincə, Azərbaycan süni intellekt texnologiyalarını enerji sektoruna inteqrasiya edərək səmərəliliyi və dayanıqlılığı artırmaq istiqamətində mühüm addımlar atır. Ölkə COP29 çərçivəsində aparılan müzakirələr fonunda bərpa olunan enerjidən istifadəni genişləndirmək və karbonsuzlaşma hədəflərinə nail olmaq üçün süni intellekt əsaslı həlləri tətbiq edir.

Dünya İqtisadi Forumunun Enerji və Materiallar Mərkəzi ilə 4SİM-in birgə həyata keçirdiyi “Enerjidə süni intellekt həlləri” təşəbbüsü çərçivəsində yerli tərəfdaşların iştirakı ilə enerji istehlakının optimallaşdırılması, infrastruktur üçün proqnozlaşdırılan texniki xidmətlərin təkmilləşdirilməsi və süni intellekt əsaslı enerji tələbinin proqnozlaşdırılması kimi qabaqcıl yanaşmalar yer alır.

Qeyd edək ki, bu həll konseptlərinin həyata keçirilməsi məqsədilə Azərbaycanda pilot layihələrin icrasına başlanılıb. Layihələr çərçivəsində ağıllı sensorlar və prediktiv süni intellekt alqoritmlərinin tətbiqi ilə enerji istehlakına 30 faizə qədər qənaət edilməsi və karbon emissiyalarının 25-30 faiz səviyyəsində azaldılması hədəflənir. Bundan əlavə, Azərbaycanın bərpa olunan enerji potensialından maksimum istifadə edərək qlobal “yaşıl” enerji tədarükçüsü kimi çıxış etməsi istiqamətində mühüm addımlar atılır.

 

İqtisadiyyat