Bu, xarici dövlət borcundan 14,6 dəfə çoxdur
Maliyyə Nazirliyindən XQ-yə daxil olan məlumata görə, cari ilin aprelin 1-nə ölkənin strateji valyuta ehtiyatları 73,8 milyard dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.
Qeyd edək ki, 2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10,5 dəfə, 2024-cü ildə isə 13,9 dəfə çox idi. Hazırda xarici dövlət borcu 5,067 milyon dollar və ya 2025-ci il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 6,6 faizini təşkil edib. Cari il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 62,7 milyon dollar məbləğində azalıb.
Beləliklə, bu il aprelin 1-nə Azərbaycan Respublikasının daxili və xarici dövlət borcu 26,615,2 milyon manat və ya 2025- ci il üzrə 130,662,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 20,4 faizini təşkil edib. Ümumi dövlət borcunun 8,613,9 milyon manatı (5,067 milyon dolları) və ya 32,4 faizi xarici dövlət borcunun, 18,001,3 milyon manatı və ya 67,6 faizi daxili dövlət borcunun payına düşüb
Maliyyə Nazirliyinin məlumatına görə, aprelin 1-dək xarici dövlət borcu 5,067 milyon dollar və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib. Bu il yanvarın 1-i ilə müqayisədə xarici dövlət borcu 62,7 milyon dollar məbləğində azalıb. Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 48,9 faizini, sabit faiz dərəcəsi ilə olanlar isə 51,1 faizini təşkil edib. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə, 44,2 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 5,9 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.