“Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejimi liderləri tərəfindən təşkil edilmiş Xocalı soyqırımını və Xocalı soyqırımının günahsız qurbanlarını unuda bilmərik və heç vaxt da unutmayacağıq. Bu xatirənin bizimlə olmağı vacibdir və biz onu ürəyimizdə saxlayacağıq”. Prezident İlham Əliyev 2021-ci ilin aprelində ADA Universitetində keçirilmiş “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda belə deyib.
Ümumən, dövlətimizin başçısı ayrı-ayrı çıxışlarında Xocalı faciəsinin Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarından biri olduğunu bildirib. Soyqırımının beynəlxalq səviyyədə tanınması üçün ardıcıl səylər göstərildiyini diqqətə çatdırıb, habelə hadisəni erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev, həmçinin Xocalı faciəsinin dünya miqyasında tanınması və bu soyqırımı aktına hüquqi-siyasi qiymətin verilməsi üçün xarici aləmi ədalətli mövqe tutmağa çağırıb, Ermənistanın bu faciəyə görə məsuliyyət daşıdığını və beynəlxalq hüquq çərçivəsində cavabdeh tutulmalı olduğunu vurğulayıb. Ölkəmizin liderinin bildirdiyi ən mühüm fikir isə budur ki, Xocalı soyqırımının törədilməsində iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Azərbaycan xalqına qarşı qətllər törətmiş hərbi cinayətkarlardır.
Dövlətimizin başçısının bildirdiklərini yada salmağımızın konkret səbəbi var. Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərimizdə əsaslı yenidənqurma işləri aparılmaqdadır. Şübhəsiz, proses arxeoloqların və müvafiq sahə ekspertlərinin qazıntıları ilə paralel şəkildə gerçəkləşdirilir. Dünən isə məlum olub ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədov jurnalistlərə açıqlamasında deyib ki, kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa – Xankəndi və Şuşa – Laçın yolunun birləşdiyi yerdə aşkarlanıb və oradakı qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Digər məzarlıq isə Xocalıda, Əsgəran – Xocalı yolunun üstündədir. Burada isə azı 7 nəfərə aid meyit qalıqları aşkarlanıb: “Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.
E.Səmədovun diqqətə çatdırdıqları son dərəcə vacibdir. Onun sözlərinə görə, indiyədək Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs qeydiyyata alınıb. Son illərdə aparılmış axtarış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 vətəndaşın taleyinə aydınlıq gətirilib. Ən əsası isə: “Bu gün burada Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən onlara koridor açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söhbət gedə bilməz”.
Bəli, heç bir humanitar dəhliz olmayıb. Bunu həm Ermənistanın üçüncü prezidenti, qatil Serj Sarkisyanın Xocalı faciəsinin törədilməsinin azərbaycanlıları qorxutmağa, ermənilərin nə qədər qətiyyətli olduqlarını göstərməyə hesablandığını vurğulayan fikirləri, həm də cəllad-yazıçı Zori Balayanın kitabında təsvir olunmuş dəhşətli səhnələr sübuta yetirir. Yada salaq ki, Z.Balayan kitabında Xocalıda azyaşlı uşağa işgəncə verərək öldürdüyü ilə öyündüyünü qələmə alıb. Elə E.Səmədov da qazıntılar zamanı aşkar olunmuş qalıqlarda işgəncə izlərinin olduğunu vurğulayıb. “Beynəlxalq hüquqa görə, insanların girov götürülməsi qadağan olunsa da, burada insanlar girov götürülməklə yanaşı, işgəncələrlə qətlə yetiriliblər. Onlar qətlə yetirildikdən sonra kütləvi şəkildə dəfn olunublar”, – deyən komissiya sədrinin müavini bildirib ki, Azərbaycan dövləti beynəlxlaq təşkilatların vasitəsilə həm Xocalı soyqırımı zamanı, eləcə də müharibədə itkin düşmüş vətəndaşların taleyinin araşdırılması məqsədilə Ermənistana sorğular göndərib, amma qarşı tərəf faktları gizlətməyə davam edir.
Bilavasitə işgəncəyə və zorakılığa gəlincə, E.Səmədov onu da vurğulayıb ki, aşkarlanan meyit qalıqlarında zorakılıq izləri aşkar görünür: “Onların ayaq, əl və kəllə sümüklərində küt alətlərlə vurulmuş zədələr var. Meyit qalıqları üzərində işgəncə izləri aşkar görünür. Geyimlərdən görünür ki, bu qalıqlar mülki şəxslərə aiddir. Mütəxəssislərin rəyinə görə, onların arasında qadınlar çoxluq təşkil edir. Qazıntı prosesi davam edir. Ola bilsin ki, yerin aşağı laylarında yenə meyit qalıqları tapılsın”.
“Ermənilərin törətdiyi daha bir cinayət faktının aşkar edildiyi yerdəyik”, – deyən Birinci Qarabağ müharibəsi iştirakçısı, jurnalist Rey Kərimoğlunun sözlərinə görə, dinc azərbaycanlılara qarşı vandallıq əməllərini törədənlər ədalət məhkəməsinə çıxarılıb layiq olduqları cəzanı almalıdırlar. Jurnalist tam haqlıdır və hesab edirik ki, Bakıda Azərbaycan ərazilərində törədilmiş çoxsaylı cinayət əməllərində təqsirli bilinən ermənilər üzərində davam edən məhkəmə prosesi bu baxımdan həlledici rol oynayacaq. Ancaq o da məlumdur ki, hazırda Ermənistan dövləti və onun havadarları məhkəməni gözdən salmağa, onun, guya, qurama mahiyyət daşıdığını bildirməyə, yekun nəticədə Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar. Üstəlik, onlara dəstək verən bəzi dairələr var. Görünür, elə huna görə də R.Kərimoğlu dünyanı ikili standartlardan uzaq durmağa çağırıb.
Bəli, Ermənistanın hazırkı rəhbərliyi də özündən əvvəlki iqtidarın yolunu davam etdirərək, Xocalı həqiqətlərini etiraf etmək istəmir. Halbuki, hay iqtidarının sabiq rəhbərləri, Prezident İlham Əliyevin təbirincə desək, Ermənistan dövlətinin təməllərini terror və cinayət üzərində qurublar. Onlar ölkənin indi düşdüyü vəziyyətin səbəbkarlarıdır və rəsmi İrəvan keçmişin mənfi stereotiplərindən uzaqlaşmaq istəyirsə, obyektiv davranmalıdır. Halbuki, bu obyektivliyi görmürük. Gördüyümüz Ermənistanın yeritdiyi mənfur siyasətdir. O siyasət ki, onun ölkəni fəlakətə daşıdığı şübhəsizdir.
“Xocalıda baş verənlər insanlıq faciəsidir və buna siyasi yox, insani yanaşmaq lazımdır”. Bu fikir isə erməni sülh fəalı Georgi Vanyana məxsusdur. Ermənistan və Azərbaycan xalqları arasında barışığın vacibliyini vurğulayan nadir erməni ziyalılardan biri olan G.Vanyan onu da demişdi ki, Xocalıda yaşananları tanımaq və anmaq lazımdır: “Biz Xocalıda baş verənləri bilməli və tanımalıyıq. Bu, bizim vicdan borcumuzdur. Əgər biz yalnız öz ağrımızı tanıyıb başqasınınkını rədd ediriksə, bu, sülhə aparmır.”
Məlumdur ki, G.Vanyan İrəvanda Xocalı soyqırımı qurbanlarının anım tədbirini keçirməyə cəhd göstərmiş, ermənilər və azərbaycanlılar arasında dialoq mühitinin formalaşmasına çalışdığını bəyan etmiş, lakin onun cəhdi millətçi qrupların təzyiqi və təhdidləri səbəbindən təxirə salınmış, hüquq müdafiəsi ciddi hücumlara məruz qalmışdı. O da məlumdur ki, G.Vanyan təqiblər səbəbindən ömrünün son günlərini Gürcüstanda keçirmiş və 2021-ci ildə dünyasını dəyişmişdir.
Sonda onu da bildirək ki, Ermənistanda nə ikinci Vanyan var, nə də Azərbaycanla səmimi şəkildə sülh istəyən, Xocalı soyqırımına görə məsuliyyəti daşımağa hazır olduğunu bildirən kimsə. Ancaq məsuliyyət mütləq olmalıdır. Kütləvi məzarlıqların aşkarlanması və oradan tapılan insan qalıqları üzərində işgəncə izlərinin mövcudluğu Prezident İlham Əliyevin Xocalı soyqırımına görə məsuliyyət kontekstində səsləndirdiyi fikirləri bir daha aktuallaşdırır. Nəzərə alaq ki, dövlətimizin başçısının qəti şəkildə ortaya qoyduğu mövqe var. Bu mövqe Ermənistanın Xocalı faciəsinə görə Azərbaycan xalqından rəsmi şəkildə üzr istəməsi prinsipiallığına söykənir. Ölkəmizin lideri onu da bildirib ki, Ermənistan yalnız Xocalı dəhşətinə görə rəsmi şəkildə üzr istədiyi təqdirdə, sivil dövlət hesab edilə bilər: “Əgər Ermənistan Xocalı soyqırımına görə üzr istəmirsə, bu, onların bu cinayətə ortaq olduqlarını təsdiq edir. Ədalət bərpa olunmalıdır və günahkarlar cavab verməlidirlər”.
Ə.RÜSTƏMOV
XQ