Ermənistan siyasi xaos girdabında

post-img

Hakimiyyət dəyişikliyi tələb edənlər bulaşmışlar və gözdən düşmüşlərdir

Hazırda Ermənistanda cərəyan edən siyasi, iqtisadi, hətta kriminal hadisələrin leytmotivini 2026-cı ildə keçiriləcək parlament seçkiləri təşkil edir. Bu tezis açıq bəyan edilməsə də, həm iqtidar, həm də müxalifət fəaliyyətlərini məhz seçkilərə istinadən qurmağa çalışır.

Bu ölkədə iqtisadi tənəzzül, sosial problemlər bir yana, siyasi atmosfer təzyiqinin pik həddə çatması, hətta xaos əlamətləri görünməkdədir. Vəziyyət o dərəcədə gərgindir ki, heç kim – nə məmur, nə də vətəndaş öz hüquq və vəzifələrinin hüdudlarını bilir. Daşnak-revanşistlərin eks-liderlərin, Qarabağ klanının, saxta dini təəssübkeşlər kimi müxtəlif cəbhələrə bölünmüş müxaliflərin bir məsələdə hədəfləri eynidir. Cəmiyyət isə nə şovinistlərə, nə Koçaryan-Sarkisyan “cütlüy”ünə, nə də generalitetinə inanır. Bunu erməni mediası yazır. Üzdə özlərini müttəfiq kimi göstərən həmin müxalif düşərgə xorla hakimiyyətin dəyişilməsi zərurətindən dəm vurur. Bu mövzuda danışan, çıxış edən, rəy paylaşanlar da kifayər qədərdir. İndi Ermənistanda, az qala, hər kəs özünü politoloq, hərbi-siyasi məsələlər üzrə mütəxəssis kimi aparır. Sosial şəbəkə fəalları, blogerlər öz aralarında Hayastanın hansı siyasi vektoru seçməli olduğu, Qərblə və Şərqlə necə danışıqlar aparmağı, qonşuları ilə hansı münasibətləri qurmağı ətrafında diskussiya açırlar.

Bu gün Ermənistanda heç kəs öz işi ilə məşğul olmur. Yuxarılar cəmiyyəti normal idarə edə bilməyəndə rəiyyət, dövlətçilik ənənəsindən məhrum sıravi vətəndaşlar həmin “boşluğu” doldurmağa girişirlər. Əgər baş nazirin sözü Parisdən, yaxud Kaliforniyadan verilən təlimatlarla formalaşırsa, xarici işlər nazirliyinin əvəzinə Rostovda və ya Los-Ancelesdə yaşayan zəngin “yan”lar bəyanatlarla çıxış edirlərsə, deməli, xaos özünün pik həddindədir.

Bu barədə məqalə dərc edən “Hraparak” siyasi elitada, erməni cəmiyyətində, eləcə də xaricdəki erməni diasporunda baş verən prosesləri olduqca doğru və gözəl analiz edib. Qəzet Hayastanın bugünkü reallığına güzgü tutub. Bəli, doğrudan da, Ermənistan xaos girdabındadır. Son olay – vətəndaşın dövlət idarəsində döyülməsi bunun hüquqi müstəvidə inikasını üzə çıxardı. Ardınca digər sahələrdə də deqradasiyanın nümunələrini görəcəyik. Nəşr haqlı olaraq yazır ki, bu ölkədə “kimin hansı məzhəbə qulluq etdiyini müəyyən etmək çox çətindir”. O da etiraf edilir ki, Ermənistanın taleyi gah Rusiyada, gah ABŞ-da, gah da Qərbdə həll olunur. Bu, onu deməyə əsas verir ki, Hayastan üçün qərarı xaricdəki qüvvələr verirlər. Erməni diasporu da, bir qayda olaraq, milli maraqlardan deyil, yaşadıqları ölkələrin siyasi maraqlarından çıxış edir.

Bir sözlə, Ermənistan qarşıdakı seçkilərə siyasi və psixoloji gərginlik vəziyyətində gedir. Məsafə uzun olsa da, siyasi mübarizənin güzəştsiz olacağını, hətta qanla müşayiət oluna biləcəyini proqnozlaşdıran ekspertlər var. Onlar siyasi hakimiyyətin ən qısa zamanda konkret qərarlar verməsə, sərt addımlar atmasa, vətəndaş qarşıdurmasının qaçılmaz olacağını bildirirlər.

Beş il altı ay bundan əvvəlki 44 günlük müharibə və ondan sonra cərəyan edən proseslər göstərdi ki, Nikol Paşinyan hakimiyyətə təsadüfən gəlmiş adam deyil. Kapitulyasiya aktına imza atmış hökumət başçısının 1 il sonra seçkilərdə qalib gəlməsi isə bu hipotezin nə qədər doğru olduğuna dəlalət edir. Digər tərəfdən boylanan reallıq onu deyir ki, bu gün Ermənistanda Paşinyanı əvəz edəcək, namizədliyini bütün siyasi qüvvələrin dəstəkləyəcəyi lider yoxdur. Bu amili nəzərə alaraq deyə bilərik ki, seçkiöncəsi ən sıx formada birləşmiş müxalifətin belə hakimiyyət dəyişikliyi cəhdlərinin faydası olmayacaq.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

– Ermənistanda siyasi gərginlik pik həddə çatıb. Nor Nork inzibati rayonunun rəhbəri Tigran Ter-Marqaryanın müxalif fəal Artur Çaxoyanı döyməsi ilə başlanan qalmaqal bu ölkədə hüququn aliliyinin kağız üzərində olduğunu sübut etdi. Baş verənlər Ermənistanın dərin siyasi və institusional böhran yaşadığını göstərir. “İndiki mərhələdə Paşinyanın alternativi yoxdur” – fikri, bəlkə də, mövcud durumu izah edən ən real yanaşmadır. Ermənistan parlamentindəki “Ermənistan” fraksiyasının deputatı Lilit Qalstyan məlum hadisəyə kəskin münasibət bildirib: “Bu, demokratiya deyil. Ölkə yarıazad statusundadır, insan həyatına və ləyaqətinə hörmət qalmayıb, siyasi rəhbərlik isə o dərəcədə cəzasızlıq içindədir ki, dövlət məmuru vətəndaşı inzibati binada döyməyə cəsarət edir”.

Onun fikrincə, vəziyyətdən yeganə çıxış yolu hakimiyyətin dəyişməsidir. Lakin bu, realdırmı? Paradoks ondan ibarətdir ki, Ermənistan cəmiyyətində dərin narazılıq olsa da, Nikol Paşinyan hələ öz rəqiblərindən daha güclü görünür. Birləşmiş müxalifətin seçkiqabağı fəallaşması sosial şəbəkə çıxışlarından və küçə aksiyalarından o tərəfə keçmir. Koçaryan və Sarkisyanın təmsil etdikləri “Qarabağ klanı” isə artıq ictimaiyyət tərəfindən sülhdən qaçan, köhnə korrupsioner simalar kimi qəbul olunur. Belə bir durumda Paşinyanın alternativsizliyi siyasi acizlikdən deyil, müxalif qüvvələrin etibarsızlığından doğur.

Qarabağ müharibəsindən sonra bölgədə dəyişən geosiyasi reallıqlar Paşinyanı Qərblə danışıqlarda mühüm fiqur kimi saxlayır. Onun hakimiyyətdə qalması Qərbə yönəlik siyasi kursun davamı kimi dəyərləndirilir. Bütün bunlarla yanaşı, istər siyasi zorakılıq, istərsə də hüquq-mühafizə orqanlarının passivliyi Ermənistanda idarəetmənin sarsıldığını sübut edir. Bu, sadəcə, hökumət böhranı deyil, institutların və siyasi mədəniyyətin çöküşüdür. Və sual açıq qalır: Ermənistanı xaosdan çıxarmaq üçün dəyişiklik xalqın iradəsi ilə, yoxsa yenidən köhnə qüvvələrin siyasi manipulyasiyası ilə baş verəcək?

Bu müstəvidə nə Koçaryan, nə də Sarkisyan alternativ deyil. Onların adı artıq “keçmişin qaranlıq kölgəsi” ilə assosiasiya olunur. Ermənistanın çıxış yolu yalnız yeni siyasi mədəniyyətdən və islahatçı, amma real gücə sahib liderlikdən keçir. Əks təqdirdə, “idarədə döyülən vətəndaşlar” ölkənin gələcəyini təyin edən normaya çevrilə bilər.

İ. HƏSƏNQALA
XQ



Siyasət