Azad edilmiş torpaqların reinteqrasiyası dayanıqlı inkişafa geniş imkanlar vəd edir

post-img

Azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyası ölkənin dayanıqlı inkişafına geniş imkanlar vəd edir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında biznes üçün əlverişli mexanizmlərin yaradılması, sahibkarlıq fəaliyyətinin təşviqi, tətbiq edilən vergi, gömrük, sosial sığorta və digər güzəştlər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində sahibkarlıq subyektlərini banklardan əldə etdikləri kreditlər üzrə zəmanət və subsidiya ilə təmin edir.

Qarabağ və Şərqi Zəngəzurun zəngin təbii ehtiyatları mədənçıxarma, kənd təsərrüfatı, yaşıl enerji və s. sahələrin inkişafı üçün böyük potensiala malikdir. Bölgədə biznes üçün güzəşt və azadolmalar, həmçinin güzəştli kredit, kredit-zəmanət və subsidiya mexanizmləri, digər dəstək tədbirləri tətbiq edilir. Eyni zamanda, bölgədə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin təmin edilməsi məqsədilə yaradılmış Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları bölgənin sənayeləşməsində mühüm faktora çevrilməkdədir. Ağdam Sənaye Parkı yaradıldığı qısa müddət ərzində rezident sayına görə ölkəmizdəki sənaye parkları arasında ikinci yerə yüksəlib. Sənaye parkında 28 rezident, 4 qeyri-rezident fəaliyyət göstərir. Sənaye parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 107 milyon manat investisiya yatırılıb, 450-dən çox daimi iş yeri yaradılıb.

Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, ixrac edilir. Sənaye parkında indiyədək sahibkarlar tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub. Bu sənaye parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının investisiya portfeli 130 milyon manatdan çox 16 sahibkarlıq subyektinə rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 18 sahibkarlıq subyekti tərəfindən sənaye parkında 1800-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Parkın artıq 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. İndiyədək sənaye parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın iş yeri yaradılıb. Parkda 1 müəssisə fəaliyyət göstərir, 6 müəssisənin isə tikintisi aparılır.

Bu il martın 1-nə işğaldan azad edilmiş ərazilərdə mövcud olan sənaye parklarının rezidentlərinə idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 123 təsdiqedici sənəd verilib ki, bu sənədlər əsasında müəssisələr tərəfindən təqribən 7,4 milyon manat dəyərində vergi və rüsumlardan azadolma tətbiq olunub.

Sosial-iqtisadi münasibətləri daha səmərəli etmək, sakinlərin xidmət və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün dövlət başçısının təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası həyata keçirilməkdədir. İlk “Ağıllı kənd” layihəsinin təməli 2021-ci ilin aprelində Zəngilan rayonunda Prezident İlham Əliyev tərəfindən qoyulub, kənd hazırda məskunlaşıb. Həmçinin dövlət başçısı tərəfindən 2021-ci ilin oktyabr ayında ikinci “Ağıllı kənd” konsepsiyası əsasında Füzuli rayonunda bir neçə kəndi birləşdirən Dövlətyarlı kəndinin təməli qoyulub. Kənddə yaşıl və alternativ enerjidən istifadə, “ağıllı idarəetmə” sistemi tətbiq ediləcək və “Ağıllı kənd” təsərrüfatı sahəsi fəaliyyət göstərəcək.

İqtisadiyyat