“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Horadiz–Ağbənd dəmiryol xəttində həyata keçirilən tikinti işlərinin 62 faizi tamamlanıb. Hazırda ox üzrə uzunluğu 110,4 kilometr olan yolun 104 və 106-cı kilometrlərində dəmiryol tunelləri inşa olunur.
Tunellərdən biri (104-cü kilometr) müstəqil Azərbaycanın tarixinin ilk, digəri isə (106-cı kilometr) ölkənin ən uzun dəmiryol tunelidir. 106-cı kilometrində uzunluğu 1071 metr olan tuneldə artıq qazma işləri yekunlaşıb və bununla tunel tikintisinin 65 faizi tamamlanıb. Qazma işlərindən sonra tuneldə izolyasiya və üzləmə işləri yerinə yetiriləcək.
Qeyd edək ki, Horadiz – Ağbənd dəmiryol xətti Avrasiya nəqliyyat bağlantısının mühüm komponenti olacaq Zəngəzur dəhlizinin bir hissəsi kimi həm Naxçıvanla birbaşa əlaqəni təmin edəcək, həm də Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsindəki mövqeyini daha da gücləndirəcək.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulmuş Horadiz–Ağbənd dəmiryol xəttində tikinti işləri 3 mərhələdə həyata keçirilir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz (mövcud), Yuxarı Mərcanlı, Şükürbəyli, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 4 ədəd tunel, 40 ədəd körpü, 3 ədəd qalereya (dəmir yollarını qaya parçalarından, qar uçqunlarından qorumaq üçün süni mühəndis qurğusu), 26 ədəd avtomobil keçidi, ümumilikdə isə 500-dən çox süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.
Prezident İlham Əliyev 2021-ci il fevralın 15-də Füzuli rayonuna səfəri çərçivəsində Horadiz – Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı çıxışında bu infrastrukturun çox böyük strateji əhəmiyyəti olduğunu bildirib: “İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək” .