Elektrik enerjisi istehsalı çoxalır

post-img

Bu ilin yanvar ayında operativ məlumatlara görə, Azərbaycanda 2 milyard 493,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi istehsalın 2 milyard 224,9 milyon kilovat-saatı istilik elektrik stansiyalarının, 218,3 milyon kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb. Bundan əlavə, ay ərzində digər mənbələr üzrə 50,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Hesabat dövründə külək və günəş elektrik stansiyalarında, eləcə də Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda elektrik enerjisi istehsalı müvafiq olaraq 2,9 milyon kilovat-saat, 26,4 milyon kilovat-saat və 20,9 milyon kilovat-saat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə su elektrik stansiyaları da daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalında 96,4 milyon kilovat-saat artım qeydə alınıb.

İlin ilk ayında “Azərenerji” ASC üzrə 2 milyard 232,6 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bunun da 2 milyard 21,6 milyon kilovat-saatı istilik, 211 milyon kilovat-saatı isə su elektrik stansiyalarının payına düşüb. Hesabat dövründə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin balansında olan istilik, su və günəş elektrik stansiyaları üzrə 32 milyon kilovat-saat enerji istehsal edilib. Yanvar ayında “Azərişıq” ASC üzrə enerji istehsalı külək elektrik stansiyalarında 2 milyon kilovat-saat, müstəqil elektrik stansiyalarında isə 226,8 milyon kilovat-saat təşkil edib.

Bu ilin yanvar ayında Azərbaycandan elektrik enerjisi ixracı 157,4 milyon kilovat-saat, idxalı isə 11,2 milyon kilovat-saat təşkil edib.

İqtisadiyyat