Ölkəmizdə dövlət-özəl sektor əməkdaşlığı sahibkarlığın inkişafına, vergi sisteminin təkmilləşdirilməsinə və biznes mühitinin daha əlverişli olmasına böyük töhfə verib. Vergi sistemində rəqəmsallaşmanın tətbiq edilməsi, dövlət-özəl sektor arasında səmimi və açıq münasibətin yaradılması, hökumətdə iş adamlarının üzləşdikləri problemlərin həllinə həssas yanaşılması bu müsbət imicin formalaşmasında müstəsna rol oynayıb.
Bütün bunlar barədə İqtisadiyyat Nazirliyində “Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda ətraflı danışılıb. Bildirilib ki, vergi siyasətinin liberallaşdırılması və biznesin inkişafına yaradılan əlverişli şərait nəticəsində sahibkarlıq subyektlərinin sayı ilbəil çoxalıb, iqtisadi fəallıq yüksəlib. Qarabağ və Şərqi Zəngəzurun inkişafı istiqamətində atılan addımlar, bu coğrafiyada yerləşən xüsusi iqtisadi zonalar üçün nəzərdə tutulan vergi güzəştləri nəticəsində özəl investisiya qoyuluşu sürətlənib. Xüsusən də kənd təsərrüfatı sektorunun vergidən azad olması bu strateji sahədə sahibkarlıq subyektlərinin sayının artmasına müsbət təsir göstərib.
25 illik tarixə malik vergi sistemi hazırda “kölgə iqtisadiyyatı” ilə mübarizə, iqtisadiyyatda şəffaflığın artırılması, haqlı rəqabətin qorunması, intizamlı vergi ödəyicilərinə fərqli münasibət göstərilməsi, dövlətin vergi tənzimləmə vasitələrindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi kimi yeni yanaşmalarla fəaliyyət göstərir. 2024-cü ildə vergi daxilolmalarının həcminin15,8 milyard manatı keçdiyi, vergi gəlirlərinin 2019-cu ilin əvvəli ilə müqayisədə 2,1 dəfədən çox artdığı, Dövlət Vergi Xidmətinin xətti ilə toplanan fiskal yığımların 22,8 milyard manat təşkil etdiyi, xidmətin bütün fiskal yığımların 77 faizindən çoxunu gerçəkləşdirən orqan olduğu, eləcə də vergi ödəyicilərinin sayının 2019-cu illə müqayisədə 1,8 dəfə artaraq ötən il 806,9 minə yüksəlməsi, iqtisadiyyatda özəl sektorun payının 80 faizi keçməsi yuxarıda vurğulanan fikrin bariz ifadəsidir.
XQ