İtin “xokkey oynaması”

post-img

“İt demə, ol dəxi bizim birimiz…”

Sən demə, erməni milli sərvətlərinin sırasında it də var imiş. Adı da Hampr. Yox, elə anlaşılmasın ki, yazımız bilavasitə it barədədir. Məsələ ermənilərin özləri üçün uydurduqları, belə demək mümkünsə, millilik iyerarxiyasında itin də yer almasındadır. 

Əlqərəz, Hampr adlandırılmış it Ermənistanda keçiriləcək buzüstü xokkey üzrə dünya çempionatının rəsmi simvolu seçilib. Dünya çempionatı da deyirik, məlumat üçün bildirək ki, bu ifadənin yanında IV divizion da yazılır. Belə başa düşmək olar ki, söhbət heç də ənənəvi olaraq keçirilən xokkey üzrə dünya çempionatından getmir. Bu, fərqli bir şeydir. 
Maraqlı məsələ Hamprın xokkeyə nəzərən Ermənistanın milli sərvəti kimi təbliğ olunmasıdır. Bu, əslində, hamının tanıdığı Qafqaz çoban itidir. Zahiri görünüşcə, xüsusiyyət və davranış etibarilə ondan heç nə ilə fərqlənmir. Əlbəttə, Qafqaz çoban itləri möhkəm, dözümlü və sadiq olurlar. Onlardan Azərbaycanın, Gürcüstanın, Şimali Qafqazın, demək olar, bütün dağlıq və dağətəyi rayonlarında var. Yəni harada ki, mal-qara saxlanılır, orada çoban itlərini görmək mümkündür. 

Ancaq ermənilərin özləri üçün uydurduqları mifalogiyaya görə, Hamprın kökü bizim eradan əvvəl IX-XIII əsrlərdə mövcud olmuş Urartu dövrünə gedib çıxır. Məlumdur ki, erməni başbilənlər bu dövləti özlərininki sayır və bildirirlər ki, Qafqazda dövlətçilik Urartudan başlanıb. Əlbəttə, Urartunu ermənilərə bağlamaq cəhdləri son dərəcə gülüncdür. Amma məqsədimiz tarixdən söz açmaq olmadığından, məsələnin üzərində geniş dayanmağa lüzum görmürük. Təkcə onu bildirək ki, Urartuya sahiblənmək hazırkı Türkiyəyə qarşı ərazi iddiasında olmaq üçün vacibdir... 

İtdən, daha doğrusu, Hamprdan danışırdıq axı. Sən demə, Urartu hökmdarlarının qəbirlərindən həmin bu Hamprın qalıqları çıxıbmış. Dolayısı ilə nə qəbrin, nə də itin ermənilərə aidiyyatının olmadığını bildirdik və bu yerdə yada tanınmış erməni tarixçisi Gevorq Aslanın fikirləri düşür. O demişdi ki, ermənilərin heç vaxt dövləti və dövlətçilik ənənəsi olmayıb. Bu səbəbdən də onlarda vətənə bağlılıq hissi və vətənpərvərlik yalnız məskunlaşdıqları məkanla əlaqədardır. Yəni ermənilər məskunlaşdıqları məkanda qazıntı işləri aparıb, qədim qəbirlər və eyni zamanda, it sümükləri tapıblar. Eyni qazıntı işlərini onlar uzun illər işğalda saxladıqları Ağdamda da aparmışdılar. Niyə məhz Ağdamda? Çünki Ağdam erməni qövmünün anarxist başlı təmsilçilərinə o qədər böyük yer eləmiş bölgə idi ki, nəyin bahasına olursa-olsun oranı özününkü hesab etmək istəyirdilər. Ancaq erməni anlayışında özününküləşdirməyin psixoloji təzahür forması da var. Nəzərə alaq ki, işğal illərinin Ağdamı Qafqazın Hirosimasına çevrilmişdi. 

Belə nəticəyə gəlmək olar ki, Qafqaz çoban itləri də bölgəyə gəlmə olan ermənilərə gün verib işıq verməyiblər. Nəzərə alaq ki, it həssas heyvandır, pisi və yaxşını bir-birindən çox yaxşı ayıra bilir. Axırda gəlmə ermənilər onu da özlərinin milli sərvəti etmək qərarına gəlib və ad düşünüblər - Hampr. Ancaq ortaya elementar sual çıxır: nəyə görə Hamprın erməni milli sərvəti kimi rəsmiləşməsi yalnız 2011-ci ildə reallaşıb? Əlbəttə, buna reallaşmaq demək mümkündürsə. İkincisi, rəsmiləşdirən kimdir, hansı təşkilatdır, əsas olaraq nə götürülüb? Ermənilərin uydurduqları Urartu nağılımı?
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan çox tez-tez “real Ermənistan” barədə söz açır. Onun nəzərində tutduğu ölkə sabiq SSRİ dövründə mövcud olmuş Ermənistandır. Təzada baxın, sovet imperiyasına nifrət, hazırkı Rusiyaya qəzəb üzərində köklənmiş bir məmləkətin lideri rusların ermənilər üçün müəyyənləşdirdikləri, daha doğrusu, peşkəş etdikləri ərazini real vətən qismində qiymətləndirir. Bəli, Nikol, əslində, çox doğru olaraq, erməni mifalogiyalarında ilişib qalmamağı təbliğ edir. Çünki bunun son dərəcə zərərli olduğunu anlayır. Ancaq, hər bir halda, Paşinyan da bir haydır və vaxtaşırı erməni damarı tutur. Məsələn, Nikol bir müddət əvvəl ABŞ-da olanda bildirmişdi ki, Ermənistan Qafqaz xalqları içərisində xristianlığı hamıdan tez – 301-ci ildə qəbul edib. Sən demə, həmin vaxt erməni kralı əvvəl xristianlığa müqavimət göstərirmiş, sonra görüb ki, “xristianlıq ən yaxşı dindir”. Nəzərə alaq ki, hay mifalogiyasında İsa Peyğəmbəri (ə.) də erməni kimi təqdim etmək, müvafiq olaraq xristianlığın ermənilərdən yarandığını vurğulamaq cəhdlərinə rast gəlinir. Əlbəttə, bunun bir adı var – sərsəmləmək. 

Sözümüz ondadır ki, “real Ermənistan” barədə danışan N.Paşinyan da ənənəvi erməni xəstəliyinin tezislərindən yaxa qurtara bilmir. Elə isə gələk buzüstü xokkeyə. Əlbəttə, Ermənistan dağlıq ölkədir. Ancaq günəşli günlərin sayının çox olduğu yerdir. Uzun sözün qısası, xokkey hara, Ermənistan hara? Lap hesab edək ki, ermənilər onu oynamağı öyrəniblər. Ancaq Qafqaz çoban itinə Hampr deyib onu milliləşdirmək nə qədər sərsəmlikdirsə, həmin iti xokkey üzrə nüfuzlu təqdim edilən yarışın talismanına çevirmək bir o qədər gülüncdür. Nəzərə alaq ki, xokkey oynanılması üçün lazım olan buz erməni milli identikliyini şərtləndirən cəfəngiyyatlar sırasındadır. Obrazlı desək, onun üzərində dayanmaq mümkünsüzdür, nəinki oynamaq, yarış keçirmək. Hətta təhlükəlidir də. Bir sözlə, it heyifdir. 

Bu yerdə Seyid Əzim Şirvaninin məşhur “Köpəyə ehsan” şeirindən aşağıdakı misraları yada salmamaq olmur: 

“İt demə, ol dəxi bizim birimiz,
Belə ölmüşlərə fəda dirimiz…”

Ə.RÜSTƏMOV
XQ

Siyasət