Azərbaycan gələn il İslam Əməkdaşlıq Təşkilatının növbəti sədri olacaq

post-img

İslam Əməkdaşlıq Təşkilatı da həmişə  –  həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. Əlbəttə ki, bu təşkilatda bizim təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti 

Ölkəmiz ötən əsrin doxsanıncı illərinin əvvəlində öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, BMT başda olmaqla, bütün mütərəqqi beynəlxalq təşkilatlarla əməkdaşlığı daim diqqət mərkəzində saxlamışdır. 

Yəni bizim tərəfimizdən beynəlxalq təşkilatlara inam və etimad nümayiş etdirilmiş, milli dövlətçilik və xalqımızın maraqlarına cavab verən istənilən konvensiya, müqavilə və protokola qoşulmuşuq. Ancaq çəkinmədən deyə bilərik ki, ən sıx və səmərəli əməkdaşlıq etdiyimiz beynəlxalq qurumlar BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatıdır. Onu da əlavə edək ki, İslam Əməkdaşlığı Təşkilatı Azərbaycanı öz sıralarına qatan ilk beynəlxalq təşkilatdır.

Fəxrlə yada salırıq ki, Azərbaycan  24 oktyabr 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının iki illiyə (2012–2013) qeyri-daimi üzvü qurumun iclaslarına, 2019-2022-ci illərdə isə Qoşulmama Hərəkatına sədrlik etmişdir. Həm də böyük uğur və həmının yüksək qiymətləndirməsi ilə. Gələn il isə ölkəmiz  İslam Əməkdaşlıq Təşkilatına  sədrlik edəcək. Rəsmi mənbələrdən bildirildiyinə görə bu qərar 2024-cü il mayın 4-də Qambiya Respublikasında –  İslam Əməkdaşlıq Təşkilatının 15-ci İslam Sammitində qəbul edilmişdir. Bildirilir ki,  sədrlik  ölkəmizə 2026-cı ildə Azərbaycanda keçiriləcək İƏT-in 16-cı İslam Sammiti çərçivəsində ötürüləcək.

Öncə bu qurumun tarixçəsinə nəzər salaq. 1969-cu ilin avqust ayında Qüds şəhərindəki  Əl-Əqsa məscidinin yandırılmasından bir neçə gün sonra, 14 müsəlman ölkəsinin xarici işlər nazirləri Qahirə şəhərində fövqəladə görüş keçirərək, Yaxın Şərqdəki vəziyyətin müzakirəsi ilə əlaqədar İslam dövlətlərinin Zirvə Konfransının keçirilməsi haqqında Səudiyyə Ərəbistanı Krallığının irəli sürdüyü təklifi qəbul etmişlər. Həmin il sentyabrın 25-də Mərakeşin Rabat şəhərində  müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən, İslam Konfransı Təşkilatı (İKT) yaradılmışdır. Həmin sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həlli barəsində öhdəlikləri əks etdirir. Yəni bu qurum sırf humanitar məramlar üzərində formalaşdırılmışdır. 

Bir fakt da əlamətdardır ki, bu beynəlxalq təşkilatın adının konfrans çərçivəsindən çıxarılması barədə qərar türk dövlətlərindən birində  qəbul edilmişdir. Belə ki, 2011-ci il iyunun 28-30-da  Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Surasının 38-ci sessiyası zamanı İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur. Hazırda quruma 57 dövlət üzvdür. Bəzi dövlətlər, müsəlman icmaları, habelə bir sıra beynəlxalq və regional təşkilatlar İƏT yanında müşahidəçi statusuna malikdir. Əhalisinin əksəriyyəti müsəlman olan BMT-yə üzv hər bir dövlət İƏT Nizamnaməsinə əməl etmək arzusunu əks etdirən ərizə ilə müraciət etməklə Təşkilata qoşulmaq hüququna malikdir. Bunun üçün İƏT XİN Şurasının qəbul etdiyi meyarlar nəzərə alınmaqla, şurada konsensus təmin edilməlidir.

Faktlardan biri də odur ki, bu müsəlman təşkilatı  Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. BMT Baş Məclisinin 36-cı sessiyasında “BMT ilə İƏT arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilmiş və İƏT 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusuna malikdir. Eyni zamanda, Cenevrədə və Nyu-Yorkda İƏT-in daimi müşahidəçi missiyaları fəaliyyət göstərir. Üstəlik, 2013-cü ilin iyun ayından etibarən İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçi missiyası fəaliyyətə başlamışdır.

O ki qaldı, Azərbaycanın bu qurumla əməkdaşlığına, qeyd etməliyik ki, dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları arasında   İƏT-ə üzv olmaq barədə müraciət etmiş ilk ölkədir.  Yəni  1991-ci il dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir. Həmin faktdan heç bir il ötməmiş – 1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədinə “Ermənistan – Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınmışdır. İKT üzv dövlətləri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında isə “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edilmişdir.
Bildirilir ki, 1994-cü ilin may ayından etibarən – ümummilli lider Heydər ­Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında daimi nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.

Müraciət etdiyimiz mənbələrdə göstərilir ki, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” başlığı altında qətnamənin ilk dəfə 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynamışdır. Sözügedən qətnamə növbəti İKT XİN və Zirvə toplantılarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə qəbul edilmişdir.

Ulu öndərin İslam dünyası ilə əməkdaşlığı daim diqqət mərkəzində saxlamaq ənənəsi Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçımız ölkə rəhbəri vəzifəsinə seçildikdən iki il sonra –  2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirak etmiş və məhz onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransı keçirilmişdir.

Xatırladaq ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – ICESCO,  İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə ICESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, ­Heydər Əliyev Fondunun prezidenti ­Mehriban Əliyevaya ICESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. O da əlavə edilir  ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

Eləcə də 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli sərəncamları ilə İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri üçün öz təhsillərini Azərbaycanın aparıcı ali təhsil müəssisələrində davam etdirməyə təqaüd ayrılmışdır.

Xarici İşlər Nazirliyimizin elektron resurslarında qeyd edilir ki, 2020-ci il sentyabrın 28-də  İƏT “İslam Əməkdaşlığı Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı törətdiyi təxribat və çoxsaylı hücumlarını pisləyir” başlıqlı bəyanatla çıxış etmişdir. Həmin il oktyabrın 14-də isə  İslam Əməkdaşlıq Təşkilatı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı “İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha təsdiqləyir” başlıqlı bəyanat yaymışdır. Cəmi bir həftədən sonra isə İƏT “Baş katiblik Ermənistanın Azərbaycan Respublikasına qarşı hücumlarının dərhal dayandırılmasına çağırır” adlı bəyanat vermişdir. Həmin bəyanatda İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə etmişdir. 

Biz məmnunuq ki, gələn il dövlətimiz bu mötəbər quruma sədrlik edəcək. Həm də əminik ki, Azərbaycan rəhbərliyi bu vəzifənin öhdəsindən də bacarıqla gələcək. 

İttifaq MİRZƏBƏYLİ 

Siyasət